Cənab Cavid Qurbanov və azad Kəlbəcərin sındırılmış “2 aprel sindromu”

Baş səhifə Maraqlı

Yəqin hamı razılaşar, hər hansı məqaləyə, oçerkə gözü sataşan oxucunun marağını çəkən əlamətlərdən biri yazının dərc olunduğu tarix olur. İstər-istəməz yaranan sullardan biri də bu olur: “Nəyə görə məhz indi?” Oxucu qeyri-ixtiyari mövzu ilə tarix arasında əlaqə tapmağa çalışır və çox vaxt da bu əlaqəni taparaq öz fəhmini alqışlayır. Elə isə gəlin məh o məqamdan başlayaq!
Zatən bu ayın ilk təqvim səhifəsinin dünyada “gülüş günü” kimi qeyd edilməsi heç vaxt haqqında söz açdığım bu ciddi və məşğul adamı qayğılarından ayırmayıb. Əvvəllər, daha dəqiq desək, 1993-cü ildən 2020-ci ilədək aprel ayının ilk günləri çox hörmətli Cavid Qurbanov üçün kədərqarışıq qayğı içində keçirdi. Çünki aprelin 2-si Kəlbəcərin mənfur düşmən tərəfindən işğalı günü kimi qeyd olunurdu və Cavid müəllim də dogma Kəlbəcərindən məcburən köçkün düşmüş həmvətənlərinin hüznünə şərik olurdu.
2016-cı ilin aprel ayının 3-4-də bu sindromun qırılmasına işarə olan Aprel döyüşləri baş verdi və düşmən ilk dəfə Azərbaycan Ordusunun gücünü gördü. 2020-ci ilin payızında baş verən Vətən müharibəsi nəticəsində isə tarixi torpaqlarımız, o cümlədən Cavid müəllimin doğma yurdu Kəlbəcər rayonu, Ağdaban kəndi yağı tapdağından azad edildi. Beləliklə, 1992-ci il aprelin 2-si tarixdə Kəlbəcərin işğalı günü kimi qalsa da, bağışladığı neqativ təsirin yerini təqvimin şanlı səhifələri – 8 Noyabr – Zəfər günü, 25 noyabr – Kəlbəcərin azad olunması günü müsbət təəssüratlarla doldurdu. Kəlbəcərin qeyrətli oğlu Cavid Qurbanovun məqsədi, məramı indi də bu eldə həyata keçirilməkdə olan dinc quruculuq işlərinə yönəlib.
Bu il aprelin ilk günündə xəbər yayıldı ki, Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib. Bu isə o deməkdir ki, Cavid Qurbanovun hazırda daşıdığı və indiyədək daşımış olduğu bütün digər vəzifələr kimi bu işin də öhdəsindən gələcəyinə inanırlar, ona etimad göstərirlər. O isə federasiyanın son seçki konfransında söz verdiyi kimi, ölkəmizdə atletikanın inkişafı üçün əlindən gələni əsirgəməyəcək.
Oçerkimin qəhrəmanının həyatı, ailəsi, ictimai-siyasi fəaliyyəti barədə istər mətbu, istərsə də əlçatan internet məkanında kifayət qədər informasiya olsa da, yenə də bəzi vacib məlumatları xatırlatmağı özümə borc bilirəm:
Qurbanov Cavid Qənbər oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980–1981-ci illərdə “Azəryollayihə” Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə “Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987–1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992–1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor vəzifəsində çalışmışdır.
İki övladı var. İlk həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat etmişdir.
Aşıq Qurban Ağdabanlının nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun oğludur.
1993–1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996–1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997–2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutmuşdur. Texnika elmləri namizədidir.
123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvü olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuşdur. O, 24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. 1 Aprel 2023-cü il tarixdən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.
Cənab Cavid Qurbanovun barəsində ictimai rəy əsasən belə olub ki, o, harada işləyibsə, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. Bu məqam Cavid müəllimin haqqında deyilən bütün fikirlərin, yazılan bütün oçerk və məqalələrin əsas qayəsini təşkil edib.
Cavid Qurbanovun ADDY QSC-yə rəhbərlik etməyə başladığı 2015-ci ildən bəri Cavid Qurbanov ölkə Prezidenti tərəfindən dəmiryol rəhbərliyinə təyin olunandan sonra bu sahədə sözün həqiqi mənasında baş verən canlanma, səliqə-səhman, dəmir yollarımızın tamamilə yenidən qurulması, dünya standartları səviyyəsinə çatdırılması, dəmir yollarında çalışan minlərlə işçilərin rifah səviyyəsinin yüksəlməsinə xidmət edən tədbirlər, yeni kadrlara üstünlük verilməsi, fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqinin genişləndirilməsi, idarədə bütün sənədləşdirmə işlərinin elektronlaşdırılması və s. daim təqdir olunub.
Cavid müəllimin həm də Milli Məclisin deputatı kimi seçicilərinin ümidlərini doğrulması, parlamentdə əhalinin xeyrinə olan məsələləri hər zaman gündəmə gətirməsi, deputat seçildiyi Kəlbəcər əhalisi ilə daim görüşməsi, onlara yardımlar etməsi, Aşıq Qurban Ağdabanlının nəticəsi kimi mənsubu olduğu şərəfli nəslin nəcib xüsusiyyətlərini daşıyaraq məcburi köçkün düşmüş ellilərinin problemlərinin həlli üçün əlindən gələn köməkliyi əsirgəməməsi həmişə alqışlanıb.
Cavid Qurbanovu dövlətçi, etibarlı, daşıdığı ideyalara, mənəvi dəyərlərə çox sadiq insan, həm gözəl ailə başçısı kimi, həm də yaradıcı şəxsiyyət kimi xarakterizə olunub. Rəhmətlik babası Dədə Şəmşirin yaradıcılıq istedadı, şeir yazmaq bacarığı ona da keçib. Dədə Şəmşir irsinə ehtiram göstərən qələm adamları da Cavid müəllimin səxavətindən pay alıblar. O, neçə-neçə istedadlı gəncin pərvazlanmasına vəsilə olub.
Xalqımızın öz milli dəyəri – Dədə Şəmşir ocağının yadigarı kimi qəbul etdiyi Cavid müəllimin Vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qimətləndirilib. O, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Və sonda müşahidəli oxucunun diqqətindən qaçmayacaq, yəni axtarmağa qərar versə tapa biləcəyi bir nüansı təvazökarlıqdan uzaq olsa da, özüm etiraf etmək istəyirəm: Bu sətirlərin müəllifi oçerkinin qəhrəmanının həmkəndlisidir, onun uğurlarına sevinən, dövlətə, dövlətçiliyə, xalqımıza göstərdiyi xidmətləri təqdir etməyi özünə borc bilən qələm adamıdır.

Yazının müəllifi: Tural Kəlbəcərli 102info.az baş redaktor

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir