Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində iyun ayının 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir. 50 ölkəni təmsil edən nümayəndənin iştirak etdiyi Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da iştirak etmiş və geniş nitq söyləmişdir. Ölkə başçımız öz nitqində bütün dünyanı təhdid edən problemlərdən, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərindən bəhs etmişdir.
Cənab Prezident xüsusi olaraq vurğilamışdır ki, Cənubi Qafqaz regionunda sabitliyin qorunması və inkişafı istiqamatində ən böyük təhdid Ermənistanın 90-cı illərin əvvəllərindən etibarən yürütdüyü işğalçılıq siyasətidir. Məhz bu siyasət nəticəsində Azərbaycanın tarixi torpaqları olan Qarabağ və ətraf ərazilərimiz mənfur düşmənimiz tərəfindən işğal edilmiş və 30 ilə yaxın müddətdə işğal altında qalaraq vandalizmin qurbanına çevrilmişdir. Təəssüflər olsun ki, Ermənistanın təcavüzkar siyasətinə qarşı tamaşaçı rolunda iştirak edən dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən ötən müddət ərzində heç bir əsaslı iş görülməmişdir. Yalnız xalqımızın qətiyyəti və ordumuzun rəşadəti sayəsində işğal altındakı torpaqlarımız 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə nəticəsində azad edilmiş və Azərbaycan tarixi ədaləti bərpa etmişdir. Ermənistanın 2020-ci ilin 10 noyabrında imzaladığı kapitulyasiya nəticəsində müharibə başa çatmışdır. Lakin təssüf hissi ilə qeyd etmək istəyirik ki, aradan keçən müddət ərzində Ermənistan tərəfi imzalanmış qarşılıqlı anlaşmaları icra etməkdən çəkinir. Azərbaycan dövləti olaraq müharibənin qalib tərəfi olmağımıza baxmayaraq biz Ermənistanla münasibətlərin normallaşmasının və sülh müqaviləsinin imzalanmasının tərəfdarıyıq. Çünki münaqişənin davam etdirilməsi təkcə iki dövlətə və xalqa deyil, ümumilikdə regionun inkişafına mənfi təsir göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında və bəyanatlarında dəfələrlə bildirmişdir ki, Dağlıq Qarabağ məsələsi birdəfəlik gündəlikdən çıxmışdır. Azərbaycanın ərazi bütövlüyünün qorunması beynəlxalq hüququn tərkib hissəsidir. Lakin Ermənistan tərəfi əldə olunmuş razılaşmaların icrasından boyun qaçırmaq məqsədilə hələ də Dağlıq Qarabağın statusu məsələsini, həmçinin ATƏT-in Mins Qrupunu ortaya ataraq sülhün əldə edilməsini ləngidir. Hər birimizə məlumdur ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı ərazi yoxdur və Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Ali Soveti tərəfindən 1991-ci ilin sonlarında ləğv edilib. Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsini ortaya atmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa çalışmaqdadır. Lakin unudulmamalıdır ki, tarixi-nöqteyi nəzərdən yanaşsaq bu gün Ermənistanın tərkibində olan Qərbi Zəngəzur ərazisi Azərbaycanın tarixi torpaqlarıdır və xalqımız tarixən bu ərazilərdə yaşamışdır. Azərbaycan Sovetləşdikdən sonra ötən əsrin 20-ci illərinin əvvəllərində Ermənistana peşkəş edilmiş bu əraziləri tələb etmək də Azərbaycanın hüququdur. Qarabağ ərazisi digər bölgələr kimi Azərbaycanın tərkib hissəsidir və burada yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi ölkəmizdə yaşayan digər milli azlıqlar kimi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur. Ermənilər də anlamalıdır ki, Azərbaycanda yaşayan bütün xalqlar bizim milli sərvətimizdir və onların hüquqları dövlətimiz tərəfindən hərtərəfli təmin edilir. Ermənistan tərəfinin Dağlıq Qarabağın statusu haqqında danışması yalnız xəyal qurmaqdır. Bu məsələlərin gündəliyə gətirilməsi yeni bir qarşıdurmaya səbəb olacaqdır. Ermənistan İkinci Qarabağ müharibəsində aldığı dərsi heç bir zaman unutmamalı və Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidir.
Samir Baxşiyev – YAP Siyəzən rayon təşkilatının sədri.
www.102info.az
