Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi: “Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində məsələlərə daha tutarlı və təsiredici yanaşmaqdır”
Hüquqi dövlət fəlsəfəsinin mahiyyəti hüquq pozuntularının aradan qaldırılmasında təkcə hüquq mühafizə orqanlarının yox, vətəndaşların məsuliyyətini də özündə ehtiva edir. Çünki neqativ hal varsa, bu vətəndaşı narahat edirsə, qanunauyğun tədbirlər görülür. Buna görə də, ictimai nəzarət polisə xidmətin təşkilində köməkçi vasitələrdən biridir.
İctimai nəzarət mexanizmləri, yəni sosial platformalar polisə ilk növbədə cinayətkarlıqla mübarizədə yeni imkanlar yaradıb. Buna nümunə kimi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ictimaiyyətə edilən çağırışa cavab olaraq Nazirliyin sosial şəbəkə hesablarına göndərilən məlumatlar sayəsində narkotacirlərin yaxalanmasını yada sala bilərik. Beləcə, narkotik təhdidinə qarşı “ictimai müqavimət” formalaşdırılıb.
Ancaq bu proses birtərəfli deyil, yəni polis sosial şəbəkələrə yalnız ictimai sabitliyin qorunması və cinayətkarlıqla mübarizə vasitəsi kimi yanaşmır. Bu resurslardan daha çox vətəndaş müraciətlərinin cavablandırılması, onların üzləşdikləri problemlərə operativ müdaxilə etmək üçün səmərəli istifadə edilir. Bu gün nəinki daxili işlər orqanlarının fəaliyyəti barədə – xidmətə qəbul olma, şikayət, etiraz, təşəkkür, hüquqi yardım alma, hətta heyvanlara qarşı zorakılıq, ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi kimi ən müxtəlif məsələlərlə bağlı istənilən şəxs polisin sosial şəbəkələrdəki səhifələrinə yazır. Nazirliyin çoxminli auditoriyaya malik “instagram”, “tik-tok”, “facebook”, “telegram”, “youtube” səhifələri effektli ictimai nəzarət “aparatına” çevrilib.
Ənənəvi media nümayəndələrilə yanaşı sosial platformalar hazırda hər bir fərdi “repartyora” çevirib ki, bu ictimai diqqətin miqyasını genişləndirib. Heç də həmişə obyektiv olmayan, əksinə, bəzən qərəzli, qeyri-dəqiq, sosial məsuliyyət hissindən uzaq paylaşımlar, görüntülər məhz sosial şəbəkələr üzərində yayılsa da, qanunun aliliyi prinsipinə zidd olan istənilən fakt barəsində vətəndaşlar tərəfindən polisin məlumatlandırılması, yaxud faktın ictimailəşdirilməsi ümumi problemlərlə birgə mübarizə aparılması baxımından ictimai nəzarətin indikatorudur.
Elə bu günlərdə yollarda vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində iştirakını artırmaq məqsədi ilə yol polisinin yeni vatsap nömrəsini aktivləşdirməsi Daxili İşlər Nazirliyinin ictimai nəzarətin güclənməsində nə qədər maraqlı olduğunu bir daha göstərdi.
Polisin xüsusəndə hər bir vətəndaşımızın gündəlik diqqət və
marağında olan yol hərəkəti və təhlükəsizlik qaydaları ilə bağlı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini icra edən
polis mayoru Araz Əsgərli vaxtaşırı olaraq yol hərəkəti qaydalarına və onların pozulmasına dair inzibati xətalar məcəlləsinə edilən əlavə və dəyişikliklər ümumilikdə qanunun tələbləri, yollarda davranış qaydaları və cəmiyyəti maraqlandıran bu kimi vacib məsələlərdə ictimaiyyətə mütəmadi məlumatlar verir.
Araz müəllimlə söhbətimizdə “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, habelə onların idarə edilməsi üçün sürücülük vəsiqəsinin tələb olunması məsələsinə şərh verməsini xahiş etdik. Məmnuniyyətlə cavablandırdı:
- Həmin nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması – faktiki olaraq həm onları idarə edən, həm də digər şəxslərin həyat və sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilib, eləcə də xəsarət, ölüm, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin dinamikasında ciddi artıma səbəb olub. Eyni zamanda, moped sürücülərinin təkcə cari ildə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan pozuntularla əlaqədar vətəndaşlardan daxil olmuş 3000-dən artıq şikayətin hər birində hərəkət iştirakçıları polisdən bu sahədə təsirli tədbirlərin görülməsini tələb edib. Alqı-satqı müqaviləsi əsasında mopedlər DİN-in Baş Dövlət Yol Polis İdarəsində rəsmiləşdirilir. Əgər moped hissə-hissə ödəmə (kredit) ilə alınıbsa, qeydiyyat məsələsi satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə həll edilir. Heç bir sənədi olmayan moped sahibləri isə həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu yalnız məhkəmə qərarı əsasında rəsmiləşdirə bilərlər. Zəruri halda polis əməkdaşları öz səlahiyyətləri daxilində moped sürücülərinə bütün lazımi köməklikləri də göstərirlər.
Növbəti sualımız polis işçilərinin sükan arxasında mobil telefondan istifadə etməsi, təhlükəsizlik kəmərini taxmaması kimi hadisələrin cəmiyyətdə müzakirəyə çevrilməsinə münasibət bildirməsini xahiş etdik. A.Əsgərli bildirdi ki, polis xidməti maşınında ratsiya ilə danışa bilərsə, demək ki, telefonla da danışa bilər: - Müasir ratsiya elə həm də telefondur. Polisə bu imkanlar elə operativ olmaq üçün verilir. Hadisə baş verdikdə əlaqə saxlayıb, dərhal müdaxilə edə bilməsi üçündür. Bu gün bu müzakirələr əslində məlumatsızlıqdan cəmiyyətimizdə müzakirə olunur. Xidmətdir, elə olur ki zərurətlər, dərhal müdaxilələr bəzən qaçılmaz olur. Həmişə demişik polis mürəkkəb şəraitdə çevik qərar qəbul etməyə borclu olan orqandır. Mobil telefonla əlaqə yaratmaq isə tam qanuni və müzakirəyə ehtiyac olmayan bir reallıq və aksiomadır. Məntiqlə düşünək bəlkə ratsiyada problem yaranıb və ya zəng olunası adamın ratsiyası cavab vermir və ya heç ona xidməti zərurət olmadığı üçün ratsiya təhkim olunmayıb. Baxın, bütün mobil operatorlardan belə operativ xidmətlərə zənglər ödənişsiz və fasiləsizdir. Yəni, sadə vətəndaş üçün də ekstremal şəraitdə qanun pozuntusu ola biləcək vəziyyətlərdə belə hüquqi qiymət verilərkən son zərurət halı kimi buna icazə verir. Bunlar mənim şəxsi fikrim deyil, sadəcə, qanunları düzgün bilmək, məsələlərə savadlı formada qiymət verməyi bacarmalıdır cəmiyyətimiz. Bəli, kimsə polis formasında oturub şəxsi maşınında telefon qulağında danışırsa, bu halda o qayda pozuntusudur. Polisə, hərbi qulluqçuya bəzi hallarda “düşmən” kimi yanaşmaq lazım deyil, dövlət və dövlətçilik prinsiplərini klaviatura qəhrəmanlarının müzakirəsində dərk etmək və fikir formalaşdırmaq, baxın, bu, əsl faciədir. Polisi və qanun keşikçilərini müzakirə etmək onları nüfuzdan salmaq üçün aparılan propaqandaların heç kimə xeyri yoxdur. İnsanlarımız, ümumilikdə cəmiyyətimiz özləri qanuna riayət etməyin təbliğatını aparmağa maraqlı olmalıdır ki, sivil cəmiyyət formalaşdıra bilək. Polis və digər operativ nəqliyyat vasitələri həmçinin, YPX əməkdaşları şəhər mehitində yəni magistiral yollar istisna olmaqla kəmər taxmaya da bilər. Təcili bir hadisədə kəmər bağlana, kilidlənə bilər. Bu, əslində üstünlük deyil, əksinə, operativ sahələrdə olan insanların əlindən alınıb xidmətə qurban verilən hüquqlarından biridir.
Araz Əsgərli qeyd edib ki, ümumiyyətlə yol hərəkəti qaydalarının müasir tələblərə cavab verməsi və həmin qaydaların pozulmaması üçün inzibati məsuliyyət formalaşdıran hallar üzrə
qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində məsələlərə daha tutarlı və təsiredici yanaşmaqdır.
Hər bir vətəndaşımız bütünlükdə hərəkət iştirakçılarının daim diqqətinə çatdırmaq istəyirik ki, yollar məsuliyyətli münasibəti, diqqəti, intizamı və ayıq sayıqlığı sevir əks halda edilən səhflərin bədəli həyat və sağlamlığın itirilməsi geriyə dönüşü olmayayan sonrakı prşmançılıqlarda ola bilir. Hər kəsi öz taleyinə biganə yanaşmayıb qanunlara və qaydalara riayət edib sağlam və təhlüləsiz yaşamağı seçməsini xahiş edirik. Tural Kəlbəcərli 102info.az təsisçi və baş redaktor.

www.102info.az
