
Dünyada, o cümlədən, Azərbaycanda şair adında peşə, sənət, ixtisas yoxdur. Şairlik istedad payıdır. Ola bilsin ki, şair müəyyən yaş, populyarlıq həddinə çatandan sonra onun mənsubu olduğu ölkənin, xalqın, bəşəriyyətin ədəbiyyatına verdiyi töhfələr qiymətləndirilər, dövlət və cəmiyyət tərəfindən qayğı ilə əhatələnər, əməyinin, yaradılcılığının stimullaşdırılması üçün hansısa tədbir görülər. Amma o vaxta çatmaq, o səviyyəyə yetişmək üçün heç də hamının imkanı, necə deyərlər, start vəziyyəti bərabər olmur. Kimisi təvazökarlığı səbəbindən ictimailəşməkdən, tez-tez obyektivə tuş gəlməkdən çəkinir, kimisi əsas işindən-gücündən, həddən ziyadə ciddilik tələb edən vəzifəsindən aralana bilmir. Burada söhbət təkcə yaradıcılığa vaxt ayırmaqdan getmir. Onsuz da ilham pərisi istedadın dəvətsiz qonağıdır: istədiyi vaxt təşrif buyurur, əli qələmə atmağa vadar edir. Etiraf edək ki, ədəbi cameə təkcə yaradıcılıq məhsullarını qiymətləndirərkən, həm də onların müəlliflərinin vaxtaşırı keçirilən məclislərdə, tədbirlərdə nə dərəcədə fəal iştirak etməsini də nəzərə alır. Bu cür yanaşmanın isə nə dərəcədə ədalətli olmasına münasibət birmənalı deyil. Beləcə, bəzən istedadın daşıyıcısı müəyyən səbəblərdən öz potensialını çiçəkləndiyi erkən çağlarda ortaya qoya bilmir.
Müdrik bir deyim var, qızılın da parıldaması üçün üzərinə işıq düşməlidir. Haqqında söz açdığım şairə Xuraman İsmayılqızı da öz poetik yaradıcılıq nümunələrini işıq üzünə çıxarmaqda bir az ləngiyib. Amma çox yox. Xuraman xanımın başqa gözəl insani xüsusiyyətləri, digər müstəvilərdə, əsasən də sahibkarlıq fəaliyyətində qaazandığı uğurların, insanların sağlamlığının keşiyində dayanaraq əldə etdiyi nailiyyətlərin çəkisi bəlkə də indilikdə müqayisədə yazdığı şeirlərin kəmiyyətindən ağır gələr. Di gəl, onun poeziyasının keyfiyyətinə söz ola bilməz.
Xuraman İsmayıl qızı Muradova – 1965-ci ilin avqust ayının 22-də Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Əslən Laçın rayonundandır.
1972-ci ildə birinci sinifə gedib və 1982-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə ədəbiyyata və rəssamlığa böyük meyli olan Xuraman İsmayıl qızı başqa fənləri də əla qiymətlərlə oxuduğundan, elə 1982-ci ildə Azərbaycan Dövlət Memarlıq Üniverstetinə daxil olub və 1987-ci ildə memar-mühəndis kimi oranı yüksək qiymətlərlə bitirib.
1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb. Əvvəlcə “Laçın” kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə “Laçın” kiçik müəssisəsinin nəzdində 2009-cu ildən “Laçın” Klinikasını qurub. 2014-cu ildə isə “Milan” Hospitalını yaradıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasientlərin sayı günü-gündən artır.
Xuraman xanım on beş ildir ki, tibb sahəsində çalışır, bir sahibkar kimi xalqımıza bu müqəddəs yolda xidmət edir.
Oksford Akademiyasının fəxri professoru, Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvüdür.
Xuraman İsmayıl qızı Muradova şərəfli, qeyrətli və xeyirxah iş qadını olmaqla yanaşı, həm də istedadlı şairədir. Hələ doqquzuncu sinifdə oxuduğu illərdən bədii yaradıcılıqla məşğul olsa da, son illərə qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb. Xalq şairi Nəriman Həsənzadə və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu israrla ona şeirlərini çap etdirməyi rica etdikdən sonra müxtəlif mətbuat səhifələrində və internet portallarında bir-birinin ardınca bır neçə şeiri işıq üzü görüb. Həmin şeirlər oxucular tərəfindən böyük maraqla qarşılanıb. Qısa bir müddətdə Xuraman Muradovanın imzası ədəbiyyatsevərlər arasında məşhurlaşıb. Bir çox şeirləri mahir bədii qiraət ustalarının dilindən səsləndirilib, sözlərinə mahnı bəstələnib. O, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bir neçə dəfə fəxri fərman və mükafatlarla təltif olunub. O cümlədən, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Türk Dünyasının Onur medalı”na, Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “Abdulla Şaiq” mükafatına, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən “Xurşid Banu Natəvan” mükafatına, “Borçalı” nəşriyyatı və “Zirvə” İnformasiya Mərkəzi (www/zirve.info) tərəfindən “Zirvə” mükafatına və s. layiq görülüb. Azərbaycandakı bir neçə məşhur hərbi korpusların, qoşun birləşmələrinin diplomlarını alıb. Türkiyə Cümhuriyyətinin ödülünü almış əsl vətənpərvər azərbaycanlı xanım Şuşa fatehi, Xususi Təyinatlı Qüvvələr komandanı general polkovnik-leytenantı Hikmət Mirzəyev tərəfindən Fəxri Fərmana layiq görülüb. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Azərbaycan Döyüş Sənətləri Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub. “N” saylı Hərbi Hissə komandiri tərəfindən təltif olunub. Vətən muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb. 2017-ci ildə “Lider” TV-də Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi töhfələrə, ailələrin sağlamlığının möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub. Xuraman Muradova, onun rəhbərlik etdiyi özəl tibb müəssisəsi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində şəhid olmuş igidlərimizin ailə üzvlərinə, müharibə əlillərinə, veteranlarına çox güzəştli xidmət, qayğılı münasibət göstərir.
