Noyabrın 3-də “Four Seasons”də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçirdiyi “Qadınların İqtisadi Gücləndirilməsi üçün Qadınların Milli Biznes Gündəliyinin (QMBG) işə salınması” adlı tədbirində iştirak etdim.
Qadınların Milli Biznes Gündəliyi (QMBG) layihənin rəsmi qurumlara və ictimaiyyətə təqdim etmək məqsədi daşıyan tədbirdə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə Missiya direktoru Maykl Nirbas çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşdü.
Mən isə çıxışımı təbriklə başladım. Ölkəmiz və xalqımız üçün xüsusi əhəmiyyət daşıyan 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbriklərimi ifadə edərək qalib Azərbaycana qələbələr yaraşdığını bildirdim. Daha sonra Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün yaradılan şəraitdən və dövlətimizin dəstəyindən bəhs etdim. Qeyd etdim ki, müstəqilliyimizi bərpa etdikdən sonra qadın sahibkarlığı yenidən inkişaf etməyə başladı. Bu gün Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində təmsil olunurlar və ictimai cəhətdən kifayət qədər fəaldırlar. Ölkədə sosial-iqtisadi inkişaf səviyyəsində baş vermiş əsaslı dəyişikliklər qadınların bu prosesdə rolunun artmasına səbəb olub. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Çıxışımın sonunda layihənin işinə uğurlar arzuladım və ümidvar olduğumu bildirdim ki, USAİD-in keçirdiyi bu tədbir qadın sahibkarlığının inkişafına öz müsbət töhfəsini verəcəkdir.
Daha sonra AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev çıxış etdi.
Eləcə də QMBG-nin hazırlanması prosesi çərçivəsində görülən işlər və əldə olunan nəticələrə dair təqdimatlar dinlənildi. Təqdimatla çıxış edənlər sənədin qadın sahibkarlar, qadın biznes sahibləri və bütün ölkə üzrə qadın biznes menecerləri ilə məsləhətləşmələr əsasında hazırlandığını, sənəddə qadınlar üçün maneələrin aradan qaldırılması üzrə müvafiq həllər və konkret tövsiyələrin təklif edildiyini vurğuladılar. Habelə QMBG-nin yaradılmasında yaxından iştirak edən AMCHAM (Azərbaycanda Amerika Ticarət Palatası) və digər təşkilat rəhbərlərindən ibarət İdarəetmə Komitəsinin üzvləri QMBG-nin hazırlanmasında mühüm əhəmiyyət daşıyan rəy və təcrübələrini bölüşdülər.



www.102info.az
