Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə işi əsasən Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli Fərmanı, Nazirlər Kabinetinin aidiyyəti Qərarları və Daxili İşlər Nazirliyinin əmr və göstərişləri ilə tənzimlənir.
AR Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli, 71 nömrəli qərarı ilə Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair Ümummilli Məlumat Bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydası müəyyənləşdirilmişdir. 16 fevral 1992-ci ildə DİN-in strukturunda yeni bir idarə kimi, Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü tarixli, 83 nömrəli Fərmanı ilə idarə «Baş Narkotiklərlə Mübarizə İdarəsi»nə çevrilmişdir.
Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçilik və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və xətt polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən müstəqil struktur hissədir.
Baş Narkotiklərlə Mübarizə İdarəsi respublikada narkotiklərlə bağlı cinayətkarlığın vəziyyətinin öyrənilməsi, təhlil edilməsi, bu növ cinayətlərin qarşısının alınması və açılması sahəsində əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi, tabelikdəki regional qurumlarında, habelə ərazi və xətt polis orqanlarında qanunvericiliklə müəyyən edilmiş, DİN-in normativ hüquqi aktlarından irəli gələn funksiyaların yerinə yetirilməsinin təşkil edilməsi; narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın vəziyyətinin təhlil edilməsi, kriminogen durumun operativ və uzunmüddətli proqnozlarının, işin səmərəsinin artırılması məqsədilə təkliflərin hazırlanması; əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində tabelikdəki regional qurumların, şəhər-rayon və nəqliyyatda polis orqanlarının müvafiq xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi; müəyyən edilmiş qaydada aidiyyəti nazirlik və komitələrdən məlumatların alınması, təhlili və ümummilli məlumat bankına daxil edilməsinin təmin olunması kimi vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov vaxtaşırı keçirdiyi müşavirələrdə DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verir, qarşıda duran yeni vəzifələrdən danışır. Cənab nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edir, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayır, baş idarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin effektiv təşkilini, əməkdaşların peşəkarlığının, tapşırılan sahəyə cavabdehliynin artırılmasını, tələbkarlıq və nəzarətin daha da gücləndirilməsini tələb edir, narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan şəxslər barədə əməliyyat məlumatlarının əldə edilməsinin, onların ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməsinin, bu sahədə xarici dövlətlərin müvafiq qurumları ilə informasiya və təcrübə mübadiləsinin daha səmərəli qurulmasının vacibliyini diqqətə çatdırır.
Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir. Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə – kokain, heroin, tiryək, marixuana, psixotrop maddə – metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.
Bildiyimiz kimi, 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Bununla əlaqədar Baş İdarə yerlərdə icra hakimiyyətlərində, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində elmi-praktik konfranslar, maarifləndirici tədbirlər keçirir. Tədbirlərdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun üzvləri, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, gənclər, məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Maarifləndirici tədbirlərdə narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışılır, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırırlar. Problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işinin genişləndirilməsi olduğu vurğulanır, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğun bildirilir. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu xüsusilə qeyd edilir.

www.102info.az
