Yaza bilmədiyim yazı
İbrahim Səfərlərin ömürnaməsindən
və sinə dəftərindən bəzi səhifələr…
Doğru deyiblər ki, doğmaların doğması qardaş-bacıdırsa,
onlarla dostluq etməlisən ki, bir az da yaxından tanıyasan. Dostlarımın arasında doğmalaşanları az deyil. Vallah bilmirdim ki, doğmalarımın arasında dost seçməli
olsam, kimin üzərində dayanaram. Bu gün isə deyirəm:
Səni, əziz qardaşım – İbrahim!
Uşaq vaxtlarımdan bu dilemma qarşısında qalmışdım. Lakin Kəlbəcərin işğalından sonra bu sualın cavabını tapdım. Qardaşım İbrahim mənim üçün əsl dostsirdaş imiş. Deyirlər, dərd insanları bir-birinə daha çox
və tez isinişdirir. Deyəsən, bizi də birləşdirən, canbirqəlbə çevirən dağdan ağır olan yurd-yuvasızlıq dərdi
imiş. Bunun fərqinə əvvəllər varmamışdım
Bəlkə elə uşaqlıq illərimizdən başlayım bu nağılı. Bərkdəboşda sınanılıb dosta çevrilməyimizin tarixçəsi var. Uşaqlıq illərimizə qədər bir ömür yoludur. Üzügeri qayıdıb Kəlbəcərin
Otaqlı kəndində uşaqlığımızı axtarmalı oldum. Belə səfərlərə,
adətən, yuxularda çıxırlar. Əlin çatmayan, ünün yetməyən
yerlərə gecələr yuxularında yollanırsan. Daha doğrusu, xəyal
səni alıb qanadlarına aparır o yerlərə. Gözünü açanda qəhər
səni boğur…
Kəlbəcərin Otaqlı kəndi. Tarixi çox qədim olan bu kəndin
adı ulu babalarımızdan (Səfərlərdən) bizə yadigar qalan bir
evdamı ilə bağlıdır. Deyilənlərə görə, atamın ulu babası Səfər
bu yerlərə ova çıxanda burada dörd divardan ibarət bir tikili
tapır. Maşallah, divarlarının eni bir metr. Qapısının yan çərçivələri daşdan olan bu evdamı qala rolu oynayıb. Divarındakı
nişangah da bunu təsdiqləyirdi. Deyirlər ki, ulu babamız onu
tapanda divarların ortasında, ocaq yerində nəhəng bir palıd
ağacı olub. Səfər babam ((Sadıq babamın babası) palıd ağacını
kəsərək divarın üstünü örtüb onu otaq şəklinə salır. O vaxtlardan burada bir yaşayış məskəni salırlar. Kəndin adı da o zamanlardan qoyulub, təxminən üç əsr bundan öncə. Kəndin
yeganə məscidi babamız Məşədi Atakişiyə məxsus olub. Bu
müqəddəs məkanı qırmızı sovet imperiyası da sökə, dağıda
bilməmişdi. Hər il məhərrəmlik ayının ongünlüyündə camaat
ora toplaşar, mərsiyə deyilər, təzyanə tutulardı. Hələ rayon
mərkəzindən və ətraf kəndlərdən də imamlarımızın təziyyəsini tutmağa bura gələnlər az olmurdu.
Kəndimizin tarixi barədə, hələlik, bunları demək mümkündür. Əfsanəyə çevrilmiş həqiqətlər zaman keçdikcə özünün doğruluğunu təsdiqləyir.
Bax, biz qardaş-bacılar da həmin abidə evdə – alban dövlətinin yadigarlarının birində dünyaya göz açmışıq. Qardaşım
İbrahim 1961-ci il avqust ayının 16-da bu evdamında anadan
olub. Az müddət keçəndən sonra ana babamız Məmmədin
«Dərə yeri»ndəki əkin sahəsində təzə həyət salmaq üçün torpaq götürmüşük. Əslində, orada tütün becərirdik ki, zəhəri ilə
çörək qazanaq. Anamız Güllər gündüzlər tütün sahəsində əlləşir-vuruşur, sonra kolxozun ictimai tövləsində saxladığı qaramalın altını-üstünü təmizləmək, südünü sağıb dövlətə vermək üçün qaranəfəs ora qaçır, gecələr isə gözünün nurunu əridib, barmaqlarını döyənək eləyərək, ona-buna xalça-palas toxuyur, bacılarım Pərinin, Minayənin, barmaqları ilmələrdə,
ərişlə arğacın arasında dolaşan Zöhrənin də yuxularını perik
salırdı.
Dolanışığımız bir müddət beləcə, ağır keçdi. Atam Nəriman Ələkbər oğlu bir vaxtlar orta məktəbdə anama dərs desə
də, sonralar «özününkülər» tərəfindən kolxozun qaramalına
naxırçı verilmişdi. O da gecə-gündüz əzab-əziyyətlə bizə bir
qarın çörək qazanırdı. Rayon təmir-tikinti idarəsində usta-fəhlə, axır zamanlarda isə gözətçi işləyirdi. Əslində, atamızın
yerinə idarədə gözətçiliyi biz iki qardaş edirdik. Kəlbəcər şəhər orta məktəbində oxuyur, dərsdən çıxanda isə gecələr orada gözətçilik edirdik. Orta məktəbi yaxşı qurtarsaq da, həmin
il ali məktəbə qəbul ola bilmədik. Bunun isə hamıya məlum
müxtəlif səbəbləri var idi: o vaxtlar oxumaq əsas deyildi…
İbrahimlə qardaşlıqdan çox dostluğumuz da məhz həmin
illərdən başlayıb. Sonralar mən hərbi xidmətdən qayıdıb Gəncədə Politexnik Tenikumunda oxuduğum illərdə İbrahim də
mənim yanımda qalır, texniki peşə məktəbində rəngsazlıq peşəsinə yiyələnirdi. Şəxsi evlərdə usta ilə birlikdə təmirlə məşğul olur, hətta, evimizə, ata-anamıza da köməklik edirdi.
İllər bir-birini qovdu. Mən texnikumu bitirib rayona qayıdası oldum. İbrahim də hərbi xidmətdən qayıtmışdı. Daha
doğrusu, əsgərlikdən qurtarıb işləmək üçün orada – Rusiyada,
Saratov vilayətində qalırdı. Buna nə atam, nə də anam razı deyildi. Buna baxmayaraq, rayonda iş tapmadığından, bir müddət orada işləyəsi və ali təhsil alası oldu.
…Hər ikimiz də Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət evində işləyirdik. Aktyorluq və diktorluq qabiliyyətimiz bizi qısa müddət ərzində tamaşaçılara sevdirmişdi. Bədii
qiraətçi kimi tədbirlərin aparıcılığını da edirdi İbrahim. Xatirimdədir, mən Bakıda imtahan sessiyasında olarkən neçə-neçə
ədəbi-bədii gecəsinin ssenarisini hazırlamış və özü də aparıcılığını etmişdi.
İbrahim də ali təhsil almaq həvəsi ilə yaşayır və hazırlaşırdı. Aşağı Qılınclı kəndindəki texniki peşə məktəbində sürücülük ixtisası üzrə oxusa da, pulumuz olmadığından, onun vəsiqəsini ala bilmədik. O, hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət də işsiz-gücsüz qalmışdı. Nəhayət, onun Rusiya həyatı başladı. Xalaoğlu Aydınla (Allah rəhmət eləsin), sonralar digər qohumlarla bir müddət qəriblik həyatı keçirdi. Və elə həmin illərdən də o, qəlbinin döyüntülərini misralandırmağa, qafiyələndirməyə başlamışdı. Bir-birimizə şeirlə məktub yazırdıq. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I kursunda oxuyanda o Penza İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdu. 1985-ci ildə mən institutun I kursunda oxuyarkən İbrahimlə birlikdə Rusiyaya gedəsi oldum. Orada qaldığım bir ay müddətində əsl dostluğun nə
demək olduğunu daha yaxşı anladıq. Artıq bizə yalnız qardaş
deyil, həm də əsl dost kimi baxırdılar.
İllərə nə var ki, ötüb-gedir, xatirələri qalır. O illərin şirinliacılı xatirələri az olmayıb. İbrahim Rusiyada oxuyub işləyərkən anamla atam onun dərdindən xəstə düşmüşdülər, hələ bacılarımı demirəm. Belə demək mümkünsə, biz yeniyetməlik və
gənclik illərinin necə keçdiyini bilmədik. Bizim görəcəyimiz
işləri evdə bacılarımız görüblər. İstər ot biçməkdə, istər daşımaqda, istərsə də taya yığmaqda əsl oğul işini görüblər. Malqoyun novatına (növbəsinə) oğul əvəzi bacılarımız gediblər…
Bir də baxdıq ki, saç-saqqalı ağarmış kişilərik. Ailə həyatı
quranda artıq tay-tuşlarımızdan da xeyli geri qalmışdıq.
…Nəhayət, kəlbəcərsizlik illərimiz başladı. Ata-anamızın
və deyərdim ki, bir də biz qardaş-bacının min bir əziyyəti bahasına başa gəlmiş həyətimizdə, bağ-baxçamızda yetişdirilən
məhsula baxıb sevinirdik. İndi kimlərinsə bağının meyvəsinə,
bostanının tərəvəzinə möhtac deyildik. Hətta, anam bazara
lobya, kartof da çıxarırdı. Yeni həyətimizin üstündə atamı 15
günlük həbs etmişdilər. Bu, Məmməd Nağıyevin raykom katibi olduğu illərə təsadüf edirdi. Kolxoz sədri isə Şaplardan olan
Məmməd Nəbiyev idi.
İbrahimin həyat və yaradıcılığının ayrı-ayrı səhifələrində
tanış olacağımız çoxsaylı xatirələr az deyil. Kəlbəcərdə ikən iki
qız balası dünyaya gələn Qətibə xanım ailəmizin həm qızı,
həm də ikinci gəlini idi (mənim həyat yoldaşım Gülbəniz xanım isə evin ilk gəlini kimi, artıq ata-anamın və bacılarımın
hörmətini qazanmışdı). Tez bir zamanda qaynayıb-qarışmağı
ilə qəlbimizə hakim kəsilmişdi. Qardaşı Sahib Əkbərov Kəlbəcərdə, sonra isə Gəncədə Kəlbəcər RİH-nin başçısı vəzifəsində çalışmışdı. Kəlbəcərlilərin dərd-sər ortağı olan Sahib Əkbərov bizim ailənin də sevimlisi idi.
Hacıkənddə nəslimizə bir «dəli-dolu oğul» payı da bəxş
etdi ulu Yaradan. Ələkbər, babamızın adını daşıyan bu şıltaq
oğlan əmisini və əmisi oğlanlarını (Sənanla Kənan) xüsusi məhəbbətlə sevir. Samirə bala qardaşımın böyük qızı, anamızın
adını daşıyan Güllər isə ikinci övladıdır. Samirə İngilis dili
müəllimliyini bitirdi, Güllər isə tibb məktəbini. Ələkbər ali
məktəb tələbəsidir. Həm də Natiq Ələkbərov onu tarzən kimi
yetişdirir. Maşallah olsun, muğam və segahları gitarada gözəl
ifa edir, ağıllı balamızdı, əmisini dəlicəsinə sevir.
Kəlbəcərdən didərgin düşdüyümüz günlərdə biz bir-birimizi daha yaxından tanıdıq və bir az da doğmalaşdıq. Anam
kənddən çıxmırdı. Mən rayon mərkəzində yaşadığımdan, hər
həftə sonu kəndə qalxardıq. Kəndimiz Otaqlı şəhərə bitişik
olsa da, ayrı inzibati ərazi sayılırdı. 1993-cü il mart ayının sonları, aprelin əvvəllərində Kəlbəcərdə hər gün ölüm səhəri açılırdı. Nəhayət, mart ayının 30-u idi. Şəhərdə bir nəfər də olsun
görünmürdü, imkansızlardan savayı. Mən rayon «Yenilik» qəzeti redaksiyasında işləyirdim. Atam bir balaca xəstələndiyindən, həkimlər evdə, bizdə müalicə edirdilər. Kənddəki anamla
İbrahim və onun ailəsi idi. Səhər tezdən getdim kəndə. Sanki
kənddə kimsə yaşamırdı. Yazyurdundakı radio-rele stansiyasını erməni vertolyotu vurub dağıtmışdı. Kəndin üstünə qrad
yağışı leysan kimi tökülürdü. Təsadüfi evlərə dəymirdi. Anama nə qədər yalvardımsa, xeyri olmadı. Məni aldatmağa çalışdı: “Sən qayıt balalarını çıxart, mən İbrahimlə gəlirəm”. Amma mən qayıtdıqdan sonra iki ayağını bir başmağa dirəyib ki,
bu dam-daşı qoyub heç yana gedə bilmərəm. Axşamdan Ba-
kıdan köməyə gələn cavanların arasında qaynım Müzəffər də
olub. Evdə İbrahim hinduşkanı kəsib bişirib yeyiblər. Səhər
tezdən İbrahimə təsəlli olsun deyə, anam onu tövləyə baş çəkməyə göndərir: “…Get mal-heyvanın qabağına ot tök, qapını
da bağla, gəl gedək” (sanki qayıtmaq üçün müvəqqəti səfərə
çıxırmış kimi). İbrahim tövləyə girəndə həyat yoldaşımın atasıgilin verdiyi düyə inəyin boğazından kəndirinin açıldığını və
qapının arxasında doğaraq balasını yaladığını görür. Bunu
anama ağlaya-ağlaya bildirəndə o, qəti şəkildə deyir:
-Ana-balanı belə qoyub qaçmaq olar?! Onu yetirən Tanrı
bizi qoruyacaq. Getmirəm heç yana! Bəs bu balanı kimin ümidinə qoyum gedim?!
Beləliklə, İbrahim erməni quldur dəstələrinin kəndi mühasirəyə aldığını görüb onu birtəhər, ayaqyalın-başıaçıq kənddən çıxarır. Yollar bağlı, sinələr də dağlı. Necə və hara gedəsən ki? Üç günə Murovdağın Kəlbəcər üzündəki «Yol evi»nə
qədər gəlib çıxırlar. Bu, həmin günlər idi ki, mən də qarlı-qanlı
Murovdağda ana, qardaş-bacı axtarırdım.
Gələnlərdən soruşurdum, “gördüm”-, deyən olmurdu. Bir
gün böyük bacım Pərigilin gəldiyini gördüm. Anamla qardaşımın gəlmədiyi, kənddə qaldığı mənə məlum idi. Amma onlar məni inandırmağa çalışdılar ki, arxada qalıblar, gəlirlər.
Mən tufan-boranın aman vermədiyinə baxmayaraq, Murovdağın aşırımına doğru irəliləyir, arabir üzügeri baxırdım ki,
görüm arxamca kimsə gəlir-gəlmir. Haraylarım dağları, dərələri lərzəyə gətirmişdi. Deməyəsən, Murovdağı aşanda mənim
harayım anama çatıbmış. O, İbrahimə toxtaqlıq verib deyir ki,
“qorxma, Məhəmmədin səsi gəlir…”
Mənim onları hansı müsibətlə qarşıladığımın şahidi olan
«Murovdağın qulaqları qışqırığımdan batıb». Bu barədə əvvəlki kitablarda, qısa da olsa, yazmışam. Anamın, qardaşımın və
mənim həmin günlərin dəhşətlərini əks etdirən bayatılarımı
oxucuları az kövrəltməyib.
Kəlbəcərdən didərgin düşdüyümüz illərdə İbrahim qələmi və sözü ilə bir daha təsdiqlədi ki, o, yaradıcı insandır. Qələmindən aşıq poeziyasının nümunələri az çıxmayıb. Həmçinin
onun yazdığı rübailər, təcnis və məsnəvilər məni heyran qoyub. Bunları öyrəndikdən sonra özümü bağışlaya bilməmişəm, sanki doğma qardaşımı tanımamışam.
2005-ci ildə çapdan buraxılmış «Kəlbəcər dünyası: yüz
şairin bir kitabı»nda İbrahim Səfərlərin də nümunə kimi iki
şeiri (qoşma və gəraylısı) dərc edilib. «Kəlbəcər» rədifli qoşmasında o, doğulduğu yurdun təkcə təbiət təsvirini deyil, qəlbində saxladığı həsrətinin də sanki şəklini sözlə cızıb:
Ayrılığın bir dərd olub sinəmə,
Bu niskili necə yazım, Kəlbəcər?!
