Qiy vuran qartallar yox oldu çəndə…

Qəhraman vətən oğlulları

Qarlı-qanlı Murov,
neçə-neçə Feyruz kimi igidlər qurbanın oldu

Bir vaxtlar “kef üstündə kefimiz” idi. Heç nə haqqında düşünmürdük. Sanki heç kasıblıq da bizə təsir eləmirdi. Öyrəşmişdik olandan-olmazdan tapıb dolanmağa. Dolanışıq dərdi də yox idi, yurd-yuva itkisi də. Zeynəb Xanlarova da oxyurdu: “Dünyanın xoşbəxti mənəm dünyada”.
Deyirlər ki, sən saydığını say, gör Fələk nə sayır“. Fələk heç vaxt yaxşı şey saymayıb, say-seçmələri əlimizdən alanda da şükür eləmişik. Sanki belə olmalı imiş.
“Ağıla gəlməyən başa gələr.” Atalarımızın başına gəlsə də “başmaqçı” olmadılar, yaddaşımıza daş atmadılar ki, biz də ayıq-sayıq olaq.

Aman dağlar, aman dağlar…

Murovdağın o üzündə bütün bunlar haqqında düşünə bilmədik. Axı, biz o qədər xoşbəxt yaşayırdıq ki, bundan “başgicəllənməsi” tapmışdıq? Sovet hakimiyyətinin qurulması da, dağılması da kəlbəcərlilərə baha başa gəlib. Di gəl ki, bəh-bəhnən tərifləmişik. Yəqin əlacımız nə idi?!
Kəlbəcər kimi cənnət-məkanda yaşamaq xoşbəxtliyi bizi “qara günlər”dən uzaq salmışdı. Kasıbçılıq olsa da, heç kimin dərd yox idi sanki. “Bir qarın ac, bir qarın tox”luqdan gileylənən az adam olardı.
…Qəfildən Dəlidağın üstünü qara bulud aldı, göylərimizi duman-çiskin bürüdü. Bəxtəvər kəlbəcərlilərin dilində belə qoşmalar elləri dolaşdı:
Kəlbəcərə şeir qoşanlar da bu qədər çox deyildi. Beş-on nəfər əli qələmlilərimiz var idi. Onları da Murovdağdan bu üzdə az-maz tanıyardılar. Əslində, Kəlbəcər o qədər gözdən-nəzərdən uzaq idi ki, Bakıda belə bir coğrafi məkanın olmasının əhəmiyyəti yada düşmürdü, burada yaşayan üç-dörd kəlbəcərli ailəsindn savayı.

Onlar Murovdağdan aşıb getdilər və…

Kəlbəcərin adı dillər əzbəri olmalı imiş. Sən demə, tanıdığımız Kəlbəcəri olduğu kimi tanımamışıq, tanıtmayıblar. “Elnən gələn qara gün toy-bayram olar”-deyimini qulaqlara niyə sırğa ediblər, hələ də anlamıram. Qara günlərdə birləşdiyimizə, bir olmağı bacardığımıza görə deyiblər yəqin.
Kəlbəcərin yetmiş illik sovet dönəminin son günləri bizi bir olmağa səslədi. Təəssüf ki, bir ola bilmədik. Birləşsəydik, say-seçmə oğullarımızı da, onların doğulduğu Kəlbəcərimizi də qoruya bilərdik.
1993-cü ilin qarlı-şaxtalı qış ayları Kəlbəcər və kəlbəcərlilərə qan-qada gətirdi: aprel ayına kimi çəkilən zülm-zillətlər sanki unuduldu. Daha dəhşətli günlər gəlirdi qarşıdan: Kəlbəcərdən uzaq düşmək, dağlarda-daşlarda məhv olmaq…
Kəlbəcərin tarixində bəlkə də bundan dəhşətli günlər yaşanıb, onu bilmirik, çünki nə danışılıb, nə də yaddaşlara yazılıb. Son fəlakətimiz isə “dastanlaşıb”.
…Belə qəmli sətirləri yazmaq sizə o qədər də asan gəlməsin. Kəlbəcərin mühasirə illərində və sonra onun uğrunda canından keçən kəlbəcərlilərin hər birinin qısa, lakin şərəfli ömürlərindən dastan yazmaq da azdı. Onlar az deyillər. Hər biri üçün də bir “qara nağıl” başlamaq sizə asan gəlməsin. Elələri var ki, hələ də dost-doğmalarının gözləri yollarda, qulağı səsdə qalıb. Axı, nə şəhid olduqları bilinmir, nə də əsir düşmələri. Dərd belə oğulllarınkıdır.
Haqqında söz açmaq istədiyimiz Feyruz Bəyiş oğlu Alışov da belələrindən biridir. 1994-cü ilin yanvar-fevral aylarında aparılan “Murovdağ əməliyyatı”nda bir neçə nəfər dötüşçü dostları ilə “itkin” düşdü. Allah günaha yazmasın! Gənc komandir Kəlbəcərin işğaldan azad edilməsi yolunda canından keçdi. Onu yaxından tanıyanların yana-yana açdıqları sözdən də hiss olunur ki, Feyruz Alışov yurda, doğma el-obaya sədaqətliliyi ilə nümunə olub.
1994-cü ilin qışı yamanca sərt gəlmişdi. Doğma Kəlbəcərindən didərgin salınmış kəlbəcərlilərdən Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşanlar bu sərt havanı daha çox hiss edirdilər. Hacıkənd sanki döyüş meydanını xatırladırdı. Əslində, eləydi. Murovdağın qarlı zirvəsini də ələ keçirən düşməni geri oturtmaq o qədər də asan deyildi, lakin kəlbəcərli gənclər necə olursa-olsun, yağını zirvədən endirmək haqqında düşünür və yollar aramaqdaydı. Təhniz-töhmət onları da bir tərəfdən məhv edirdi. Ağzına gücü çatmayanlar ilk növbədə onları qınayırdılar: “..Yönnü oğuldularsa, niyə Kəlbəcəri ermənilərə döyüşsüz təhvil verib gəlib burda isti yer axtarırlar?! Gedib vuruşub torpaqlarını, ev-eşiklərini, dədə-babalarının qəbirlərini azad eləsinlər də!”
Bundan ağır ittiham ola bilməzdi. Feyruzgilin dəstəsi də bu təhqiredici fikirləri az eşitmirdi. Qəti qərara gəlmişdilər ki, kəşfiyyata çıxsınlar. Düşmənin mövqelərinə sarsıdıcı zərbə vurmaq üçün kəşfiyyat dəqiq məlumat gətirməli idi…

Toyundan bir həftə keçməmiş…

Bu da yanvarın 28-i! Bu tarix, yaddaşa iki əlamətdar hadisə ilə yazılıb. 1992-ci il yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan sərnişin vetrolyotunu düşmən göyün yeddinci qatında vurdu. Yəqin bilirsiniz ki, 42 nəfər birdən o vertolyot qəzasında şəhid oldu. Onların arasında bir kəlbəcərlimiz də vardı. Şuşada texnikumda müəllim işləyirdi. Kəlbəcərin Yanşaq kəndində anadan olmuş Eldarı deyirəm. Bu tarixdə Eldarın da ömrünün son nöqtəsi qoyulub. Allah rəhmət eləsin!
Bu gün həm də Murovdağdan aşıb Kəlbəcəri azad etməyə yollanan və illərdir ki, səs-sorağı gəlməyən, sadəcə, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş, kapitan Alışov Feyruz Bəyiş oğlunun da doğum günüdür!
Doğum günün mübarək, igid komandir! Bu gün sənsiz, qohumların və döyüş yoldaşların sənin doğum gününü yaddaşlara öz ürək sözləri ilə yazırlar. Komandiri yaxından tanıyan dostlarından, bəlkə də qohumlarından biri sosial şəbəkədə yazır: “1993-çü ilin 13 oktyabrında ailə həyatı qurmuşdu Feyruz! Təsadüfü düşmüşdümü bu 13 rəqəmi? Yoxsa, təzəcə ailə səadətinə qovuşmuş bu cütlüyün nakam taleyi idimi?! Yox! Bir komandirimiz, bir döyüş yoldaşımız kimi bunu hər birimiz təsdiq edə bilərik: ölümə doğru getdiyini bilirdi Feyruz, amma, “ölümdən qorxmuram”,-dedi igid, mərd, əvəzsiz komandir. Torpaqlarımızın azadlığı uğrunda canından, hər bir rahatlığından keçdi. Yaxşı yadımdadır. Toyundan bir həftə keçməmiş yenə cəbhəyə döndü, baxmayaraq ki, bir aylıq məzuniyyət verilmişdi: ”Vətən işğalda, torpaqlarımız yağı tapdağında, bizə rahatlıq yaraşmaz”,-dedi.
Axı, onun da haqqı var idi xoş gün keçirməyə. Axı, onun da haqqı idi ki, bəzi nazir balaları kimi, “bal ayı”na getsin… Amma, o, bu rahatlığı Kəlbəcəri murdar yağılardan azad etməkdə görürdü. Biz döyüş yoldaşlarının qəlbində… komandirimiz öz halal haqqını layiqincə almadı: Milli Qəhrəman adına layiq bir döyüşçü olub kapitan Alışov!
Bu gün, bu səhifədə kapitan Alışovun döyüş yoldaşlarının, əsgərlərinin öz xatirələrini necə yazıbsa eləcə də sizinlə paylaşmağı seçdik…”
Tabor komandiri, polkovnik Balay Nəsibov yazır:
-Alışov Feyruzu 1992-ci ilin may ayından “N” saylı tabora qərargah rəisi təyin olunandan tanıdım. O zaman Kəlbəcərdə yerləşən taborlarin birləşərək “N” saylı briqadanın tərkibində yaranan taborumuzda ştata uyğun zabitlərin secilərək vəzifələrə təyin olunması uşun briqada komandirinə siyahılar təqdim olunmali idi. Mən bir qərargah rəisi kimi F.Alışovu yuxarı vəzifəyə, yəni qərargah rəisinin muavini vəzifəsində xidmət etməsi haqqında fikrini soruşdum. Bircə cümlə işlətdi: “çalışaram, etimadınızı doğruldum”
***
Onun haqqında çox danışmaq olar. Taborun döyüş fəaliyyətində danılmaz xidmətləri olmuşdur. Bir epizodu xatırladım: 1993-cü il aprelin 1-dən 2-nə keçən gecə artıq bizimlə olan qüvvələr Dikyurd zastavasında itki verərək, Yolaşan deyilən ərazidə movqelənmişdik. Mənim haldan düşdüyümü görən Feyruz Alışov dedi ki, mövqedə şəxsi heyəti idarə edəcəm, siz 1-2 saat mövqe seçdiyimiz yerin arxasındakı mal tövləsində gözünüzün acısını alın. Dedim ki, Feyruz, axı, sən məndən də pis gündəsən. Mən səni bu vəziyyətdə necə qoya bilərəm? Düşmən bizim 500-600 metrliyimizdədir. Amma neçə gündü yuxusuzluq, yorğunluq bizi əldən salıb. Dedim ki, yaxşı, onda belə edək: postları yoxlayaq, bir-bir 1-2 saat mal tövləsində otun arasında dincələk. Hardasa, bir saat hər birimiz dincələ bildik. Amma artıq düşmənə güc gələcək qüvvələrimiz olmadığından, bacardığımız qədər şərait yarada bilirdik ki, mülki əhali itki vermədən, düşmən gülləsinin hədəfi olmasın. Əhalinin təxliyyəsi zamanı Alışov Feyruzun fədakarlığı haqqında çox danışmaq olar. Onun döyüş yolu şərəfli zabit yolu olmuşdur. O, bütün əsgər və zabitlərin qəlbində həmişə yaşayacaq…”

“Marş, irəli, Azərbaycan əsgəri”
mahnısını çox sevirdi…

Feyruz haqqında yazılmalı, danışılmalı o qədər faktlar var ki, onlar elə bir əsərlik faktlardır. Qəhrəman komandirin döyüş yoldaşlarından biri də Tahir Həşimovdur. Onun da fikirləri fərqli və maraqlıdır. Feyruz Alışovla birlikdə Kəlbəcərdəki “N” saylı hərbi hissədə zabit kimi bir yerdə xidmət edib. Yaxın dost olublar. Deyir ki, Ağdabanda gedən döyüşdə bir yerdə olmuşuq: “…Mədəni səviyyəsi, yüksək davranış mədəniyyəti olan, böyük-kiçik yerini bilən bir insan idi. Onunla Kəlbəcər rayonunda, daha doğrusu, “İstisu” sanatoriyasında yerləşən “N” saylı hərbi hissədə (3-cü korpus, 55 nömrəli otaqda) 7-8 ay bir otaqda qalmışıq. Çox gözəl süfrə yoldaşlığı da vardı. Hər axşam meyvə doğrayıb, söhbət edə-edə yeməyi xoşlayardı. Ən çox zümzümə etdiyi Şəmistan Əlizamanlının ifasında “Marş, irəli, Azərbaycan əsgəri” mahnısı idi.
İnsanlarla tez ünsiyyət quran bir adam idi. Həmişə istəyirdi ki, hərbi hissənin nümunəvi komandiri olsun, seçilsin. Heyf , belə bir dostumu itirmişəm. Allah rəhmət eləsin, arzuları ürəyində qaldı…”
Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən qələm adamları arasında Elxan Salahov kimi vətənpərvərləri az deyil. Peşəkar jurnalisitin son illər itirilmiş yurdlar haqqında qələmə aldıqları oxucularına onu kitab müəllifi kimi də tanıtdı. Elxan Salahovun şəhid komandiri Feyruz Alışov haqqında xatirələrini bölüşməsi təsadüfi deyil. Burada igid komandirin müəyyən xarakterləri də jurnalist qələmi ilə üzə çıxır.

Vətən fədaisi idi…

“…Feyruz Alışovu ilk dəfə 1992-ci ilin fevralında – Kəlbəcər şəhərindəki rus məktəbində yerləşən hərbi hissədə xidmətə başladığım zaman tanımışam. Əsgər və zabit heyəti ilə davranış və hərəkətləri ilə ilk baxışdan tələbkar komandir təəssüratı yaradırdı. Elə mənim də yadımda Feyruz Alışov peşəkar hərbçi, tələbkar komandir kimi qalıb.
O vaxt əsgərlər gün ərzində bir neçə dəfə hərbi hissənin qarşısındakı kiçik meydanda düzülüşə çıxır, hərbi marş sədaları altında təlim-məşq toplantısı keçirilirdi. Sıra düzülüşü zamanı Feyruz Alışovun əsgərlərin geyim qaydalarına əməl edib-edilmədiyini yoxladığını, “Marş, irəli!” mahnısının sözlərini bilməyən, yaxud uca səslə oxumayan əsgərləri önə çıxarıb danladığını ehtiramla xatırlayıram.
Feyruz Alışovu 1992-ci ilin aprelində Ağdaban hadisələrindən sonra daha yaxından tanımaq imkanım oldu. Bu dəfə təkcə hərbi nizam-intizamı sevən tələbkar zabit deyil, həm də sözün həqiqi mənasında vətən fədaisi, əsgərin qayğısını çəkən, yeri gələndə son tikəsini onunla bölüşməyə hazır olan komandir kimi yaddaşıma yazıldı.
Ağdabanda olarkən Feyruz Alışovu tez-tez görürdüm. Ermənilərin bir gecənin içərisində yandıraraq xarabalığa çevirdiyi Ağdabanda evlərə baxdıqca elə dərindən köks ötürürdü ki! İşğalçı ermənilərin Ağdabanda törətdiyi vandalizm hərəkətlərini, düşmənin fitnəkarlığını heç cür həzm edə bilmirdi. “Darıxmayın, Ağdabanın intiqamını düşməndən alacağıq”,-deyə əsgərləri ruhlandırırdı.
Feyruz Alışovu hərbi hissənin zabit heyətində ən zəhmətkeş, döyüşkən, çətinliklərdən qorxmayan, sinəsini qabağa verən biri kimi xatırlayıram. Xarakter etibarlə sakit təbiətli olsa da, əsgərlərə qarşı tələbkar idi. Amma hərbi qaydalara tabe olan, komandirlərin tapşırıqlarını vaxtında və tələb olunan səviyyədə yerinə yetirən əsgələrə qarşı diqqətcil idi. Bu, onun zabit kimi şəxsi keyfiyyətlərinin yüksək olmasından xəbər verirdi. Mən “Kəlbəcər taboru”nda xidmət etdiyim bir il ərzində Feyruz Alışovu belə tanıdım.
Onunla bağlı bir epizodu tez-tez xatırlayıram: 1992-ci ilin yazında Ağdaban kəndində Qrad (BM-21) döyüş qrupunda xidmətdə olarkən qulağımda karlıq əmələ gəldiyi üçün məni hərbi hissənin İstisu qəsəbəsində yerləşən tibb məntəqəsinə gətirmişdilər. Müalicəmlə əlaqədar burada qalası oldum. Bir dəfə tibb məntəqəsindən Bağırov sanatoriyasına tərəf gedərkən Feyruz Alışov qarşıma çıxdı. Yəqin ki, hansısa işlə əlaqədar döyüş zonasından yenicə gəlmişdi, yorğun və qayğılı idi. Hərbi salam verib keçmək istəyirdim. Məni saxladı:
-Sən hələ buradasan?!
Dilim-dodağım əsə-əsə cavab verdim:
– Bəli, komandir!
– Səni qosptala yazmışdılar, axı.
– Bəli, komandir. Gəncəyə göndərməlidirlər, növbə gözləyirəm. Əli ilə tibb məntəqəsini göstərdi:
– Keç içəri görüm..
Pərt halda başımı aşağı salaraq tibb məntəqəsinə tərəf qayıtdım. Alışov isə arxamca gəlirdi. Məni cəzalandıracağından qorxurdum. İti addımlarla elə sürətlə yeriyirdi ki, tibb məntəqəsinə tez çatıb xilas olmaq istəyirdim…
-“Sançast”da əsgər var?!
– Bəli, komandir, 7-8 nəfər var…
Qapının ağzına çatanda “Sən burada gözlə”!- deyib özü içəri keçdi. Beş-on dəqiqədən sonra tibb məntəqəsində müalicə olunan əsgərlərdən 2 nəfərlə geri qayıtdı. Həmin əsgərlərdən biri həmkəndlim Çümşüd Şahbəndəyev idi (Cümşüdün çəkməsi ayağını döyüb yaralamışdı, axsaya-axsaya gəzirdi), digərini xatırlamıram. Əsgər yeməkxanasının qarşısına çatanda Feyruz Alışov bir qədər aralıda dayanmış yük maşınını göstərərək bildirdi ki, bizi zastavalara göndəriləcək silah-sursatı yük maşınına yükləmək üçün aparır. Maşının kuzovunda bir neçə əsgər də vardı. Hamımız maşına qalxdıq, Cümşüd Şahbəndəyev maşına qalxmaq istəyəndə səndələdi, az qala, yıxılacaqdı. Alışov onun çətinlik çəkdiyini görüb “sən deyəsən, yeriyə bilmirsən”,-deyib onu geri qaytardı. Biz isə maşınla aşağı kəndlərin hansısa birinə gedib silah-sursatı döyüş zonasına yola salıb geri qayıtdıq.
Bundan sonra Feyruz Alışov məni bir neçə dəfə maşına silah-sursat yükləməyə apardı. Bir neçə əsgərlə ağır mərmi yeşiklərini nizamla maşına yığır, sonra yenidən hərbi hissəyə qayıdırdıq. İşimizi görüb qurtaranadək Feyruz Alışov, necə deyərlər, nəfəsimizi kəsirdi. Silah-sursat yeşiklərini maşına yükləyib yola salandan sonra isə bizə qarşı elə qayğıkeşlik göstərirdi ki, bayaqkı tələbkarlıqdan əsər-əlamət qalmırdı.
Tale elə gətirdi ki, Feyruz Alışov məndən iki yaş kiçik olan qardaşım Elşadın rota komandiri oldu. Elşad bu hərbi hissədə məndən 4 ay gec xidmətə başlamışdı. Mən həm də 1 il sovet ordusunda xidmət etmişdim deyə, daha təcrübəli idim. Amma hiss edirdim ki, komandirlər Elşadı bir əsgər kimi daha yaxşı tanıyırlar. Bunu onun rota konadiri olan Feyruz Alışov da dolayısı ilə söyləmişdi.
“Get müalicəni qurtar, qospitaldan qayıdandan sonra bizim bölükdə xidmət edərsən, onsuz da Hicran Abbasov (Qrad (BM-21) qrupun komandiri) səni yanına götürməyəcək, qardaşının yanında bizim bölüyün əsgəri olarsan”,-deyə əsgərə qarşı növbəti dəfə qayğkeş münasibətini göstərmişdi…
Aramızda olmasan da, vətən həsrəti ilə döyünən, düşməndən intiqam almaq istəyilə çırpınan qəlbimizdə yerin var, cənab komandir! Bu ehtiramı Sən özün qazandın! Tələbkarlığınla, döyüşkənliyinlə, yeri gələndə qayğıkeşliyinlə bir örnək oldun, əsgərlərinin qəlbində acılı-şirinli xatirələrə çevrildin! Baxın,Murovdağ belə igidlərimizi əlimzidən alıb…”
Mikayıl Rzayev də kapitan Feyruz Alışov haqqında xatirələrini ürək yanğısı ilə bölüşür: “Onu 1992-ci ildən tanıyıram. Alışov Feruz Azərbaycanın ilk ordu qurucularından biri idi. Onun keçdiyi döyüş yolu bir çox əsgərlər kimi, mənə də məlumdur. 1994-cü ildə Kəlbəcərin “İkinci Murovdağ əməliyyatı”ında onun necə qorxmaz igid, vətənpərvər olduğunu hamı kimi, mən də öz gözlərimlə görmüşəm. Onun sonuncu əməliyyatı bəlkə də Azərbaycan Ordusunda görünməmiş bir qəhramanlıqdı. Belə ki, kamandir batalyon olasan, siravi əsgərin gedəcəyi bir kəşfiyyatı özün yerinə yetirəsən! Və bu günə qədər də nə şəhid olduğun, nə də əsir düşdüyün bilinməyə! Bu o deməkdir ki, komandir yaşayır qəlbimizdə, xatirələrimizdə! Murovdağ belə igidlərimizi əlimzidən alıb! Düşmənə öz yerini göstərmək hər birimizin borcumiz idi! Onların qanı yerdə qala bilməz! Feyruz Alışov tək deyildi. Onun yanında Mirzəli, Şahin kimi qorxmaz, cəsur oğullar da var idi, hər biri də xatırlanası igid…”

Farağat komandası…

Bu da Nəsimi Baxışovun xatirələri. Kəlbəcərin Qaraçanli kəndində dünyaya göz açıb. Feyruz Alışovun doğmaca əmisi oğludur. Yuxarı Ayrım zastavasının əsgərlərindən biri olub: “… Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirəm. Kamandirmiz Feyruz Alışov barəsində çox xatirələrim var. Bir çox döyüş yoldaşlarımız yaxşı tanıyırdı. O günlərdən bizi 28 il ayırır. Kiçik bir epizod deyim: bir gün İstisuya qərargaha getdim. Feyruz Alışovla görüşdüm. Söhbət elədiyimiz zaman mənə bir açar verib dedi ki, get mənim otağımdakı qardirobdan bir forma seç, geyin. Çünki hərbi formam köhnəlmişdi. Elə də etdim. Formanı geyinib onun yanına gələnə kimi məni görən əsgərlər hərbi salam verirdilər. Onlar məni Feyruz Alışov hesab edirmişlər. Otağa girdiyimdə ürəkdən güldü. Dedim ki, əmioğlu, başa duşmədim, əsgərlər məni görəndə fərəqət halında dururdular. Bu nə məsələdi? Gülərək dedi ki, əmioğlu, formanı geyinəndə hərbi rütbələri çixarmaq lazımdır da. Anladım ki, söhbət formadaki olan hərbi rütbədən gedir.
Bax, belə idi əmioğlum. Onun yeri həmişə görünür. Vətənpərvər, qayğıkeş, Kəlbəcər sevdalı idi. Bilmirik ki, necə şəhid oldu. O, düşmənə özünü sağ təslim etdirən komandir deyildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.
İbrahimov Natiq Həmid oğlu da Kəlbəcərdə ilk könüllülərdən ibarət batalyon yarananda doğulduğu yurdun keşiyini çəkməyi özünə şərəf bilənlərdən olub. Könüllülər batalyonunun ilk əsgərlərindən biri kimi, o da Feyruz Alışov haqqında xatirələr söyləyir, danışır, yazır ki, gələcək nəsillər kimin kim olduğunu öyrənsin. O, digər döyüşçülərdən fərqli olaraq, Kəlbəcərin işğaldan azad edilməsi istiqamətində aparılan döyüşlərdə Feyruz Alışovla birgə olub. Deyir ki, aradan illər keçsə də, o dəhşətli günlər gözlərim önündən kino lenti kimi keçir: “Feyruz Alışovla bağlı xatirələrim çoxdur. Çünki, Kəlbəcərin işğaldan azad edilməsi yolunda gedən demək olar ki, bütün döyüşlərdə onunla birlikdə olmuşam. Baxmayaraq ki, aradan uzun illər keçib, Alışov mənim yaddaşıma ağırtəbiətli, mülayim, həmişə bizimlə komandir yox, bir dost, qardas kimi yazılıb. Bir xatirəni də qeyd edim. Biz Alaxançallıdan Kəlbəcərə gedəndə dağları aşırdıq. Yolda borana düşdük: külək, qar, çovğun, duman güzümüzü açmağa imkan vermirdi. Komandir bizə möhkəm olmağı, yatmamağı və bir-birimizə yaxın olmağı tapşırırdı. Bizim şəxsi heyətin komandirləri və kəşfiyyatı çıxmaqla, əsgərlərin əksəriyyəti aran rayonlarından idilər: dağ görməyən adamlar. Onların Murovdağ kimi əlçatmaz zirvədə borana duşməsini təsəvvür etmək çətin deyil. Biz cərgəyə düzülüb, bir-birin buşlatının arxasından tutaraq Feyruz Alışovun və kəşfiyyatın qoçaqlığı nəticəsində çıxdıq. Təbii ki, orada kəşfiyyatçı şəhid qardaşımız Eldar Hümbətovun da fədakarlığını qeyd etməsəm günah eləmiş olaram. Biz həmin çətinliklərdən itkisiz çıxa bildik”.
Şamilov Şamxay Cavad oğlu Kəlbəcərin Kilsə kəndində anadan olub, 1963-cü il oktyabr ayında. 1982-1984-cü illərdə Feyruz Alışovla birlikdə Monqolustanda hərbi xidmət keçib. Xatirəsində dostu belə qalıb: “Feyruz çox mərd, səmimi, həm də millətpərəst idi. Əsgərlikdə birlikdə idik. Bir starşinamız var idi. Çox güclü idi. Həm də idmançıydı. Heç kim onun bir sözünü iki eləməzdi. Belə deyək də, “hamının gözünün odunu almışdı”. Bir dəfə Feyruzla sırada güldük. Bizi sıradan çıxardıb dedi ki, gəlin dalımca. Bunun otağının qapısına yaxınlaşanda Feyruz onun çiynindən tutub çevirdi özünə sarı. Üzünə bircə şapalaq vurdu. Burnundan və qulağından qan gəldi. Bununla məsələ həll olundu. Bir daha onu həmin hərbi hissədə görmədik. Feyruz çox cüssəli və qədd-qamətli idi. Heyf… Belə igidlərimizi itirdik. Düşmən bizə sağalmaz yaralar vurub”!
Salmanov Mais Rəhim oğlu Kəlbəcər rayonunun Oruclu kəndindəndir. 1992-ci ildə çağırışla hərbi xidmətdə olanda Feyruz Alışovu komandir kimi tanıyıb. Sonradan öyrənib ki, rəhmətlik nənəsinin qohumlarından imiş. Mais də qorxmaz komandirin kişilik, mərdlik mücəssiməsi olduğunu deyir. Yerlibazlıq, qohumbazlıq ona yad olub. Kəlbəcərin işğaldan azad edilməsi əməliyyatdında Feyruz kimi komandiri itirməsi Maisi də sarsıdıb. Deyir ki, belə uğursuz əməliyyat bizə baha başa gəldi. Feyruz kimi komandirlər qoymazdı düşmən bu qədər Kəlbəcərdə at oynatsın! Heyf!
Bəli, yeni qurduğu ailənin üzünü düz-əməlli görməyən komandiri əsgərləri hələ də axtarırlar. Deyirlər bəlkə düşmən qurduğu tələyə düşdülər onlar. Axı, belə oğulları dağ uçqunu necə apara bilərdi? Hələ də qarlı dağlara qarğayanlar var…
Bəs Fətəliyev Natiq Əhməd oğlu Feyruzu necə xatırlayır, bilirsiz? Onun yazdığı kiçik xatırlamada oxuyuruq: “ Feyruz Alışovla bağlı bir xatirəmi bölüşürəm. O, çox səliqəli və təmkinli bir komandir idi. Elə bil ki, həqiqətən də hərbi üçün doğulmuşdu. 1993-cü ilin fevral ayında Feyruzla Xalid müəllim bizi Lacına aparırdı. Yol boyu çox maraqı söhbətlərimiz oldu. Çox heyf ki, biz hər iki komandirimizi itirdik…”

Arzuları gözlərində donan komandir…

Nəsimi Mehtiyevin Feyruz Alışovla bagli xatirəsində bilirsiz nədən söz açılır? Komandirin öz əsgərinə diqqət və qayğısından. Maraqlı və həm də kövrək xatirədir: “Feyruz Alışovla bir nəfərin arxasınca getmişdik. Oradan çıxıb geri gələndə Kəlbəcərin Qamışlı kəndində, evdən bir az uzaqlaşmışdıq ki, “Ural” maşınımız qəzaya düşdü, aşdı. Maşında 4 əsgər var idi. Ayaqları qalmışdı yük yerinin (kuzanın) altında. Biz onları birtəhər çıxardıq, amma, komandirin silahı qaldı masının içində. Bir gün sonra maşını da düşdüyü yerdən çıxardıq. Düşünürdüm ki, komandir silahının orada qalmasına görə əsəbləşər, tənbeh edər. Amma, o, əlini mənim kürəyimə astaca vuraraq, “olan seydi, qəm eləmə, əsas odur ki, salamatlıqdır. Bura döyüş meydanıdır, hər şeyə hazır olmalıyıq”,-dedi. Bax belə idi bizim komandir: əsgərlərini, döyüşçü dostlarını özündn çox istəyirdi.

Heyf ki…

Qoşqar Tağıyev kapitan Fehruz Alışovu 1992-ci ildən tanıyıb. Lakin Kəlbəcərin müdafiəsində bir yerdə olmayıblar. Kəlbəcərin işğaldan azad edilməsi üçün hazırlanmış “İkinci Murovdağ” əməliyyatında bir yerdə olublar: “Biz Lev kəndində ayrılıb Qaraqaya damında yenidən görüşdük. Orada Feyruz Alışovu bir döyüşçü kimi sanki yenidən kəşf etdim. Alışov da Balay Nəsibov kimi, düzgün qərarla bizi geriyə çıxara bildi. Lakin özü həmin döyüşdə qar uçqununa düşdü. Bax, bu, dəhşətdir! Düşmənə aman verməyən komandirin arzuları gözlərində dondu. Onun haqqında düşünmək belə çətindir. Yoxluğuna inanmıram. Elə bilirəm ki, onlar Kəlbəcərdə hələ də düşmənlə gizli-gizli döyüşür…”

…Əməliyyat yaxşı keçməli idi…

1959-cu ildə Xanlar rayonunun Qarayeri qəsəbəsində anadan olmuş, APİ-nin məzunu, hərbi-hazırlıq müəllimi olmuş, mayor, o zamanlar mövcud olmuş “N” saylı hərbi hissənin komandiri (8 yanvar 1994-cü il tarixdən) İlyasov Saleh Əli oğlu tərəfindən yazılan izahat da Feyruz Alışovun komandir kimi keçdiyi döyüş yolunun müəyyən məqamlarına aydınlıq gətirir. Maraqlı olacağı istisna edilmir. Ona görə də həmin izahatı bura əlavə etməyə bilmədik.
“Əməliyyatın başlandığı tarix yadımda deyil, Zod yolunu (Ermənistan Respublikasından Kəlbəcər ərazisindən keçməklə Dağlıq Qarabağa gedən əsas yol) bağlamaq və ermənilərin döyüşən ordu ilə əlaqəsini kəsmək əməliyyatının təşəbbüsü 3-cü batalyonun komandiri və onun qərargah rəisi tərəfindən irəli sürülmüşdür. Bu əməliyyat briqadanın planında da var idi. Onlar özləri ilə bu məqsəd ilə 200 nəfərə yaxın canlı qüvvə götürdülər. Əməliyyata ümumi rəhbərliyi briqada komandirinin müavini mayor Nəriman Zeynalov edirdi. Çünki o, Susuzluq-Lev bölgəsinə rəhbərlik edirdi. Əməliyyatın başlanmasından 4 gün sonra, 8 fevral 1994-cü ildə N.Zeynalov məlumat verdi ki, əməliyyata gedənlər bildirirlər ki, hava çox soyuqdur, uşaqların ərzaqları qurtarıb. Ona görə də geri qayıtmaq istəyirlər. Mən N.Zeynalova göstəriş verdim ki, mənim adımdan qüvvələrin geri qayıtması barədə Fehruz Alışova və Qurban Qurbanova göstəriş ver. N.Zeynalov onlara bu barədə göstəriş vermişdir. Mənə sonradan, yəni əməliyyatdan gələnlər məlumat verdilər ki, 3-cü batalyonun komandiri, qərargah rəisi və bir neçə nəfər (təxminən 7-8 nəfər) əsgər qara düşüb həlak olmuşlar. Bunu eşidəndən sonra N.Zeynalova göstəriş verdim ki, yerli uşaqlardan (burada kəlbəcərli əsgər və zabitlər nəzərdə tutulur) təşkil edin, həlak olanları axtarsınlar. Yadımda deyil ki, kimsə dedi, həlak olanlar çətin yerə düşüblər. Onları çıxartmaq indi mümkün deyil, ancaq yazda, qar əriyəndə çıxartmaq olar.

Baş tutmayan əməliyyat və yaxud təbiətin qəsdi

Mənə məlumdur ki, əməliyyat 3 gün çəkməli idi və 3 gün üçün batalyonun təchizat rəisi ərzaq götürüb döyüşə gedən əsgər və zabitlərə paylamışdır. Bu barədə bizdə lazımı sənəd var. Onu sizə (yəni komissiyaya) təqdim edə bilərik.
Bu əməliyyata başlayanda biz onu nəzərdə tutmuşduq ki, 1-ci və 3-cü batalyon Söyüdlü yolunu bağlayandan sonra həmin istiqamətdən Cəmilli, Seyidlər və Dəmirçidama hücum etməli idilər. Biz isə İlyaslar kəndinin üstündən adları çəkilən kəndlərə hücum etməli idik. Əməliyyata gedən 1-ci və 3-cü batalyonlar tapşırığı yerinə yetirərək nəzərdə tutulan yerə çatmış, lakin ərzağın qurtarmaq üzrə olması, soyuğun şiddətlənməsi bu əməliyyata gedənləri yarımçıq geri qayıtmağa məcbur etdi. Bundan başqa biz, əməliyyata gedənlərin arxasınca ərzaq aparmaq üçün 33 nəfər göndərdik. Hətta onlar Cəmillidəki tövlədə geri qayıdanlara ərzaq da veriblər. Bunlar baş verməsə əməliyyat yaxşı keçməli idi.
Geri çəkilmək əmrini mən vermədim. Əsgərlər özləri geri çəkilirdi. Murov yolunu düşmən artıq tutmuşdu. Döyüş texnikası Qamışlı, Çiçəkli, Çəpli, Susuzluq, Bağırlı və Bağırsaqda idi. Bərk qar yağmışdı. Yanşaq kəndinə çıxa bilmədik. Ona görə də nəyə imkanımız çatırdısa bütün döyüş texnikasını, silah-sursatı, ərzağı ləğv edib, Susuzluq kəndindən Daşkəsən yoluna çıxdıq.
3-cü batalyon briqadanın ən yaxşı batalyonlarında biridir. Onlar 7 gün, bəlkə də daha çox Susuzluq dağında kəşfiyyat aparmışlar. Yanşaq kəndinin alınmasında iştirak edib, Susuzluq, Çəpli, Təkəqaya, Bozlu, Babaşlar kəndinin azad edilməsi əməliyyatında fəal iştirak edibdir. Çəplidə düşmənin 200 nəfərdən çox canlı qüvvəsinin məhv etmişdir. Məhz bu xidmətləri nəzərə alaraq Alışovu, Telman Abutalıbovu (kəşfiyyat bölüyünün komandiri) və başqa 1 nəfər kəlbəcərlini dövlət mükafatına təqdim etmişəm. 3-cü batalyon bütövlükdə intizamlı, döyüşkən, işgüzar batalyonlardan biridir. Ən çətin əməliyyatlara həmişə can atırdı. Onların xidmətləri çoxdur.
Mən belə hesab edirəm ki, burada heç bir düşmənçilik, qəsd yoxdur. Sadəcə olaraq qar uçqunu nəticəsində həlak olublar. Başqa sözüm yoxdur. İzahatımın doğruluğunu imzamla təsdiq edirəm.
“N” saylı hərbi briqadanın komandiri mayor
S.İlyasov,01.03.1994”

Soyuqqanlılıq, başdansovduluq,
yoxsa, “açılmayan düyün”?

Buradakı soyuqqanlılığı yəqin ki, siz də hiss elədiniz. Bəlkə də bu, doğrudan belə olmalıdır? Bilmirik. Bildiyimiz odur ki, hərbçi olsan da, həyat yalnız soyuqqanlı olmağı yox, insanlara isti münasibəti göstərməklə də maraqlı olmalıdır. Feyruz Alışovun əsgərləri, döyüşçü dostları onun bir insan olaraq da xarakterindəki alicənablığı yeri gəldikcə xatirələrində üzə çıxarırlar. Kəlbəcəri düşmənə təhvil verən hərbi hissə komandiri isə sanki heç nə olmamış kimi, “mən belə hesab edirəm ki, burada heç bir düşmənçilik, qəsd yoxdur. Sadəcə olaraq qar uçqunu nəticəsində həlak olublar”,-yazmaqla sanki özünün borcunu yerinə yetirmiş olub.
Qətiyyən bu, belə deyil. Feyruz kimi oğullaın o dağlarda qar uçqununa salınması Saleh İlyasov kimi yuxarı eşalonda olmuş komandirlərin ya səriştəsizliyinin, ya da düşmən mövqesinə işləməsinin xəyanəti ilə eyni dərəcədə ölçülməliydi. Bilmirəm, bəlkə də komandir öz cəzasını aldı, ya almadı, bunun Feyruz, Xalid, Mirzəli, Şahin kimi igid döyüşçü qəhrəmanların dirigözlü itkin düşmənlərinə haqq qazandıra bilərmi?
Aradan keçən illər ərzində, adları çəkilən igidlərin doğmalarının axtarmadığı yer qalmadı, soraq eləmədikləri, yalvarmadıqları ünvan olmadı, kimsə onlara konkret cavab verə bilmədi. Bu sıraya Famil Heydər oğlu Mikayılovun da adını əlavə etməliyik. Müəmmalı şəkildə Murovun o üzündə “qar-tar apardı” deməklə, çoxları törədilən “təbii fəlakət”lə özlərini sığortalamış oldumu? İnanmıram. O igidlərin qisasları hələ də qalır! Qisas qiyamətə qaldısa, heç nə!
Bu da bir itkin igidin taleyinin son aşırımı. Necə aşdımsa bilmirəm. Əlacım Şəhriyarımıza üz tutmaq, Heydər babaya dərdimizi söyləməyə qaldı…

Məhəmməd NƏRİMANOĞLU

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir