
Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2023-cü il dekabrın 26-da Şəki Dövlət Yol Polisi Mərkəzdə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” və “Nəqliyyat vasitələrinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yol verilməzliyi” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Regional Elmi Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, Ekoloji Coğrafiya Şöbəsinin rəhbəri Yusif Rəhimov, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev və digər alimlər və gənc kadrlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü açaraq, tədbirin keçirilməsində əsas məqsədin, yeniyetmələrin və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi olduğunu bildirib.
`Sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev mövzularla bağlı geniş məruzə edərək bildirib ki, respublika ərazisində yol-nəqliyyat hadisələri təhlil olunduqda 17-29 yaş qrupuna daxil olan gənclərin də hadisə qurbanları içərisində tutumu yüksəkdir. Hər bir gəncin öz bilik və bacarıqlarını formalaşdırmağı ilə yanaşı, nizam-intizamlı olması, xüsusən də həyati əhəmiyyəti yüksək olan yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir.
Dünya statistikası barədə də məlumat verən polis baş leytenantı Tural Niftalıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1.3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. ÜST-ün məlumatlarına görə, dünyada qeydə alınan qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir. Dünyada 16-29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Bu səbəbdən də, yeniyetmələrin və gənclərin maarifləndirilməsi istiqamətində Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktik tədbirlər intensivləşdirilib.
Uşaq və yeniyetmələrin yol qəzalarından qorunması prosesində birgə iştirakçılığa nail olunması gündəlik həyatımızda yol-hərəkəti qaydalarına riayət etməklə azyaşlılara nümunə ola bilməməyimizdə,yekun nəticələrə təsirsiz ötüşməyib.Eyni zamanda,yol hərəkəti qaydalarının öyrədilməsində Dövlət Yol Polisi ilə yanaşı təhsil müəssisələrinin evdə və yollarda isə valideynlərin,ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyü dəfələrlə qeyd olunsa da, bu gün azyaşlıların yol qəzalarında daha çox piyada və sərnişin qismində zərər çəkməsi bu sahədə mövcud vəziyyətin ürək açan olmamasından xəbər verir.Belə ki,Azərbaycan Respublikası ərazisində son 5 ilin göstəricilərini nəzərdən keçirəndə məlum olur ki,yol-nəqliyyat hadisələrinin 40% -dən çoxu piyadaların iştirakı ilə baş verib.
Natiq onu da xüsusi vurğulayıb ki, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktik tədbirlər müsbət nəticə verib. 2023-cü ildə bugünədək olan dövr ərzində xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Tədbir diskussiya şəklində maraqlı və yadda qalan keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Polis baş leytenantı Tural Niftalıyev uşaqların, yeniyetmələrin, və digər piyadaların yollarda arzuolunmaz hadisələrlə üzləşməməsi üçün, bir daha elmi işçiləri, həm valideyn kimi, həm də ictimai fəal ziyalılar kimi, piyada və sərnişin eləcə də sürücü qismində qaydalara əməl etməklə onlara şəxsi nümunə göstərməyə,yol hərəkəti qaydaları haqqında bilik və vərdişlərin aşılanmasında Dövlət Yol Polisinə dəstək göstərməklə fəal olmağa çağırıb.
Tədbirin sonunda, Regional Elmi Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirə görə polis baş leytenantı Tural Niftalıyevə Mərkəzin kollektivi adından minnətdarlığını bildirib və onu “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasında səmərəli fəaliyyətinə görə” Fəxri Fərmanla mükafatlandırıb.







www.102info.az