Düşüb boranına, çovğununa mən,
Murovda, Keytidə azım, Kəlbəcər.
Bağlanıb yolların, ellər aralı,
Həsrətdən çəməndə güllər saralı.
Oxumur bülbüllər, dillər yaralı,
Girovdu sədəfli sazım – Kəlbəcər.
Əlim ətəyindən üzülü qalıb,
Sinəmdə dağ-düyün düzülü qalıb.
Qönçəsi açılmır, büzülü qalıb,
Şirin ləhcəm, xoş avazım – Kəlbəcər.
Nazını çəkmədik çiçəyin, gülün,
Bir ağır mahalın, bir ağır elin.
Düşdük girdabına biz daşqın selin,
Gəlməyəydi bax o yazın, Kəlbəcər.
Qoşmanın təhlilinə ehtiyac duymuram. «Kərəmi»də isə o,
tamamilə başqa ampulada çıxış edir. Bu qəmli saz havasının
qəlblərə dağ çəkməsini o, belə ifadə edir:
Məni üzən dərd-kədərim
Silələndi «Kərəmi»də.
Qəm-kədərdən yük tutaraq,
Şələləndi «Kərəmi» də.
Donub barmaq pərdələrdə,
Sızıldayır göy də, yer də.
O simlərlə belə dərdə
Gül ələndi «Kərəmi»də.
İbrahimi üzür bu hal,
Qəlbi dolu, duyğusu lal.
At belində igid Calal
Güllələndi «Kərəmi»də.
İbrahim yaradıcılığa çox erkən yaşlarından başlayıb. Amma o, bu işlə müntəzəm məşğul olmayıb. Bunu buraxıb təbinin ixtiyarına. Yaddaşına yazılanları kitab-dəftərə köçürməkdə tənbəldir. Çox çalışmışam ki, yazı-pozusunu toplayıb bir
kitabça da olsa, çap etdirək, indiyə kimi buna nail ola bilməmişəm. Ona görə də ömrünün zirvəsinə – yubileyinə hədiyyə
olsun deyə, bu kitabı oxucuların ixtiyarına verməyi qərara aldım. Mən bildiklərimi nəşr etdirsəm də qənimətdir. Çap olunmağa həvəsi olmayan İbrahim Səfərllərin, qardaşım olduğu
üçün demirəm, qəlbi poetik duyğularla doludur. Hələ Rusiyada və Türkiyədə işlədiyi illərdə mənə şeirlə yazdığı məktublarından hiss edirdim bunu. Rusiyada basgitarada çaldığı
saz havaları dostlarının duyğularına su çiləyərdi. Mən də şahidi olmuşdum. Sazı çox ustalıqla və özünəməxsus incəliklə çal-
mağı var. Deyərdim ki, ailəmizin atamdan sonra başbiləni,
ağsaqqalıdır, baxmayaraq ki, mən yaşda ondan böyüyəm. Bacılarımızın qayğısına məndən çox qalır. Axşam-səhər onların
dərd-səri ilə məşğuldur. Doğrusu, fikirləşirəm ki, İbrahim Hacıkənddə məskunlaşmasaydı, orada təsərrüfatla məşğul olmasaydı, necə yaşaya bilərdik?
1961-ci il avqust ayının 16-da Kəlbəcər rayonunun Otaqlı
kəndində anadan olan Səfərlər İbrahim Nəriman oğlu (Sadıqzadə) bədii yaradıcılığa başlayandan dövri mətbutda müntəzəm çıxış edib, məqalə və şeirləri respublikanın müxtəlif dövri
nəşrlərində dərc edilib. O, həmçinin «Qanlı köynəklər», “Ağdabanım-bağrı qanım” kitablarının həmmüəllifi, 50 illiyimə
həsr olunan «Ömrüm kitab ömrü»nün məsləhətçisi və tərtibçisidir. «Yeni bəşər» və «Yenilik-Press» qəzetlərinin Gəncəbasar üzrə bölgə müxbiri, AJB-nin, TDYB-nın (Türk Dünyası Yazarlar Birliyi) üzvü, “Qızıl qələm” və “Peşəkar Yazar” mükafatları laureatıdır.
İbrahim Səfərlər son bir neçə ildir ki, Kəlbəcər RİH-nin
nəzdində dövlət arxivinin müdiri kimi də üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirir. Hər gün dərd-səri başından
aşan kəlbəcərlilərin sənədlərini arayıb axtarır və onlara xidmət
göstərir. Xatirini çox istəyirlər. Bundan başqa o, Hacıkənddə
(son 3-4 ildə isə Hacıməlik qəsəbəsi yaxınlığındakı yeni yaşayış massivində – həyət evləri olan qəsəbədə) məskunlaşmış
kəlbəcərlilərin nümayəndəsidir. Bu ictimai iş onu daha çox sıxır. Bir vaxtlar var-dövləti ilə ad çıxarmış kəlbəcərlilərin yardım ümidinə qalmasına tablaşa bilmir.
İbrahim Səfərlər ömrünün zirvələşən çağlarında qəriblik
həyatı yaşamaqdadır. Kəlbəcərə məndən məsafəcən yaxın
olan qardaşım Kəpəz və Murovdağdan əsən yellərlə Kəlbəcərin havasını bürkülü, zəhərli şəhərinkinə, əlbəttə, dəyişməzdi.
Çox çalışdım ki, onu Bakıya, cəmiyyətin qaynarlığına çəkim,
amma, yurda, torpağa, təsərrüfata, doğma qonum-qonşulara
və qohumlara bağlılığı buna imkan vermədi. Nə yaxşı ki, gəlmədi. Ata-ana məzarına tez-tez baş çəkir. Göygöl rayonunun
Aşıqlı kəndindəki məzarstanlıq onun ziyarət yerinə çevrilib.
İbrahim Səfərlərin bədii yaradıcılığı barədə geniş məlumat verməməyimin səbəbkarı özüdür. O, çox xəsisliklə özünün yaradıcılığı barədə danışır. Lakin onun yaradıcılığından
saatlarla danışsam, yorulmaram. İstərdim ki, indiyə kimi, söz
aça bilmədiyim bir poetik qəlbin döyüntülərinin səsini eşidək.
Nümunə üçün burada vediyim şeirlərin əksəriyyəti, çox güman ki, qardaşımın yaddaşında ilişib qalmayanlardandır. Necə ki, o, şeirlərimin bir yerə toplanmasında məndən çox çalışıb
və yaddaşına həkk edib. Mən isə onun yeri gəldikcə, saz sinəsində, barmaqları pərdələrdə səkəndə pıçıldadığı, zümzümə
etdiyi misraların hamısını bir yerə toplaya bilməmişəm.
Yazdığım misralar qəm-kədər yükü,
Sonu puç sevdanın boş, hədər yükü.
Budur taleh yükü – bu qədər yükü…
Ümidli bir şeirim varmı görəsən?
Sualı verən kim, cavab verən kim,
Mənim dərdlərimi axı, görən kim?
Bir ümid əkdim ki, ümid dərəm ki,
Ümidli bir şeirim varmı görəsən?
Baxma dən düşməyib hələ başıma,
Cavan sayma məni, baxıb yaşıma.
Demə ki, daşürək çıxıb qarşıma,
Ümidli bir şeirim varmı görəsən?
İbrahim Səfərlərin sual-cavabı,
Almasın ürəkdən dözümü, tabı.
Yazıram, dadılsın sevincin dadı,
Ümidili bir şeirim varmı görəsən?
Nəhayət, mənə elə gəlir ki, onun barəsində hər şey bildiyim halda, heç nə bilmirəm. Ona görə tanımadıqlarım kimi
yaza bilmirəm. Çox çətindir özün və özününkülər barəsində
söz açmaq, qorxuram ki, təvazökarlıqdan kənara çıxsın, o da
bunu istəmir axı. Sadəliyi qədər səmimi olan qardaşımın həyat
və yaradıcılığı ayrıca bir kitablıqdır. Onu gələcək göstərər,
inşallah! İndi isə qələmin gücünə və bir də qəlbimin, hissimin,
duyğularımın pıçıldadıqlarını kağıza köçürmək istədim…
Bir dastan başlamaq,
Nağıl demək istəyirəm,
Bir gəraylı istəyirəm,
Misraları nidalı, suallı,
Kəlbəcərdə doğulub o,
Qəm-kədər yüklü dərddən
azmı görən boğulub o?!
Kasıb ata ocağının
İstisinə boy atıbdı,
Şirin ana laylasına
Şirin-şirin yatıbdı o?!-
Yuxuları perik düşüb,
Yurdu viran qardaşımın,
Mənim ürək sirdaşımın…
Mənim gərək qardaşımın…
Ömrünün şərəfli illərini yaşayır sevimli qardaşım. Qardaş
qardaşa nə qədər gərəksə, bacılar da o qədər lazımdır. Bacılarımızın və balalarmızın adından qardaşıma uzun ömür,
sağlam həyat tərzi arzulayıram. Kəlbəcərə dönmək ümidi ilə…
Bu yazını və kitabı mən, əslində, düz 10 il bundan əvvəl
oxucuların ixtiyarına buraxmalı idim. Görünür, biz bilmədiyimiz hələ çox sirr, sehrli qüvvə var.
Budur, Qarabağımız, o cümlədən də Kəlbəcərimiz yağıdüşmənin əsarətindən xilas edildi. 8 noyabr – Zəfər Günümüz
münasibətilə mən də xalqımızı, həmçinin kəlbəcərlilərimizi,
qarabağlılarımızı təbrik etmək üçün bu kitabı qardaşıma hədiyyə etməyi düşündüm. Gələn il 60 illiyi olacaq. Kəlbəcərimizdə, cənnətməkan Dikyurdda, Şirinbulaqda (ilin füsunkar
fəslində-yayda olacaq) qeyd edək, amin! Bu sevincli günlərimizdə dünənimizə boylanıb, ötənlərdə qalan müsibətlərimizi
də yada salmalıyıq. İbrahimin də bu kitabda toplanmış məqalə
və şeirlərinin əksəriyyəti məhz Murovda qalan haraylardan
ibarətdir. Ona görə də əvvəlcə “Sinə dəftərim” adlandırdığım
kitabın adını dəyişib “Murovda qalah haray” yazdım. Onsuz
da onun sinəsində qövr edən yaradır hər misrasında həsrət,
hicran, ayrılıq, dərd-möhnət olan şeirləri. Bunların hamısı da
Murovda daşa dönüb qaldı 1993-cü ilin qanlı-qarlı aprel günlərində. O günlərdə ki, anamla qardaşımı məhz həmin müsibətli günlərdə zülmlə axtarıb tapmışdım.
Tanrı qardaşları bir-birinə dost və mehriban eləsin, onda
doğmalar, qohumlar arasında da isti münasibət yarana. Murovdağın, Kəpəzin, Dəlidağın əzəmətini şəxsiyyətində saxlayan qardaş, dağlar qədər ucalasan, kişi kimi yaşayırsan, aqil kimi də qocalasan. Qocalığının zirvəsinə əlin çatsın…
qardaşım İbrahimin qəlbinin bəhrəsi olan şeirlərinə və
publisistik yazılarına münasibət bildirməyə gəlincə, etiraf
edim ki, indiyə kimi “xəsislik” eləmişik hər ikimiz də. O,
utanıb, qısılıb mənim yanımda öz yaradıcılığından söz açmayıb. Amma elin toy şənliklərində, ədəbi-bədii tədbirlərdə
onun necə qabiliyyətli aparıcı, səlist nitqə malik olduğunu
duyduqca, haqqında yüksək fikirləri eşitdikcə qürurlanmışam.
Amma, “qaralama” dəftərini ələ keçirməkdə gecikdiyimi indi
duymuşam. Dəftər deyəndə ki, o, şeir yazıb, üzərində işləyən
qələm adamı deyil. Bədahətən gəldimi, misralar qaranquş
qanadında pərvazlanır, kimsə onları qələmə aldısa, onlar qalır.
O, mənim yazdıqlarımı sinədəftər etsə də, təəssüf ki, onun
şeirlərinin bircə bəndini əzbər bilmirdim.
Son vaxtlar qələmə aldığı bir şeirinə baxaq. Şeirin əvvəlində yazır: “Anam Güllərin növbəti ildönümündən əvvəl qəbristanlığı ziyarətə getdim (bu il mayın əvvəlində-M.N.). Orada “anamla
dərdləşdik”. Dillənmirdi, susmuşdu, ya da əbədi yuxuya getmişdi,
oyanmadı, elə bil Murovdakl kimi donmuşdu…”
Gəlmişəm, ay ana, qurbanın olum,
Bu gecə yanında qalım da, gedim?!
Bura bir şennikdi – kəndimiz burda,
Kəndimin qonağı olum da, gedim?!
Bahar deyil, hər yan mənə qışdı ki,
Tənha çəkdim, dərd həddini aşdı ki.
Ürək deyil, sinəmdəki daşdı ki,-
Dəyişib ovqatım, halım da gedim.
Niyə susdun, bir pıçılda, gileylən,
Gələ bilmir oğlun-qızın ha söylən.
Məni tutsa bu xəstəlik deyilən,
Gəldim könlünüzü alım da gedim.
Bilirəm, nigaran yatırsız burda,
Ruhunuz dolanır viranə yurdda.
Söylə də, ruhumun məkanı harda,
Acı xəyallara dalım da gedim.
Ay ana, son gəliş, son gediş olsa,
Mənə halallıq ver, son görüş olsa,
Allahın izniylə bir dönüş olsa,
Qalxıb buludlara dolum da gedim…
Nəhayət, budur “ordan-burdan” toplayıb bir kitaba yığdığım yaradıcılıq nümunələrini səhifələyir, vərəqləyirəm. İlahi, burada ədəbi-bədii nümunələr sayılacaq necə gözəl, dəyərli
kəlamları var. Daim məni tərifləyən (jurnalist kimi mənimlə
qürur duyduğunu gizlətməyən) qardaşım İbrahim Səfərlərin
öz şeirləri mən yazdıqlarımdan qat-qat güclü, oxunaqlı və
janr baxımından daha rəngarəngdir. Onun şeirlərinə keçmədən bədii və sənədli publisistikası haqqında fikrimi ümumiləşdirsəm, o, əsl söz adamıdır,-deyərdim. Onun istər mənim haqqımda qələmə aldığı portret oçerkini, istərsə də, kitabda oxuyacağınız “Anasını itirmiş bala ceyran”, “Murodağ, Turşsu, Qanlı daş və…” kimi yazılarını həyacansız oxumaqolmur.
İbrahimin şeirlərinin mövzusu da, janrı kimi al-əlvandır.
Burada vətənpərvərlikdən başlamış, məhəbbətə, satiradan, yumordan tutmuş, lirik duyğulu şeirlərə rast gəlmək mümkündür. O, daha çox klassik janra, aşıq şeir formalarına üstünlük
verir ki, bu da ənənəvilikdən irəli gəlir, Kəlbəcər ədəbi mühitinə xasdır: Kəlbəcər ədəbi mühitində, adətən, aşıq şeiri, heca
vəzni üstünlük təşkil edib tarixən.
Şeirlərinə şərh vermək fikrindən uzağam, lakin onu deməyi özümə borc bilirəm ki, kimlərin xatirinəsə öz bədii yaradıcılıqlarını kölgədə qoymağa çalışır. İbrahim Səfərlərə bundan sonra da cansağlığı və yaradıcılıq uğurlarının davamını arzulayıram. Uğurlar olsun, əziz qardaşım, pasibanım, Kəlbəcərimizdə yazıb-yartmaq da nəsibin olsun.
Məhəmməd Nərimanoğlu,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Tərəqqi” medalına layiq görülmüş jurnalist-publisist,
Məmməd Araz və “Qızıl qələm” ali media mükafatları
laureatı, Türk Dünyası Yazarları Birliyi, Avrasiya SenetKültür Edebiyyat Federasiyonu və AJB-nin üzvü
31 dekabr 2020-ci il. Bakı şəhəri
www.102info.az
