Keşməkeşli bu yoldan köhnə kişilər keçib
Kəlbəcərdə yetişən tarixi şəxsiyyətlər barəsində ayrıca söz açılmalıdır. Hələlik isə hər bir şəxsiyyətin doğu lduğu ocaq, böyüdüyü kənd, xidmət göstərdiyi sahə barədə toplanan və oxucuların, geniş ictimaiyyətin diqqətinə çatdırılan xeyli sayda kitablar nəşr edilməkdədir ki, bu, alqışlanasıdır. Doğrudur, bəzən bu sahədə də müəyyən pafos özünü gizlətmir. Cəmiyyət və el-oba, doğulduğu kənd-kəsək üçün can yandırmayanlar haqqında da çəkisinə görə «Hellas»a oxşayan, sanbalına görə isə «Tarixi-Nadir»dən dəyəri çox olmayan kitablar yazdırmağa çalışır və bəzən də bu bayağılığı təbliğ edirlər. Bəlkə də burada bir sistemlik lazımdır, axı, hər doğulan və müəyyən vəzifə sahibi olanlar cəmiyyətdə aparıcı mövqeyə sahib ola bilmirlər, onları ictimaiyyətə təqdim etmək üçün faktların zənginliyi nəzərə alınmalıdır, bir sözlə, şəxsiyyət kimi formalaşmayanlar barəsində «dastan» yazmağa dəyərmi? Lakin elə tarixi şəxsiyyətlərimiz də olub ki, onlar fəaliyyətləri dövründə atdığı hər bir addım xalq və millətin inkişafında, güzəranının yaxşılaşdırılmasında, elm-sənət sahəsində maddi və mənəvi dayağa çevrilmişlər. Bəli, belə şəxslərin şəxsiyyətədək keçdikləri yola nəzər salmaq, örnək kimi gələcək nəsillərə saxlamaq lazımdır. Elə haqqında sayı və sanbalı çox faktlarla söz açılan, uzun illər çalışdığı sahədə el-obasının, daha sonra xalqının və millətinin sosial və mənəvi dayağına çevrilmiş, müharibə illərində od-alovun içərisindən çıxıb, yarıməsrlik bir ictimai fəaliyyətlə də şərəfli xidmət göstərmiş, sazın-sözün vurğunu, təəssübkeşi Tapdıq Mehdi oğlu Cəfərov da belələrindən.
Mən kəlbəcərlilərin həyat və məişəti barədə dəfələrlə istər qəzet səhifələrində, istərsə də indiyə kimi nəşr olunan çoxsaylı kitablarımda söz açmışdım. Mənə elə gəlirdi ki, yaddan çıxan olmayıb, lakin Kəlbəcər özü zəngin bir yer, coğrafi məkan olduğundan, onun insanlarının da fədakarlığı, zəhmətsevərliyi, sözün əsl mənasında, bütövlüyü respublikamızda diqqət mərkəzindədir. Yerigəlmişəkən, Oqtay Tapdıqoğlunun fədakarcasına arayıb-axtardığı və topladığı materiallarda təkcə Tapdıq dayının həyat və fəaliyyəti əks olunmayıb, eyni zamanda, oradakı faktlar Kəlbəcərin ictimai-siyasi həyatında da mühüm əhəmiyyət daşıyan hadisələri özündə saxlayan və bugünümüzə çatdıran foto-şəkillər, əsl arxiv materiallarıdır. Tapdıq Cəfərov Kəlbəcərin ictimai həyatında atdığı hər bir kiçik addım belə rayonun sosial-mədəni inkişafında mühüm rol oynayıb. Kəlbəcərə bir vaxtlar möcüzələr diyarı və minbir dərdin dərmanı bulaqlar səltənəti kimi baxan qonaqlar ilk növbədə Tapdıq Cəfərov kimi tanınmış, qonaq-qaralı ziyalılarımızın qapısını açmış, səxavət və mərhəmət, sədaqət və mədəniyyət görmüşlər…
Portret oçerklərdə, xatirə və publisistik yazılarda obrazlaşdırılmış iki cəbhənin (döyüşlərin və sonradan dinc quruculuq illərinin) qəhrəmanı Tapdıq Cəfərov köklü-budaqlı bir palıd ağacını xatırladır insana.
Tapdıq Cəfərov bütöv bir şəxsiyyətdir! Onun ömür salnaməsinə aydınlıq gətirən materiallardan da görünür ki, o, şəxsiyyətə doğru aparan yolun yolçusu olmuş və zirvəyə hünər və cəsarətlə yüksəlmişdir.
Və beləliklə, gəlin tarix və şəxsiyyətlərin bir-birindən doğrudan da ayrılmaz olduğuna nəzər yetirək. Mənim üçün çətin deyil ona görə ki, Tapdıq Cəfərovun obrazını yaxınlarından çox, onun keçmiş dostları, iş yoldaşları və kənardan onu müşahidə edən müasirləri söz açır, danışır və heyfslənirlər ki, əgər Kəlbəcər düşmən tərəfindən işğal olunmasaydı, mütləq Tapdıq Cəfərovun adı tarixləşər, inkişafında xidmətləri daha çox olan Kəlbəcərdə onun adını daşıyan küçə və ya məssisə olardı.
Dünyanın indiyədək yetişdirdiyi tarixi şəxsiyyətlərin böyük bir qismi mənsub olduğu xalının taleyində həlledici roluna görə, ölməzlik qazanmışdır, elə haqqında bəhs etdiyimiz Tapdıq Cəfərov kimi.
Bu baxımdan çoxsaylı faktlarla zəngin olan bir topluda Tapdıq Cəfərov də şəxslikdən şəxsiyyətədək bir yol, həm də əzablı, od-alovdan keçən bir ömür yaşadı. Bax, budur Onun böyüklüyü, yüksəkldiyi ucalıq! Nəinki doğulduğu Kəlbəcərdə, Vətəni Azərbaycanda, keçmiş SSRİ məkanında sayılıb-seçilən, adı şərəflə çəkilən, başı zirvələrlələ yanaşı duran, şöhrəti, məharəti, qeyrəti, dəyanəti, sədaqəti ilə nümunəyə çevrilmiş Tapdıq əminin ölümündən sonrakı ömrü (hətta ikinci həyatını O, Böyük Vətən müharibəsi illərindən sonra yaşadı-M.N.) daha uzun və yaddaqalan olacaq.
Tapdıq Cəfərov Kəlbəcərin yetişdirib Azərbaycan xalqına verdiyi tarixi şəxsiyyətlərdən biri kimi, bütün həyatını xalqına, millətinə, vətəninə həsr etməklə yanaşı, həm də Kəlbəcərinin konkret bir sahəsini istənilən və gözlənilən səviyyəyə yüksəltmişdir. Ona görə Tapdıq Cəfərovun adı tarixi şəxsiyyətlərin sırasında çəkilməlidir ki, onun həyatının müxtəlif anları, məqamları ictimai əhəmiyyət daşıyıb. Məsələn, deyək ki, Kəlbəcər və onun inkişfında Tapdıq Cəfərovun əməyi təkcə fərdi qaydada olmayıb. Kəlbəcərin sosial-mədəni inkişafında mühüm əhəmiyyət daşıyan rabitə sahəsindəki xidmətləri bəs edir deyəsən ki, Tapdıq Cəfərov Milli Qəhrəman, yaxud o zaman daha əzəmətli və şöhrətli səslənən Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olub. Belə şəxsiyyətlər haqqında yazılan yüzlərlə kitablar, elmi işlər bu fikri bir daha təsdiq edir.
Tapdıq Cəfərovun həyatının ayrı-ayrı məqamlarındakı insanpərvərlik və vətənpərvərlik hissləri barədə onun müasirləri, onu yaxından tanıyan və təmasda olanların çoxsaylı xatirələri toplanıb bu kitabda. Ona görə də mən əsərin qəhrəmanının bütövləşmiş obrazı barədə söz açmaq üçün fəlsəfənin verdiyi imkanlardan istifadə etməyə çalışacağam. Tapdıq Cəfərovun ömür yollarını getmək hər kəsə nəsib ola bilməzdi və ola bilmədi. O, təkcə 50 ilə yaxın çalışdığı rabitə sahəsindəki xidmətləri ilə şana-şöhrətə nail olmamışdı, 1941-1945-ci illər müharibəsində, mən deyərdim ki, Azərbaycanı təmsil edən qəhrəmanlarımızdan biri səviyyəsində də tanınmışdı. Oğlu Oqtay müəllimin də qələmə aldığı xatirələrdə bu, bir daha özünü faktlar əsasında təsdiqləyir. O, aöieaea yyeeoe eey yaaeoe bilinməyən sıradan biri deyildi. Kəlbəcər belə tarixi şəxsiyyətləri az yetirmədi xalqımıza, Vətənimizə. O zamanlar isə Vətən daha geniş məkan kimi nəzərdə tutulurdu və orada tanınmaq, məşhurlaşmaq, şan-şöhrət sahibi olmaq o qədər də asan deyildi, illah da ki, sən türk, müsəlman olasan…
Daim birincilik, öncüllük uğrunda da can atmadı, sakit tərzdə, öz guşənişində başını aşağı salıb işi və vəzifəsi ilə məşğul oldu, digər müdirlərdən və məmurlardan fərqli bir rəhbər ömrü yaşadı və yaşatdı onun tapşırıqları ilə xalqa xidmət edən sıraviləri, kasıbları, imkansızları. Onlar da Onu sevdilər, digərlərindən fərqli olaraq, Onun adı gələndə «bizim müdir sizinkinin tayı deyil, O, kollektivin mənəvi atasıdır»,-dedilər.
Tapdıq Cəfərovu Kəlbəcərdə təkcə rabitə qovşağının rəisi kimi deyil, Böyük Vətən müharibəsinin canlı ensklopediyası sayırdılar. Onunla keçirilən hər görüş gənc nəslin yaddaşında düşmənə nifrət nə qədər güclənirdisə, vətənə, torpağa, el-obaya məhəbbət bir o qədər artırdı. Tapdıq Cəfərovun ömrü örnək oldu. Kişilər ona oxşamağa, gənclər onun kimi döyüşməyi bacarmaq istədilər. Kəlbəcərin mühasirədə olduğu illərdə sərhəd məntəqələrinin vəziyyətini öyrənən, müdafiəçilərimizin yaxın dostuna və əsl komandirinə çevrilən Tapdıq Cəfərov keçdiyi döyüş yollarından, çəkilən əzab və iztirablardan, düşmənin məkrindən danışdıqca gözləri qarşısında faşistlərin qəddarlığı ilə ermənilərin vandalizm hərəkətləri eyniləşirdi.
Çox məşəqqətli bir ömür yolu keçmişdi Tapdıq Cəfərov, hər şeyi olduğu kimi gənc nəslə çatdıra bilmirdi. ×ünki o illərin ağrıları, iztirab və qorxuları sovet döyüşçüsünün bədənində də az izlər buraxmamışdı. Bir həftə torpaq uçqununun altında, alman faşistlərinin qoxlanmış meyitlərinin arasında qalmaq və sonradan ikinci həyatı yaşayaraq, ölümsüzlük qazanan, Vətəninin harayına çatan Tapdıq Cəfərov erməni quldur dəstələrinin də azğınlaşmış hərəkətlərindən hiddətlənir, indiki nəslin də müharibənin od-alovundan keçəcəyini gözləri önünə gətirirdi. Budəfəki döyüş kişiyana deyildi. Qarşı-qarşıya döyüşən ordu deyildi, oğru, quldur, satqın saqqallı dığalar kol-kosa girib dinc insanları terrora məruz qoyurdular. Stadionda oynayarkən hərbi vertolyotun qanlı pərləri ilə tikə-parça olunan 8 kəlbəcərli oğlan uşağının (onlar həm də azyaşlı və məktəbyaşlı idilər) amansızcasına məhvini bağışlaya bilmirdi. Vaxtilə döyüşən ordunun sıralarında böyük mənada Vətənin keşiyində kişi kimi dayandığından qürurlanan Tapdıq Cəfərov Ermənistan-Azərbaycan qarşıdurmasının əsl səbəbini anlayır, düşmənin məkrinin siyasi xarakter olduğunu anlayıb məyus olur, amma dərdini kimsəyə açmağı özünə, qüruruna sığışdırmırdı.
Keçmiş döyüşçünün sinəsini bəzəyən orden və medallar onun hansı rəşadətlərə çatdığnı göstərirdi. Mötəbər məclislərdə, ictimai tədbirlərdə Tapdıq Cəfərovun keçdiyi döyüş yolu və həyatı ilə fəaliyyəti nümunəyə çevrilirdi. Təfərrüata onun bütövlükdə obrazını sözlə ifadə etmək əvəzinə, xarakter cizgilərinin fəlsəfi anlamına daha çox diqqət yetirməli oldum. Mənə elə gəlir ki, Tapdıq Cəfərovun nəsil şəcərəsinin dərin qatlarına getdikcə daha sanballı və açılması vacib olan faktlarla qarşılaşa bilərdik. Bunun da mümkünsüzlüyü ondadır ki, nəslin şəcərəsini vaxtilə yazmaq və saxlamaq sovet hakimiyyəti və ondan əvvəlki dövrlərdə, qərinələrdə ya yada düşməyib, ya da ki, əhəmiyyət verilməyib. Lakin bu gün belə tarixi şəxsiyyətlərin örnək ömrünün ayrı-ayrı səhifələrindəki şərəfli anları unutmaq, ən azı, bağışlanmazdır.
Mən daha vacib bir məqamı da xatırlatmaq istərdim. Tapdıq Cəfərovun peşəsinin layiqli davamçısı olan Oqtay Tapdıqoğlu ilə bu iş barəsində dəfələrlə söhbətlərimiz olmuş, hər ikimiz həm tərəddüd etmiş, həm də işin ciddiliyini anlamalı olduğumuzu bildirmişik bir-birimizə. Oqtay Tapdıqoğlu şərəfli bir işin məsləhətçi olduğunu bilir və hiss edirdi ki, qarşıda onu çətinliklərlə yanaşı, sevindirci faktlar da gözləyir. Və doğrudan da belə oldu. Gözlədiyimiz və gözləmədiyimiz tutarlı, sanballı faktlar və detallar Tapdıq Cəfərovun ömür salnaməsini bir qədər də zənginləşdirdi. O, baxışlarımda bir az da ucaldı, zirvələşdi və əbədiləşdi. Əbədi ömrün mübarək, Tapdıq əmi! İnşallah, Kəlbəcərdə adını və şərəfini qoruyarıq. Adının əbədiləşdirilməsi üçün faktların, təsdiqləyici əməllər, gördüyün işlər yetərincədir. Yeriniz behişt olsun ki, yerinizdə, yurdunuzda sevimli balaları və sizi sevən yurddaşlarınızı qoyub getmisiz. O yurdlarda, oba-oymaqlarda sizi yad, uyuduğunuz torpağı isə ziyarət etməyə bizim də bir diləyimiz var. Bilirsənmi ki, Kəlbəcərsiz neçə ildir dözürük? Dözə bilməyənlərin biri də ömür-gün dostunuz, Sizin yadigar balalarınızın anası Məleykə xanım oldu. Ayrılığın sonu olmaz deyirlər, amma, var imiş. Ömrünü, gününü, həyatını Sizin və balalarınızın qulluğunda durmağa həsr etmiş Məleykə xanım bu kitabın tezliklə nəşr olunmasını arzulamışdı. Səbri çatmadığı kimi, ömrü də yetmədi ki, Sizin şərəfli ömür yolunuzdan söz açan bu toplunu vərəqləyib, nurdan düşmüş baxışlarını diksin Sizin müharibədən qayıdıb Kəlbəcərdə qurub-yaratdığınız illərdən qalan yadigar şəkillərə və ürəyində pıçıltı ilə söyləsin: «Sənə deyirdimmi balaların adını şərəflə daşıyacaq, xidmətlərin unudulmayacaq. Bax, indi ömrün örnəyə çevrilib, dastanlaşır, nağıllaşır»…
Bunları söyləməyə Məleykə ananın ömrü çatmadı, qırılıb qaldı. Deyirdi ki, Kəlbəcərə dönməyə Tanrı ona imkan verəcək. İstəyirdi ki, qayıdıb sənin və həmçinin dünyadan köçmüşlərinizin müqəddəs məzarlarını, uyuduğun torpağı ziyarət edib, qaçqın-köçkünlük həyatının acı, iztirablı günlərindən gileylənsin.
Demək istədiklərim kitabın ayrı-ayrı bölmələrində, səhifələrində, sətirlərindədir. Tapdıq Cəfərovun ömür yolu uzundan-uzun, qısadan-qısadır. Yolçu yolda gərək, üzü Kəlbəcərə, yönü qibləmiz olan dağlara Tanrı bir yol açsın! Aç, sən də bu kitabı sadəcə, vərəqləmə, oxu, səbrinə, dözümünə və bir də Tapdıq Cəfərov kimi kişilərin narahat ruhlarına nur çilənsin deyə, oxu bu kitabı, vərəqəlyib kənara qoyma, sabaha saxlama, sabaha qoyduğumuz işlərin ağrı-acısını bir daha yaşamamaq üçün. Bu, sənin və mənim – hamımızın borcudur…
Məhəmməd Nərimanoğlu
www.102info.az
