Şəhid Nemət Əkbər oğlu Orucov

Qəhraman vətən oğlulları

Şəhid Orucov Nemət Əkbər oğlu 1994-cü il 15 noyabr tarixində Goranboy rayonunun Qaraçılar kəndində anadan olub.Orucov Nemət 2001-ci ildə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil almağa başlayıb. O həm təhsili, həm də tərbiyəsi ilə məktəb kollektivi arasında nümunəvi bir şagird olub.

Şəhid Orucov Nemət 2011-ci ildə orta təhsilini başa vurmuş, 2012-ci ildə isə Azərbaycan Texnologiya Universitetinin Ekologiya mühəndisliyi ixtisası üzrə ali məktəbə qəbul olub.

2016-ci ildə ali məktəbi bitirib və elə həmin ilin iyun ayında hərbi xidmətə yollanıb. 2017-ci ildə xidmətini kəşfiyyatçı kimi başa vuran Nemət, 2018-ci ildə müddətdən artıq hərbi xidmətə yollanaraq xidmətini leytenant kimi davam etdirib.

Orucov Nemət hərbi fəaliyyəti zamanı sərrast atıcılıq qabiliyyəti ilə yoldaşlarından seçilib. O, zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında post komandiri vəzifəsində çalışıb.

Nemətin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündür. Onun hərbiçi olmaq istəməsinin əsas səbəbi də ata-baba yurdunun düşmən tapdağında olması idi. O, Qarabağ torpaqlarını azad edərək, erməni təcavüzkarlarından qisas almaq istəyib.

Orucov Nemət xidmət müddətində qazandığı nailiyyətlərinə görə bir çox fəxri fərmana layiq görülüb .O, 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük ” adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə görə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanları ilə təltif olunub.

Qəhrəman Orucov Nemət hər zaman Mübariz İbrahimovu özünə nümunə götürüb. Şəhidlik zirvəsinə ucalmaq isə Nemətin tək arzusu olub.

Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, ordumuzun əks hücumu zamanı şücaətini göstərərək düşmənin iki postunu darmadağın edib.

Döyüş zamanı Orucov Nemət ağır yaralanıb. Döyüş yoldaşları ona dəstəyə gələrkən gülümsəyib və həmin an əli ilə işarə edərək onlara bu sözləri söyləyib:

“Gəlməyin! Mən şəhadətə qovuşuram.”

28 sentyabr 2020-ci il tarixində şəhid Orucov Nemət son mənzilə yola salınıb. Məzarı Goranboy rayonunda yerləşən Zeyvə kənd qəbirstanlığındadır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Orucov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir