Rusiya-Ukrayna müharibəsinin görünməyən tərəfləri – Amerikalı ekspertin Oxu.Az-a MÜSAHİBƏSİ

Dünya

Rusiyanın hərbi müdaxiləsi ilə başlayan və qısa müddətdə onun qələbəsi ilə bitəcəyi proqnozlaşdırılan Rusiya-Ukrayna müharibəsi artıq beşinci aydır ki, davam edir. Bu müddətdə bir tərəfdən dünyanın ən qüdrətli silahlı qüvvələrindən hesab edilən Rusiya ordusunun deyildiyi qədər güclü olmadığı ortaya çıxdısa, digər tərəfdən isə Qərbin savaş bitənədək Ukraynanın mövqeyini həm mənəvi, həm də hərbi olaraq dəstəkləyəcəyi göründü. Lakin müharibənin hələ də nə vaxt sonlacağı və qalibin kim olacağı bilinmir. 

Mövzu ətrafında Moskvada yaşayan amerikalı mütəxəssis Endryu Koribko Oxu.Az-ın əməkdaşının suallarını cavablandırıb: 

– Bildiyiniz kimi, artıq beş aydır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Sizin Rusiyanın mövqeyini dəstəklədiyinizi bilirəm. Lakin bir ekspert olaraq hadisələrə obyektiv baxdıqda müharibənin sonunu necə görürsünüz?

– Müharibənin hər iki iştirakçısı köklü şəkildə fərqli məqsədlər güdür. Rusiya öz addımlarını milli təhlükəsizliyini qorumağa yönəlmiş xüsusi hərbi əməliyyat kimi qiymətləndirir, Ukraynanın məqsədi isə Rusiya qüvvələrini ərazilərindən çıxarmaqdan ibarətdir (Krım, Donbas və Rusiya Silahlı Qüvvələrinin fevralın 24-dən sonra daxil olduğu bölgələr). Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç martın sonunda bildirib ki, Rusiya ölkəsinin, demək olar ki, bütün hərbi-sənaye kompleksini məhv edib, ona görə də Moskva potensial olaraq bunu qələbə kimi təqdim edə bilər, lakin xarici silahların mövcudluğu hələlik buna mane olur.

ABŞ-ın bu ssenaridə tutacağı mövqe də hadisələrə ciddi təsir göstərəcək. Burada ABŞ-da aralıq seçkilərinin noyabrın əvvəlində keçiriləcəyini və hakim Demokratların çox zəif çıxış edəcəyini diqqətə almaq da vacibdir. Onlar ya “vətənpərvər anti-Rusiya platforması” adlandırılan proksi-müharibəni davam etdirərək, ya da danışıqları canlandıraraq “praqmatik sülh tərəfdarı” platformasında çıxış etməyə cəhd göstərə bilərlər.

Ümumilikdə isə onu demək mümkündür ki, hər iki iştirakçı – həm Ukrayna, həm də Rusiya maksimalist məqsədlər güdməyə davam edir.

– Yəni müharibənin bu qədər uzanmasının səbəbi tərəflərin maksimalist məqsədlərdən çıxış etməsindən qaynaqlanır?

– Hər iki iştirakçı başda bir-birini o qədər də ciddiyə almadı, güclərini qarşılıqlı olaraq aşağı qiymətləndirdilər. Moskva Kiyevin yaşayış massivlərini hərbiləşdirməsini gözləmirdi, bu addım Putinin işini çətinləşdirdi. Kiyev və onun NATO tərəfdaşları isə gözləmirdilər ki, Rusiya iqtisadiyyatı – həm faktiki, həm də hərbi ilə bağlı – ABŞ-ın rəhbərlik etdiyi Qərbin misli görünməmiş sanksiyaları qarşısında dayanıqlılığını göstərəcək. 

Tərəflər NATO-nun münaqişədə iştirakını da lazımi səviyyədə qiymətləndirə bilmədi. Rusiya onların silah tədarükünü uzunmüddətli müharibəni yarada biləcək qədər artıracaqlarını gözləmirdi. Eləcə də Kiyev aylardır tələb etdiyi ağır silahların nə qədər vaxta gəlib çıxacağını təxmin etmirdi. NATO-ya gəldikdə isə, görünür, blok daxilində ciddi parçalanmalar yarandığı üçün o, Ukraynaya qarşı birliyini həddindən artıq gücləndirib.

– Rusiya ilk vaxtlar müharibənin ən geci bir aya öz xeyrinə bitəcəyi imicini yaratmışdı. Lakin Ukraynanı hələ də məğlub edə bilməyib. Rusiya ordusunun əvvəlki qədər güc sahibi olmadığını deyə bilərikmi?

– Görünən odur ki, bir çoxları arzuladıqları ssenaridən çıxış edirlər. Əsas tendensiya ondan ibarətdir ki, həm Rusiyada, həm də Qərbdə insanların əksəriyyəti Putinin fevralın 24-dəki hadisəyə icazə verəcəyini ciddi şəkildə düşünmürdülər. ABŞ kəşfiyyatı bu ssenari barədə məlumat vermiş olsa da, onun xəbərdarlığını çox az adam ciddi qəbul etdi. Lakin son illər Ukrayna tam şəkildə silahlanmışdı və onun qüvvələri təxminən on il ərzində gözləniləndən daha yaxşı təlim keçmişdi. Rusiyanın orada davamlı irəliləyiş əldə edə bilməməsinin səbəbi təkcə rəsmi Kiyevə göstərilən dəstəyin miqyası ilə əlaqədar deyil, Ukraynanın yaşayış massivlərini hərbiləşdirməsi ilə də bağlıdır. 

– Bəs Ukraynanın ordusu, hərbi texnikası barədə nə düşünürsünüz? Avropa İttifaqı ölkələri Ukraynanı silahla dəstəkləyir. Ukraynaya kifayət qədər hərbi yardım göstərilib. Onun qələbə çala bilməməsinin arxasında nə dayanır? Düşünürsünüzmü ki, Ukrayna ordusu müasir texnikalardan istifadədə çətinlik çəkir?

– Əvvəl də bildirdiyim kimi, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Arestoviç martın sonunda iddia etdi ki, Rusiya ölkəsinin bütün hərbi sənaye kompleksini məhv edib. Bu o deməkdir ki, Ukrayna qüvvələri o vaxtdan indiyədək sırf xarici hərbi yardım hesabına sağ qalıb. Onların aldığı yardım yüksək səviyyədə olmasına baxmayaraq, hələ də onlar maksimalist məqsədlərinə çata bilmir.  

Onu da qeyd etmək yerinə düşər ki, Kiyev Almaniya kimi bəzi dövlətlərin vəd etdikləri hərbi yardımı çatdırmaqdan çəkindiyini deyir və bundan narazı olduğunu bildirir. Lakin Ukraynaya göstərilən dəstəklərin hamısı az və ya çox müharibədə rol oynayıb. İndiyə qədər münaqişə ilə bağlı ən böyük yanlış təsəvvürlərdən biri odur ki, bu və ya digər Qərb silahı oyunu dəyişdirəcək. Ukrayna tərəfdarlarını həvəsləndirəcək bu iddialar Qərb hərbi-sənaye kompleksinin üzvləri və onların lobbilərini gücləndirmək üçün ortaya atılır.

Proqnozlaşdırılan nəticə ondan ibarətdir ki, münaqişə daha da genişlənəcək və bu da öz növbəsində daha çox dağıntıya və bəlkə də, mülki əhali arasında itkilərə səbəb olacaq, baxmayaraq ki, bu “qüvvələr balansının” hərbi tendensiyanı dəyişib-dəyişdirməyəcəyi bəlli deyil. Diqqət yetirilməsi lazım olan başqa bir məqam ondan ibarətdir ki, ağır silahlar lazımi təlim tələb edir, lakin Ukrayna qüvvələrinin bu prosesdən tələsik keçdiyi deyilir, buna görə də onların mürəkkəb texnikanı o qədər də yaxşı idarə edəcəyini gözləmək olmaz.
Kiyev üçün başqa bir problem, Rusiyanın mənəviyyatının onların tərəfdarlarının iddia etdiyi kimi aşağı olmamasıdır. Moskva silahlı qüvvələrinin sıravi üzvləri əməliyyat başladığı zaman irəli sürülən böyük strateji məqsədləri tam dərk edə bilməyiblər.

Aqil Vəlili

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir