Araz Əsgərli Əhməd Əhmədovun psixoloji vəziyyəti yerində olmadığı halda sürücülük vəsiqəsi alması, taksi idarə etməsi barədə etirazlara münasibət bildirib

Daxili İşlər Nazirliyi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli fevralın 13-də öz ailəsini vəhşi amansızlıqla qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun psixoloji vəziyyəti yerində olmadığı halda sürücülük vəsiqəsi alması, taksi idarə etməsi barədə etirazlara münasibət bildirib.

A.Əsgərli 102info.az-a açıqalamasında deyib ki, sürücülərə sürücülük hüququ əldə etmələri üçün tibbi arayışı verən ən birinci səhiyyə müəssisələridir:

“Hazırda vətəndaşlar üçün tibbi arayışın verilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmin edir. Lakin sürücü vəsiqə aldıqdan sonrakı dövrdə xəstəlik taparsa, bunun da qeydiyyatını aparan qurumlar var.

Vətəndaşlar tibb müəssisəsinə müraciət edirlərsə, bu zaman artıq TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onların səhhətinin nə yerdə olduğunu, xəstəliyini bilir.

Daha kəskin formada desək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əlillik almaq üçün onlara müraciət edənlərin xəstəliklərini əvvəlcədən bilir.

Qurum rəsmisi deyib ki, bu məlumatı ƏƏSMN bildirməsə, sürücüyə ilk diaqnozu qoyan TƏBİB DİN-i məlumatlandıra bilər: “Məsələ budur ki, belə tip informasiyaların bazasına giriş səlahiyyəti iki qurumda var. Bizə bu iki qurum məlumat ötürməlidir, biz də bilək ki, bəli, Əhməd Əhmədovun mövcud sağlamlıq vəziyyəti onun sürücülük hüququnun qüvvədə qalmasına icazə vermir.

Ölkədə sağlamlıqla bağlı rəsmi rəy verən iki qurum var. Başqa bir qurum onların yerinə danışa bilərmi? Biz səhiyyəyönümlü qurum deyilik.

Bir sözlə, bizə rəsmi məlumatlar daxil olmalıdır ki, həmin məlumatlar əsasında sürücülük hüquqları müvafiq qaydada məhdudlaşdırılsın.

Əks halda, xəstə adam sükan arxasında olacaq və idarə etdiyi nəqliyyat vasitəsi ilə özünün, eləcə də ətrafdakı insanların həyatını təhlükəyə atmağa davam edəcək.

Düşünürəm, bu məsələyə hətta qanun çərçivəsində baxılmalıdır. Belə məlumatların mübadiləsi qanuni öhdəlik kimi aidiyyəti qurumların üzərinə qoyulmalıdır.

Bu cür məlumatları təqdim etməyən şəxslər məsuliyyət daşısalar, yaxşı olar”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir