Ceyhun Bayramov İsveçrə səfirinin etimadnaməsinin surətini qəbul edib – FOTO

Siyasət


Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Tomas Ştehli etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Ceyhun Bayramov səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı yüksəksəviyyəli səfərlərin həyata keçirilməsinin, siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının vacibliyi vurğulanıb.

C.Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarını şərtləndirən amillər, o cümlədən, Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan antiterror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb.

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı qeyd olunaraq BMT rəsmilərinin bölgəyə son səfəri sonrası verilən açıqlamaların da bunun bariz nümunəsi olduğu bildirilib.

Səfir Tomas Ştehli ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir