Bu gün, Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılovun xatirəsinə həsr edilmiş boks turnirində iştirak etdim. Salyan rayon boks məktəbində keçirilən turnirdə Salyan, Neftçala və Biləsuvar rayonlarının 5-8 yaşlı idmançıları öz güclərini sınadılar.
Salyan Rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələrinin iştirak etdiyi turnirin sonunda qalibləri təltif etdim və balaca idmançılara gələcək yarışlarda Azərbaycanımızı ləyaqətlə təmsil etməyi, üçrəngli bayrağımızı zirvələrə qaldırmağı arzuladım.
Məktəbin boks müəllimi Fəxrəddin Quliyev isə öz növbəsində boks zalının döşənməsində göstərdiyim dəstəyə görə təşəkkürünü bildirdi.
Qeyd edim ki, Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbrayılov oktyabrın 19-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən Sübhan Rahim oğlu Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin.








www.102info.az
