Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Siyasət

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam oldu. 30 il çətin və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası hər zaman tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində xalqın böyük sevgisini qazanıb. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbi ilə yaranan partiyadır. 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Naxçıvanda təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 800 minə yaxın üzvün birləşməsi ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Ümummilli liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı xidmətlərindən geniş və ətraflı bəhs etdi.
Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Məşhur “91” ləri qeyd edən möhtərəm Sədr bildirdi ki, Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. 30 ildir ki, ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərən partiyamız bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Son illərin sosial-iqtisadi uğurları, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsi bunun bariz göstəricisidir.Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 il ərzində bütün potensialını dövlətə, xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir.
Qürur hissi ilə deyə bilərik ki, bu gün Ümummilli İider Heydər Əliyev siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Beynəlxalq müstəvidə böyük nüfuz və söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Qələbəmizlə qürur duyur, onun yaratdığı reallıqların həyata keçirilməsinə öz dəstəyini göstərir. 30 illik fəaliyyəti dövründə möhtəşəm qələbələrə imza atmaqla xalqın inam və etimad ünvanına çevrilən Yeni Azərbaycan Partiyasının getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır.
Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazda alternativsiz siyasət aparmaqla Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirdiyini qürurla söyləyən cənab Sədr həmçinin müdrik siyasətimiz nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunduğunu, düşmənlərin məhv edilərək, parlaq Qələbə qazandığımızı ictimaiyyətin diqqətinə çatdırdı. Prezident İlham Əliyevin söylədiyi kimi, xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Bəli,bu gün biz qalib xalq olaraq böyük qürur və iftixar hissi duyuruq ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü ulu öndərimiz Heydər Əliyevin görmək istədiyi müasir, müstəqil,dünyada öz sözünü deyən, qalib ölkədə qeyd edirik.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir