Bu ilki 8 Noyabr – Zəfər Gününü əlamətdar edən ən əhəmiyyətli hadisə, əlbəttə ki, Xankəndidə keçirilən möhtəşəm Qələbə paradı oldu. Dövlətimizin başçısının sərəncamları ilə Vətən müharibəsində Zəfərin əldə olunmasına töhfə vermiş güc strukturlarının əməkdaşlarının məvaciblərinin artırılması da alqışla qarşılandı. O cümlədən, Dövlət Təhlükəsizlik Xidməti işçilərinin də maaşları artırıldı, eləcə də 8 Noyabr – Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirildi. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdilər. Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks etdirən fotostendə baxıb, daha sonra müasir standartlara uyğun şəkildə yenidən rekonstruksiya edilmiş binada əməkdaşların öz xidmətlərini səmərəli təşkil etmələri və əməliyyat imkanlarını daima genişləndirə bilmələri üçün yaradılan hərtərəfli şəraitlə yaxından tanış olublar. Belə bir inzibati binanın istifadəyə verilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulandı, Xidmətin şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edildi.
Bəli, Dövlət Təhlükəsizlik Xidməti 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Qələbənin əldə olunmasında, sonrakı dövrdə Zəfərimizin möhkəmlənməsində mühüm pay sahibidir. Dövlət Xidmətinin rəhbəri cənab general polkovnik Əli Nağıyev isə üç ildir ki, ad gününə təsadüf edən Qələbə gününü ikiqat sevinclə qeyd edir. Bu ikiqat sevinc onun haqq etdiyi ilahi bəxşişdir desək, bəlkə də yanılmarıq…
General polkovnik Əli Nağıyev I Qarabağ müharibəsində erməni işğalçılarına qarşı xüsusi əməliyyatların təşkilində iştirak edib, düşmənə məxsus mühüm obyektlərin konkret əməliyyatlar vasitəsi ilə məhv edilməsini həyata keçirib və təcavüzkarların xislətinə, onların psixologiyasına, mübarizə və davranış xüsusiyyətlərinə kifayət qədər yaxşı bələddir. Bu barədə bir az sonra. Hələliksə, cənab Əli Nağıyevin zəngin və şərəfli bioqrafiyasına göz ataq.
Nağıyev Əli Nağı oğlu 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır.
1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir. O, 2000-2004-cü illərdə AR MTN-nin Əks-kəşfiyyat idarəsinin rəis müavini, 2004-2005-ci illərdə AR MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, 2005-2011-ci illərdə Milli Təhlükəsizlik nazirinin müavini, 2011-2019-cu illərdə isə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 27 mart 2006-cı il tarixli Sərəncamla Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi, 5 avqust 2014-cü il tarixli Sərəncamla III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi, 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə, dövlət başçısının 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 1952 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunmuşdur.
Bu gün general Əli Nağıyevin rəhbərliyi altında Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində üzərinə düşən mühüm vəzifələri uğurla həyata keçirir. Bu qurum şəxsi heyətin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda peşə, fiziki və döyüş hazırlığına xüsusi önəm verilir. Burada yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır.
İndi isə oçerkin əvvəlində oxuculara vəd olunan məsələyə qayıdaq – döyüşçü Əli Nağıyevin haqqında söz açaq. Sosial şəbəkələrdə, bəzi internet platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin Dağlıq Qarabağda gedən döyüşlərdə iştirakını özündə əks etdirən videogörüntülər vardır. Həmi materiallar Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi döyüş yoldaşları ilə birgə 1991-ci il Goranboy – Xanlar əməliyyatlarında iştirakını əks etdirir.
Həmin ərəfələr, yəni, 1991-ci ilin aprelində Çaykəndin azad edilməsi onu azad edənlərdə – yəni DTK və OMON-un döyüşçülərində xüsusi ruh yüksəkliyi yaratmışdı və təbii ki, bu ovqat xalqa da sirayət etmişdi. Ağcakənd (keçmiş Şaumyan) rayonunun şimal hissəsindəki, səfalı guşələr sayılan üç kənd – Erkeç, Manaşid, Buzluq erməni yaraqlılarının hərbi bazasına çevrilmişdi. Bu kəndlərin qonşuluğundakı Sarısu, Todan kəndləri, eləcə də azad edilmiş digər kəndlər hər zaman erməni qüvvələrinin hücumuna məruz qala bilərdi. Bu üç kəndin azad edilməsi Ağcakənd istiqamətində yolu tam açır, perspektivdə Ağdərəyə həm Tərtər, həm də Ağcakənddən daxil olmaq imkanı yaradırdı. Erkeç, Manasid, Buzluğun azad edilməsi DTK-nın xüsusi təyinatlı dəstəsinin və şəxsi heyətinin gücü ilə həyata keçirilməli idi. OMON o dövrdə daha çox Dağlıq Qarabağda əməliyyatlar keçirirdi. 1991-ci ilin iyulun əvvəllərində artıq Todan kəndinin klubunda DTK-nın qüvvələri kazarma yaratmış, hazırlıq işləri başlanmışdı. Hər üç kəndə eyni vaxtda və üç istiqamətdə hücum hazırlanırdı.
