Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında iki oyunda dörd xal toplayan “Tottenhem” “Bornmut”un qonağı olacaq. Matç saat 15:30-da (bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) başlayacaq.
Saat 18:00-da isə daha iki maraqlı qarşılaşma keçiriləcək. Maksimum nəticə ilə davam edən “Arsenal” öz meydanında “Fulhem”i sınağa çəkəcək. Üç xal toplamağı bacarmış “Mançester Yunayted” isə “Nottingem Forest”i qəbul edəcək.
Fransa Liqa 1-də “Marsel” öz meydanında “Brest”lə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 21:00-dan səslənəcək. İki matçda cəmi iki xal əldə etmiş PSJ ilk qələbəsini “Lans” üzərində qazanmağa çalışacaq. Son çempionun oyunu saat 23:00-da başlayacaq.
Almaniya Bundesliqasının II turunda Dortmund “Borussiya”sı səfərdə “Boxum”la görüşdə ardıcıl ikinci qələbəsini qazanmağa çalışacaq. Matç saat 17:30-da start götürəcək.
İtaliya A Seriyasında mövsümə qələbə ilə başlayan “Milan” bu dəfə “Torino”nu sınağa çəkəcək. Digər maraqlı qarşılaşmada “Roma” “Verona”nın qonağı olacaq. Hər iki görüş saat 22:45-də başlayacaq.
İspaniya La Liqasında mövsümə uğursuz başlayan, iki oyunda xal qazana bilməyən “Sevilya” “Jirona”nı qəbul edəcək. Oyunun start fiti saat 23:30-da səslənəcək.
Türkiyə Super Liqasında bu gün baş tutmalı olan “Qalatasaray” – “İstanbulspor” matçı “sarı-qırmızılar”ın avrokubok oyunlarına görə təxirə salınıb. “Trabzonspor” – “Rizespor” qarşılaşması isə saat 20:30-da başlayacaq.
Avropada günün maraqlı futbol oyunları
İngiltərə Premyer Liqası
15:30. “Bornmut” – “Tottenhem”
18:00. “Arsenal” – “Fulhem”
18:00. “Mançester Yunayted” – “Nottingem Forest”
Fransa Liqa 1
21:00. “Marsel” – “Brest”
23:00. PSJ – “Lans”
Almaniya Bundesliqası
17:30. “Boxum” – “Borussiya” (Dortmund)
İtaliya A Seriyası
22:45. “Milan” – “Torino”
22:45. “Verona” – “Roma”
İspaniya La Liqası
23:30. “Sevilya” – “Jirona”
Türkiyə Super Liqası
20:15. “Trabzonspor” – “Rizespor”
Faiq Tahirov
www.102info.az
