“Müasir dünyada enerjinin əhəmiyyəti getdikcə artmaqdadır. Dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir”.
Milli Məclisin deputatı Aqil Məmmədovun sözlərinə görə Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan möhkəm təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir: “Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Enerji keçidi prosesinin rasional idarəedilməsidir. Ona görə də bu gün Azərbaycan enerji böhranı yaşamır. Enerji müstəqilliyi tam təmin edilib. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir”.
Prezident İlham Əliyevin fevralın 13-də müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı ilə əlaqədar mərasimdə bildirdiyi kimi “Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”.
Millət vəkilinin sözlərinə görə həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini diqtə edir: “Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda çox mühüm tədbirlər təsbit edilmişdir. Həmçinin Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir. Yeni tikiləcək stansiyanın ölkəmizin, həmçinin digər tərəfdaş ölkələrin enerji təchizatında, enerji təhlükəsizliyində əhəmiyyətli rolu olacaq”.
Millət vəkili bildirib ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil: “Azərbaycanla İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisinə qalxıb. İtaliya bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. İki ölkə arasında çoxşaxəli əməkdaşlıq sahəsində energetika xüsusi yer tutur. İstər Azərbaycanın neftinin, istər qazının Avropaya nəqlində İtaliya bazarının müstəsna rolu var. Bir neçə ölkə İtaliya vasitəsilə Azərbaycan qazını alır”.
A.Məmmədov bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə İtalya şirkətləri də quruculuq işlərinə cəlb olunub ki, bu da yeni mərhələdə iki ölkənin birliyinə, əməkdalığına yeni töhfələr verəcək”.
www.102info.az
