Nurlan Şakiroğlu: “Davamlı iqtisadi inkişaf və sosial sahədə atılan addımlar Azərbaycanın uğurlu inkişafının sübutudur”

Siyasət

Bildiyimiz kimi hazırda dünyada qlobal səviyyədə tənəzzülün yaşandığı, siyasi münaqişələrin baş verdiyi bir dönəmdə, eləcə də ölkəmizdə postmüharibə və postpandemiya dövrü olmasına baxmayaraq, Azərbaycanda ümumi iqtisadi dinamika, iqtisadi göstəricilər müsbət xətt üzrə artmaqdadır. Bu artım tempi 2022-ci ildə də öz aktuallığını qorumuşdur.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində 2022-ci ilin nəticələri ilə bağlı açıqlama verərkən ölkəmizdə Ümumi Daxili Məhsulun rekord həddə çatdığını vurğulamışdır. Belə ki, ÜDM ilk dəfə olaraq 134 milyard manata çatmışdır ki, bu da təxminən 80 milyard ABŞ dollarına bərabərdir.
Qeyd olunanlarla yanaşı ölkəmizin xarici ticarət dövriyyəsi ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 50 milyard dolları ötüb keçmişdir. Hazırda xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Bununla yanaşı ölkəmizin xarici borcları da kifayət qədər azalmışdır. Belə ki, ötən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, 2022-ci ilin yekunlarına görə bu göstərici 9,5 faizə qədər aşağı düşmüşdür. Müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu göstərici 100 faiz, hətta 130-150 faiz civarındadır. Bu bizim iqtisadi cəhətdən müstəqil olduğumuzu xarakterizə edir.
İqtisadi sahədə əldə olunan nailiyyətlərin digər sahələrə, xüsusilə sosil sahəyə yönəldilməsi Prezident İlham Əliyevin ən böyük uğurudur. Ölkə rəhbərliyinin siyasətinin təməlində insan faktoru mərkəzdə olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Məhz bu il də – 1 yanvar 2023-cü il tarixindən pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırılaraq 240 manatdan 280 manata, minimum aylıq əməkhaqqı isə 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Xüsusilə qeyd edilməlidir ki, ümumilikdə son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub ki, həmin artımlar da 1,9 milyon vətəndaşı əhatə edəcək.
Qeyd etdiyimiz kimi hazırdadünyada baş verən geosiyasi proseslər-müharibələr, təbii fəlakətlər, iqlim dəyişikliyi və digər qlobal problemlərin yaratdığı iqtisadi təlatümlər fonunda Azərbaycan iqtisadiyyatının dinamik və çevik inkişafı, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması üçün atılan mühüm addımlar Azərbaycanın davamlı inkişaf yolunda olmasını bir daha sübut edir.
Nurlan ŞAKİROĞLU,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir