“Azərbaycanın adını uca tutan hər kəsin qəlbimdə yeri var” – Ruhi Əliyeva

Sosial

“Biz 30 il yolunu gözlədiyimiz xoşbəxtliyimizə, işğalsız, bütöv Azərbaycana, həsrətində olduğumuz yurd yerlərimizə Şəhidlərimizin, sizin və Ali Baş komandanımız cənab İlham Əliyevin sayəsində qovuşmuşuq. Bu gün sizlər üçün nə eləsək, yenə azdır. Siz Vətən torpaqlarının düşməndən xilası üçün  ölümlə üz-üzə dayanan cəsurlar, canlı əfsanələrsiniz”.

102info.az News24.az-a istinadən xəbər verir ki, bu sözlər dünən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şağan Reabilitasitya Pansionatında baş tutan görüşdə çıxış edən hər kəs dönə-dönə vurğuladı.

Siyasətçilər, dövlət qurumlarının nümayəndələri və ictimai xadimlərin qatıldığı tədbir pansionatda müalicə alan müharibə əlilləri və qazilərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı düzənlənmişdi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ilk olaraq millət vəkili Jalə Əhmədova söz alıb.

O,  qazi və müharibə əllilərinə Vətən savaşındakı fədakar iştiraklarından söz açıb. Bildirib ki, damarında azərbaycanlı qanı axan hər kəs özünü onlara borclu bilir: “Torpağına, millətinə sevgisi olan hər bir kəs sizlərə, şəhid ailələrinə xidmət etməyi özünə şərəf biməlidir.  Çünki biz sizə nə qədər “çox sağ ol” desək, yenə də azdır. Əziz qardaşlarım, canınızdakı ağrı-acını sizlər qədər hiss eləməsək də, anlamağa, yanınızda olmağa, əlimizdən gələni etməyə hazırıq. Siz bizə ən böyük mükafatı, Vətənin işğaldan xilas olmasının sevincini bəxş eləmisiniz. Uca Allahdan hər birinizə can sağlığı arzu edirəm. Bir millət vəkili, bir Azərbaycan xanımı, bu millətin qızı, bir bacınız kimi hər zaman sizlərin yanındayam”.

“Şəhid ailələri, qazi, müharibə iştirakçıları hər zaman baş tacımız, qürurumuz, fəxrimizdir. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva hər zaman  onlara böyük sevgi və qayğı ilə yanaşır. Öz humanist əməlləri ilə hər kəsə bunu örnək, nümunə göstərir. Bu mənada Bakı şəhər Mədəniyyət Baş İdarəsinə, özəlliklə Nərminə Qafarlıya belə xeyirxah məqsədli tədbir düzənlədiyi üçün təşəkkür edirəm.”

Bunu isə iş xanımı, “Liatris holding”in rəhbəri Ruhi Əliyeva deyib. Qazi və müharibə əllillərinin hər birinə can sağlığı arzu edən iş xanımı hər zaman onlarla görüşdən məmnun olduğunu deyib: “Mən həm müharibə dönəmində, həm də ondan sonrakı dövrdə hər zaman sizlərlə görüşə can atmışam. Özəl günlərimi şəhid və qazi balaları ilə keçirməyə çalışıram. Bundan sonra da belə olacaq.  Çünki Vətən, Azərbaycan adını özü üçün müqəddəs bilən hər kəsin mənim qəlbimdə yeri var. Torpaqlarımızın, yurd yerlərimizin işğaldan azad olunması, o dogma yerlərdə bu gün vüqarla gəzməyimiz üçün sizlərə borcluyuq. Siz bu xalqın firavan, xoşbəxt olması, tarixi,  dədə-baba torpaqlarına yenidən qovuşması üçün canı-qanı ilə savaşan mübarizlərimizsiniz. Hər biriniz bizim üçün fəxri vətəndaş, balalarımız, gələcəyimz üçün örnək  vətənpərvərlərsiniz. Sizinlə qürur duyuruq!”

Daha sonra tədbir tanınmış sənətçilərin ifaları ilə davam edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir