Hacı Madər Musayev – Kişilik nümunəsi, halallıq etalonu, hikmət xəzinəsi

Baş səhifə

Hacı Madər Musayev – Kişilik nümunəsi, halallıq etalonu, hikmət xəzinəsi.
Millət vəkili, “Şöhrət və “Şərəf” ordenli Madər Musayev 75 yaşını qeyd etməyə hazırlaşır. 1947-ci il noyabrın 26-da Bakının Binəqədi kəndində sadə kolxozçu ailəsində anadan olub. İlk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Bundan sonra 1995, 2000, 2005, 2010, 2015, 2020-ci illərdə dalbadal onun Milli Məclisə deputatlığına səs veriblər…
Allahından razıdır Madər müəllim. Bu ahıl yaşına çatınca kim olduğunu sübuta yetirib. Bu qənaətdədir ki, həyatı alınıb. Hələ uşaq çağlarından çox çevik, qoçaq olub. Özünün dediyinə görə, xırda-para bizneslə işə başlayıb, yay tətilində üç ay mövsümü satıcı şagirdi işləyib, bu minvalla satıcı, sonra mağaza müdiri olub. Daha sonra Moskva Kooperativ İnstitutuna qəbul olunub. Ticarətdə qüsursuz işlədiyinə görə bütün mükafatları, eləcə də ən yüksək mükafat olan “Ticarət əlaçısı” adını alıb.
Çətinliyi həmişə təbii qəbul edib, ona görə də qorxmayıb. Yaxşı günlər də yaşayıb, ağır günlər də. Hamısını adi qəbul edib.
Musiqi duyumlu, incə zövqlü adamdır Madər müəllim. 12 yaşına qədər yaxşı tar çalıb. Evlərinin yaxınlığındakı tar məktəbinə gedib. Beş il müsabiqədə birinci yeri tutub. Kiyevə, Leninqrada (indiki Sankt-Peterburq) göndəriblər. Dediyinə görə o qədər həvəslə öyrənirmiş ki, məktəbə tar çala-çala gedirmiş. Sonra vaxt olmayıb, günlərlə əlindən düşməyən tarı vaxt qıtlığı üzündən əlinə götürə bilməyib. Atası müharibədən əlil qayıdıb, o da üç bacının tək qardaşı olduğuna görə evin zəhməti üstünə düşüb. Tarı indiyədək qoruyub saxlayıb. Tar çalınanda o günlərin xiffətini çəkir. Peşəkarların ifasını dinləməkdən doymur. Tarzən, xalq artisti Möhlət Müslümov onun bibisi nəvəsidir. Sənət adamları arasında çox dostu var. Xalq mahnıları, muğamları həvəslə dinləyir.
Əldə etdiyi hər şeyə görə Allaha şükürkardır. Deyir yaxşı insanları, yaxşı kişiləri mənim qarşıma çıxaran da Odur, yaxşı adamların mənə münasibətini formalaşdıran da. Allahın nəzəri olmalıdır adamın üstündə.
Halal pul qazanmaqdan ötrü ən ağır yükün altına girməyi eyib saymayıb, yekəxanalığı, ədəbazlığı, tənbəlliyi, kiminsə əlinə baxmağı eyib sayıb. Bekarçılığı qəbul edə bilməyib.
İnanclı adamdır Madər müəllim. Ailəsində adət-ənənələrimizə, dinimizə hörmət olub həmişə. 1969-cu ildən bu günədək hər gün Mir Mövsüm ağaya yasin oxutdurur Madər müəllim. Deyir uşaq vaxtı bir dəfə niyyət eləyib, o işi düzəlib. O vaxtdan bu günədək sözünə əməl edir. Onun fikrincə, hər kəsdə Allah xofu, həm də Allaha sevgi olmalıdır. 1990-cı ildə Azərbaycandan Həcc ziyarətinə gedən ilk qrupun tərkibində olub. Oğlu Salehi də özüylə aparıb. Salehin 19 yaşı varmış onda, amma 14 yaşından namaz qılır. On iki imamın əlaməti kimi “12” rəqəmini sevir Hacı Madər.
Binəqədi kəndinə sanki öz evi kimi baxır, nə əyər-əskiyi var, düzəldirir. Məscidi də təmir etdirib. Şəhərdə evi olsa da, kənddə yaşamağa öyrəşib. Camaatın içində olmağı daha rahat hesab edir. Həm də onun fikrincə, şəhərə nisbətən kənddə ağsaqqala, ağbirçəyə hörmət-izzət qalıb. Seçicilərinin hamısının problemləri ilə maraqlanır, bacardığı dəstəyi verir. Təkcə həmkəndlilərinə deyil, Binəqədidə məskunlaşan qaçqın və məcburi köçkünlərə də dəstək verib. İndi onların da yerinə sevinir ki, torpaqlarımız işğaldan azad olunub, ata-babalarının qəbrini ziyarət edə biləcəklər. Ümummilli lider Heydər Əliyevin vəsiyyəti yerinə yetirilib, möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu düşməni qovub.
İnsanlara kömək edəndə ləzzət alır, ürəyi dağa dönür Hacının. Kimsə yanından razı çıxanda, kiminsə dərdinə şərik olanda, kiminsə ehtiyacını ödəyəndə, həmin gün çox xoşbəxt olur. İndiki dövrün ən əsas prioritet məsələsi isə əlbəttə ki, Qələbədə əsas pay sahibləri olan şəhidlərimizin ailələrinin, qazilərin qayğılarıdır. Hacı Madər Musayev bu qəbildən olan insanların problemlərinin həlli üçün əlindən gələn köməkliyi əsirgəmir.
Çox danışmağı sevmir. Onun yerinə saleh əməlləri danışır. Mənən zəngin adamlarla söhbətləşməyi sevir. Səhvi bağışlaya bilir, amma xəyanəti yox.
Təbliğatla Azərbaycana gələn, efirlərə ayaq açan abırsızlıqdan, cavanların zövqünün korlanmasından çox üzülür Madər müəllim. Hər xırda-para söz-söhbətə, incikliyə görə ailə dağıdanlara nifrət edir. Bir sözlə, “canlı ensiklopediya”, “hikmət xəzinəsi”, “kişilik nümunəsi”, “halallıq” rəmzidir Hacı Madər Musayev. Allahdan ona uzun ömür, can sağlığı arzulayırıq, 100 yaşasın!

Tural Kəlbəcərli 102ci qəzet və 102info.az-ın baş redaktoru “Qızıl qələm” ali mükafatı laureatı. Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir