İyun ayının 1-də paytaxtımız Bakı şəhərində tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Bakı Enerji Həftəsi çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə keçirilən bu mötəbər tədbir dövlətlərarası iqtisadi əməkdaşlıq üçün yeni üfüqlər açacaq, münasibətlərə töhfələr verəcəkdir. Dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft-Qaz sərgiləri və keçirilən konfranslar həmişə uğurla nəticələnib və xalqlararası əməkdaşlığın genişlənməsinə stimul yaradıb. Böyük maraqla qarşılanan belə tədbirlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, “Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir”.
Bu gün Azərbaycan müasir və demokratik dövlət kimi sürətlə və yüksək templə inkişaf edir. Mütərəqqi sosial–iqtisadi islahatlar davamlı surətdə həyata keçirilir. Yaradılan istehsal, emal və xidmət sahələrinin müasir və rəqabətqabiliyyətli olması üçün operativ surətdə lazımi tədbirlər həyata keçirilir, beynəlxalq əhəmiyyətlü ən müasir layihələr reallaşdırılır. Buna görə də ölkədə ümumi daxili məhsul istehsalının artımı davamlıdır.
Dövlət başçısı yeni reallıqlar şəraitində Zəngəzur dəhlizinin potensialından da bəhs edib: “Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir”.
Eyni zamanda həyata keçirilən qlobal layihələr, uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan inkişaf göstəriciləri haqda danışılıb: “Burada qeyd etdiklərimin hamısı daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Biz bunun nəticəsini görürük və diqqətinizə cari ilin bəzi göstəricilərini təqdim etmək istəyirəm. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və topladığımız gəlirlərin yönləndirilməsinin təzahürüdür”.
Beləliklə, artıq ölkə özünü bölgədə müasir, dünyəvi, güclü dövlət kimi təsdiqləyib və beynəlxalq əməkdaşlığımız bütün qitələrdə durmadan genişləndirir. Ölkənin hərtərəfli davamlı və uğurlu gələcəyə istiqamətlənmiş inkişafı artıq reallıqdır.
Ramilə Seyidova Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri
www.102info.az