İlk günlərdə bizimkilər gözləmədikləri halda ermənilərə dəstək verən soet ordusunun qüvvələri üzləşdiklərindən irinci həmlələrdən kəndləri azad edə bilməmişdilər. Sonradan ciddi, düşünülmüş hazırlıq tədbirlərindən sonra igidlərimizə bu məqsədə nail olmaq müyəssər olmuşdur. Ən çox silahlanan Erkeç kəndi olub. Komandir Ağəli Rəhimovun, Riyad Əhmədovun, Əli Nağıyevin, Akif Rüstəmovun, Qoşqar Hüseynovun və başqalarının şücaəti, qəhrəmanlığı sayəsində düşmən itki verərək qaçmağa başlamışdır. Kəndin erməni sakinləri də yaraqlıların qaçdığını görüb onlara qoşulublar. Humanist döyüşçülərimiz əhaliyə çıxa bilmələri üçün şərait yaradıb. Halbuki, eyni vəziyyətlərdə erməni vəhşiləri dinc azərbaycanlılar – qadınlara, uşaqlara, qocalara divan tutur, öldürürdülər.
İnternetdəki video-material məhz həmin döyüşləri əks etdirir. Aydın görünür ki, Əli Nağıyev və silahdaşları qızğın döyüşdə əldə olunan layiqli qələədən sonra Erkeç kəndini azad edir, kənd sovetliyinin kontor binasının damına Azərbaycan bayrağını sancırlar. Kənd sovetliyinin giriş qapısının üzərində milliyyətcə erməni vəzifəli şəxslərin adlarının yazıldığı trafaretin avtomat-tüfəngin qundağı ilə vurulub çiliklənməsi həmin kadrları izləyən Azərbaycanlılarda eyforik hisslər doğurur. 24 iyul 1991-ci il tarixdə həmin qürurlu anları yaşamış igidlərimizin bir çoxu artıq həyatda yoxdur. Ya sonrakı döyüşlərdə şəhid olmuş, ya da atəşkəsdən sonrakı dövrdə dünyalarını dəyişmişlər.
Video-görüntülərin altından internet istifadəçilər təqdiredici rəylər yazmışlar. Rəşid Namazov adlı internet sitifadəçisi yazıb: “General Əli Nağıyev əsil Azərbaycanlıdir. Vətənini, xalqını, millətini sevən bir şəxsdir. Bu da sübutu. Qıraqdan baxana döyüş asan gəlir. Amma fikirləşmirlər ki, bu insan ölümü gözə alib döyüşüb. Onunla döyüşənlərin çoxu şəhid olub”.
Abit Manafov münasibətini belə ifadə edib: “Damarlarında azərbaycanlı qanı axan hər bir kəs bu igidləri rəhmətlə yad etməlidir. Müharibənin təhlükə və həyəcanını ilk hiss edən bu qəhrəmanların çoxu şəhid olub və ya sonralar rəhmətə gedib. Gəlin, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyək, sağ qalanlarına da can sağlığı arzulayaq. Çaqqal yuvasını dağıdıb, Azərbaycan bayrağını göyə qaldıran bu igidlərə baxarkən, başqa hər hansı bir mənfi duyğular ağlıma da gəlmir”.
General polkovnik Əli Nağıyevin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyinə gətirilməsi də çox müsbət qarşılanmışdır. Hesab olunur ki, Dövlət Komissiyasının sədrinin Qarabağ müharibəsinin aktiv iştirakçısı, veteranı olması səbəbindən malik olduğu bilgilər istər erməni əsirliyindəki vətəndaşlarımızın düşmən əsirliyindən azad edilməsi, girov götürülən vətəndaşlarımızın yenidən öz azadlıqlarına qovuşmasını təmin etmək baxımından, istərsə də hazırda mühakimə edilən müharibə cinayətkarlarının ittiham olunması baxımından olduqca vacibdir.
Hörmətli generalımızı 8 noyabr – Zəfər Günü, 9 noyabr – Bayraq Günü, həm də özünün ad günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, dövlətə, dövlətçiliyə xidmətində yeni-yeni müfəffəqiyyətlər arzulayırıq.
Hörmətlə
Müəllif: Tural Kəlbəcərli
102info.az təsisçi və baş redaktor



www.102info.az