Şairənin “Ürəyim” adlı şeiri onun yersiz tərifi, süniliyi sevməyən qəlb gözəlliyinin, həm də kimlərinsə gözündə ucalmaq üçün yalana meyl etməyən məğrur yaradıcılıq səviyyəsinin təzahürü, təqdimatıdır desəm, bəlkə də yanılmaram:
Yenə cuşa gəlib yazmaq eşqilə,
Dərin xəyallara dalır ürəyim.
Toxunarsa ona bir nadan sözü,
Özünü tez ələ alır ürəyim.
Mənəm deyənləri müqəddəs tutmur,
Nədəndi, kədəri çox tez unutmur,
Hər yana hey qaçır, çox zaman çatmır.
Özüylə baş-başa qalır ürəyim.
Xuraman qəlbinə dəymək istəmir,
Nə görsə gizlədir, demək istəmir,
Özünü heç zaman öymək istəmir,
Gizlicə boşalıb, dolur ürəyim.
Xuraman Muradovanın poeziya yaradıcılığında sevgi işığına boyanmış, məhəbbət motivli şeirlər mühüm istiqamət təşkil edir.
Sənin gözlərini gördüyüm gündən,
Təbiət gözümdə nura boyandı.
Fikrim dumanlandı, qəlbim titrədi,
Ruhumda bir sevgi işığı yandı.
Duymuşdum, biganə deyildin sən də,
Sorğusuz, sualsız olan sevgiyə.
Qəlbimi əlimdən alıb apardın,
Tənha qoydun məni, söylə bəs niyə?!
Bir sabah bir damla şehə dönüb mən,
Sənin qoxladığın gülə qonacam.
Həyatda heç zaman görüşməsək də,
Mən səni səsləyib, səni anacam.
Ömrüm bəzənəcək gül tək, çiçək tək,
Sənin bu gecikmiş məhəbbətinlə.
Üzünü heç zaman görməsəm də mən,
Qoşa gəzəcəyəm səadətinlə.
Xuraman Muradovanın “bir damla səhər şehinə dönüb gecikmiş məhəbbətinin qoxuladığı gülə qonan”, “eşqin qanadlarını yollar üstünə sərərək gecə-gündüz ayrılığın qəsdinə duran” əsrarəngiz poeziyası göründüyü kimi, məcazlardan, metaforalardan yerində, uğurlu şəkildə yararlanmağı məharətlə bacarır. Müəllif işıqlı gələcəyə, yeni, parlaq ideallara cığır açmaqla yanaşı, həm də gözəl keçmiş ənənələrə, böyüklərin – ağsaqqalların, ağbirçəklərin nəsihətlərinə, yadigarlarına həssas yanaşır. Bu mənada “Nənəmin samovarı” şeiri əsl qədirşünaslıq nümunəsi sayıla bilər:
Evimizdə ən əziz,
Ən qiymətli bir şey var.
Nənəmin yadigarı,
İri, sarı samovar.
Bir zamanlar deyərdi,
Mənim mehriban nənəm.
Dili şirin özü şən,
Bağı gülüstan nənəm:
“Gördüyün bu samovar,
Babandan qalıb bizə.
O, çox şahid olubdu,
Xoşbəxt günlərimizə”.
Nənəm köçdü dünyadan,
Onun şən səsi qaldı.
Sanki istəyimizi,
Sarı samovar aldı.
İndi bizim ailədə,
Çox qiymətli bir şey var.
Nənəmin yadigarı
İri, sarı samovar.
Əlbəttə, Xuraman xanım Muradovanın xeyirxah əməlləri, gördüyü saleh işlər indi olduğu kimi gələcəkdə də danışılacaq, yetişməkdə olan nəslə nümunə kimi göstəriləcək. Amma əminəm ki, onun da öz növbəsində nəvələrinə ərməğan edəcəyi ən gözəl yadigarı məhz yazdığı şeirlər, o şeirlərdə ehtiva olunan dərin hikmət, sözlərinin saçdığı nur olacaq. İnanıram ki, Xuraman İsmayılqızının yaradıcılığı dövlətimiz tərəfindən layiqincə dəyərləndiriləcək, öz şəxsiyyəti bir insan materialı kimi öyrəniləcək, yazdığı şeirlər isə ədəbi incilər kimi tədqiq olunacaq.

Yazının müəllifi: Səfər İdrisov
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ NƏZDİNDƏ HUMANİTAR KOLLECİN MUĞAM MÜƏLLİMİ.
