“Fransa rəhbərliyi erməni diasporunun təsiri altındadır” – DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Siyasət

“Fransa ilk dəfə deyil ki, Azərbaycana qarşı aqressiv münasibət göstərir. Birinci Qarabağ müharibəsindən 2020-ci ilə qədər olan dövrdə də Fransa həmişə öz mövqeyini açıq-aşkar olmasa da, hansısa formada ortaya qoyurdu. Yəni, məsələnin həlli istiqamətində uğurlu addım atmaq üçün heç bir cəhd göstərməyib. II Qarabağ Müharibəsi zamanı Azərbaycanın əldə etdiyi qələbə təbii ki, Fransanı və digər ermənipərəst qüvvələri narahat etməyə başladı. Bunun bir çox səbəbi var. Həmin səbəblərdən birincisi odur ki, bugünkü gündə Fransa rəhbərliyi demək olar ki erməni diasporunun təsiri altındadır. İkinci səbəb Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsində Fransa əsas rol oynamağa çalışır”. Bu sözləri 102info.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür: “Eyni zamanda, həm əvvəl, həm də indi Fransanın münasibətini və mövqeyini açıq-aşkar gördüyü üçün Azərbaycan onun Ermənistanla olan görüşlərdə iştirakını qəbul etmir. Fransanın bu məsələdə mövqeyi bəllidir. Ermənistan görüşlərdə başqa, görüşdən kənar isə tamam başqa cür danışması da məhz fransasayağı qüvvələrin təsirindən irəli gəlir.

Dünya ictimaiyyəti də artıq bilir ki, Azərbaycan müstəqil suveren bir dövlətdir. Yalnız dövlətlərarası razılaşma olduqdan sonra Azərbaycan ərazisinə hər hansı başqa dövlətdən yük daxil ola bilər. Amma Azərbaycanla heç bir danışıq aparmadan Ermənistan humanitar yardım adı altında oraya maşınlar toplayırsa, bu, yalnız dünya ictimaiyyətinin diqqətini çəkmək üçün atılmış bir addımdır”.

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistanın əsl üzü bütün aparıcı dövlətlərə, beynəlxalq qurumlara bəllidir: “Elə başa düşürəm ki, Ermənistanın Qarabağda yaşayan ermənilərin blokadaya alındığını göstərməsi qəbulolunmazdır. Bu gün Azərbaycan təklif edir ki, hər bir azərbaycanlı kimi Qarabağda yaşayan və vətəndaşlığımızı qəbul etmiş ermənilərin hüquqları da qorunacaq. Eyni zamanda, onlara daha əlverişli olan Ağdam yolundan istifadə etmələri də təklif olunur. Ancaq Ermənistan məqsədli şəkildə dünya ictimaiyyətinin diqqətini yayındıraraq oyunlar oynayır. Amma düşünürəm ki, bunlar keçərli deyil. Artıq erməni siyasətinin iç üzü bəllidir. Ermənistan müstəqil siyasət yürüdə bilmir, havadarlarının otur deməyi ilə oturur, qalx deməyi ilə qalxır. Ermənistan Azərbaycanın verdiyi təkliflərdən nəticə çıxarmalı və sülh sazişinin imzalanmasını uzatmamalıdır. Bu, həm Ermənistan, həm Azərbaycan, həm də ümumilikdə region üçün xeyirli olar”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir