YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovla görüş keçirdi. Görüşdə universitetin İdman Klubunun sədri Xəqani Umudov və Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə keçirilən sərbəst güləş turnirində 3-cü yer tutmuş
tələbə idmançı Elşən Babayev iştirak etmişdir. Həbib Misirov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi çətin və şərəfli yoldan, ölkəmizin inkişafı və ərazi bütövlüyünün bərpası uğrunda apardığı siyasi mübarizədən danışdı. O, bildirdi ki, Mərkəzi Aparatın təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş müxtəlif səpkidə tədbirlər və idman yarışları təşkil olunmuşdur. Bu yarışlarda bütün şəhər və rayon təşkilatları öz nümayəndələri ilə təmsil olunurdular. Bizim təşkilat da sərbəst güləş üzrə turnirdə Gəncə Dövlət Universitetinin tələbəsi Elşən Babayevin timsalında 3-cü yeri tutmuşdur.
Universitetin rektoru Yusif Yusifov Yeni Azərbaycan Partiyasının elm və təhsilə göstərdiyi dövlət qayğısından, gənclərin sağlam ruhda böyüməsindən, idmanın inkişaf etdirilməsindən ətraflı bəhs etdi. O, bildirdi ki, Yeni Azərbaycan Partiyası gənclərimiz üçün böyük bir kamillik məktəbidir. Rektor Elşən Babayevi təbrik edərək ona uğurlar arzuladı.
Qeyd edək ki, YAP Kəlbəcər rayon təşkilatını təmsil edən Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və Çağırışaqədərki Hazırlıq müəllimliyi ixtisasının I kurs tələbəsi Elşən Babayev 65 kq çəki dərəcəsində sərbəst güləş üzrə turnirdə iştirak etmişdir. Respublika üzrə sərbəst güləş turnirində ümumilikdə 312 gənc mübarizə aparırdı. Ağcabədi şəhərində təşkil olunmuş zona yarışında Elşən Babayev I yeri tutaraq finala vəsiqə qazanmışdır. Bakı şəhərində keçirilən final mərhələsində o, respublika üzrə 3-cü yeri tutaraq, Yeni Azərbaycan Partiyasının diplomu və medalı ilə təltif olunmuşdur.
Həbib Misirov universitetin rektoru Yusif Yusifova tələbələrə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Elm və təhsilin inkişafında, ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifova YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərman təqdim olundu.


www.102info.az
