YASAMAL POLİSİ PEŞƏ BAYRAMINI XİDMƏTİ FƏALİYYƏTDƏ QAZANILAN NAİLİYYƏTLƏRLƏ QARŞILAMAĞA HAZIRLAŞIR.
İyunun 14-də Daxili İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanlarının paytaxt qurumları rəhbərlərinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, iclasın işinə uğurlar arzulayıb. O, gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə uzlaşan vəzifələrə uyğun olduğunu qeyd edib, paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib.
Qonaqların nəzərinə çatdırılıb ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində əldə olunan müsbət nəticələrin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib, ölkəmizin paytaxtı Bakı şəhəri beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin, o cümlədən zirvə görüşlərinin, konfransların, humanitar forumların, dünya və Avropa çempionatlarının keçirildiyi məkana çevrilib.
Paytaxt polisi və bu böyük qüvvənin tərkib hissəsi olan Yasamal Rayon Polis İdarəsinin şəxsi heyəti 2023-cü ilin ötən dövrünü böyük uğurlarla – peşəkarlığın artırılması, intellektual səviyyənin yüksəldilməsi, cinayətkarlığa qarşı mübarizənin kəskinləşdirilməsi, dövlətçiliyin əsas dayaqlarının qorunması, sivil cəmiyyət üçün xarakterik olan insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlərlə başa vurub. Respublikamızın paytaxtı Bakının polis orqanlarının qabaqcıl dəstəsindən olan Yasamal Rayon Polis İdarəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.
Yasamal RPİ-nin şəxsi heyəti bu gün rayonda hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür. Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Təqdirəlayiq haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.
Yasamal rayonunda gənclərin narkotik maddələrdən cəkindirilməsində polis böyük səylə əmək sərf edir. İdarə və onun bölmələrində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilir. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır.
Yasamal RPİ-nin bütün şöbələri kimi, Dövlət Yol Polisi Şöbəsi rayon ərazisində yol hərəkəti qaydalarına nəzarəti yüksək səviyyədə təşkil edib. Cinayətkarlıqla mübarizə, ictimai asayişin pozulması hallarının qarşısının alınması, yol hərəkətinin təhlükəsizliyinin təmini işində ayıq-sayıq olan Yasamal RPİ –nin DYP Şöbəsi ötən davamlı olaraq uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə tədbirlər təşkil edir, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması məqsədi ilə reydlər keçirir, sürücülərə keçirilən tədbirlərin ekoloji duruma müsbət təsiri barədə ətraflı məlumat verilir.
Əmin olmağa dəyər ki, 2 iyul – Polis İşçisi Gününü xidməti fəaliyyətdə qazanılan çoxsaylı uğurlarla qarşılamağa hazırlaşan Yasamal Rayon Polis İdarəsinin şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəklər.
Müəllif: Yusif İbadov 102-ci qəzet, baş redaktorun 1 -ci müavini.
www.102info.az
