Azərbaycanlı qız Fransada keçirilən kulinariya müsabiqəsinin finalına çıxıb – FOTO

Cəmiyyət


Fransada Milli Fransız Subməhsullar Konfederasiyası (Confédération Nationale de la Triperie Française) tərəfindən təşkil edilən subməhsullar üzrə (Championnat d’Europe des Produits Tripiers) 6-cı Avropa Çempionatı keçirilib.

Oxu.Az -ın məlumatına görə, tədbirdə Azərbaycanı Pol Bokyuza İnstitutunun tələbəsi – Bahar Ağamalova təmsil edib.

Qeyd edək ki, o, beş ölkədən 24 aşpazla yarışdığı müsabiqənin finalına çıxıb. Çempionatın son mərhələsində Azərbaycanın təmsilçisi dana dili və quyruğundan dadlı yemək hazırlayıb.

B.Ağamalovanın redaksiyamıza verdiyi məlumata görə, o, bu çempionatda iştirak etməyə şad olub.

“Mənim üçün bu tədbirin mövzusu – subməhsullar mənə çox maraqlı gəldi. Çünki o qədər də cəlbedici və iştahaaçan olmayan bir şeydən siz dadlı və maraqlı bir şey hazırlayırsınız.

Təəssüf ki, mükafatlı yer tutmadım, lakin bu müddət ərzində çoxlu təcrübə qazandım. Belə anlar sizin güclü və zəif tərəflərinizi, nəyə diqqət yetirməli olduğunuzu göstərir. Müsabiqəyə hazırlıq dövründə peşəkar kimi yetişirsən. Bu, onunla bağlıdır ki, qısa müddətdə öz bacarıqlarını təkmilləşdirməli və daha sürətli işləmyə başlamalısan.

Nəticələrindən asılı olmayaraq, bu cür tədbirlər hər bir insan üçün mühüm bir təkandır. Yarışlar müxtəlif ölkələrdən olan aşpazlar və səlahiyyətli münsiflərlə tanış olmağa imkan verir. Təcrübəni bölüşür və yeni bir şeylər öyrənirsiniz.

Vətənimi təmsil etmək mənim üçün böyük şərəf idi. Bu, çox həyəcanlı idi. Bir çox fransızlar üçün onların tanış olduqları ilk azərbaycanlı idim və mənim üçün mədəniyyətimizi, mətbəximizi göstərmək vacibdir. Mən çox şadam ki, Azərbaycanı daha çox tanıda bilirəm”, – deyə o, bildirib.

Qeyd edək ki, 24 yaşlı Bahar Ağamalova uşaqlıqdan yemək bişirməyə həvəsli olub və fransız mətbəxinə maraq göstərib. 2016-cı ildə aşpaz olmaq və təhsil almaq üçün Fransaya getməyə qərar verib.

O, bu ölkəyə 2017-ci ilin avqustunda köçüb və Hotel Biznesi və Turizm Liseyinə (Lycée D’hôtellerie Et De Tourisme St Quentin En Yvelines Guyancourt) daxil olub.

Daha sonra o, şirniyyatçı kimi iki diplom alıb və təhsilini Leondakı Pol Bokyuz İnstitutunda davam etdirmək qərarına gəlib. Gələn il məzun olacağı bu təhsil ocağında o, ilk və yeganə azərbaycanlıdır.

Rufina Abdullayeva

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir