Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) təşəbbüsü ilə “ Polisimizlə bir gün” adlı tədbir keçirilib. Rayon Polis Şöbəsinə gələn məktəblilər polisinin xidməti ilə yaxından tanış olublar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 102info.az-a verilən məlumata görə, şagirdləri inzibati binanın sıra meydanında qarşılayan RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov, onlara RPŞ-nin müxtəlif xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar haqqında geniş məlumat verib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışıb.
Polis Şöbəsinin inzibati binasında davam edən tədbirdə məktəblilər konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olublar, Növbətçi hissənin iş prosesini izləyiblər. Məktəblilərə izah olunub ki, burada polis edilən müraciətlərə təxirəsalınmaz və operativ şəkildə yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür. Daha sonra şagirdlərə torpaqlarımızın azadlığı uğrunda canından keçən polis şəhidlərimiz haqqında geniş məlumat verilib.
Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.








www.102info.az
