Bayram-seyran demədən imdadımıza çatanlar: Təcili Tibbi Yardım briqadası ilə bir gün – REPORTAJ – VİDEO

Cəmiyyət
Spread the love

-“Təcili yardım buyurun…”

-“Atamın ürəyi tutub, xahiş edirəm tez gəlin”.

-“Nəsimi rayonu, Vaqif küçəsi…”

-“Uşağın bədəni bütün səpib, nəfəs almaqda da çətinlik çəkir, tez gəlin…”

-“Anamın halı pisdi kimə müraciət edim?”…

Bütün bunlar nə az, nə çox cəmi 30 dəqiqə ərzində eşitdiklərimizin çox kiçik bir hissəsidir…Tibb işçiləri isə 24 saat ərzində bu və daha dəhşətli minlərlə müraciət dinləyirlər. Bu gün sizə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verəcəm. 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır deyib, tibb işçiləri ilə bir gün keçirdik.

Bu arada deyim ki, bu gün 17 İyun – Tibb işçilərinin peşə bayramıdır. Onlar isə bayram demədən bizlərin sağlamlığının qeydinə qalmaq üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar.

Onu da qeyd edim ki, söhbət hələ yalnız Bakı Şəhəri üzrə Təcili Tibbi Yardım Mərkəzindən gedir. 12 rayonu əhatə edən Mərkəzə gündəlik dörd minə yaxın zəng daxil olur. Bu qədər zəngi isə cəmi 15 tibb bacısı cavablandırır, 16 tibb bacısı isə qəbul edərək aidiyyəti üzrə yönləndirir.

Onlar sadəcə operator deyil, tibb texnikomunu bitirən savadlı tibb bacılarıdır. Çünki bəzən vətəndaşlar poliklinika və ya sahə həkiminə müraciət etməli olduqları halda təcili tibbi yardıma zəng edirlər. Tibb bacıları isə onlara müvafiq qaydada istiqamət verməyə çalışırlar.  

139 briqada ilə çalışan Bakı Şəhər Təcili Tibbi Yardım Mərkəzi gün ərzində 1700-1800 çağırış icra edir. Həkimlər səhər saat 08:00-dan 20:00-a qədər və 20:00-dan səhər saat 08:00-a kimi olan qrafiklə iki növbədə çalışırlar.

Bakı Şəhəri üzrə Təcili Tibbi Yardım Mərkəzinin direktor müavini Nuridə Fərzəliyev Oxu.Az-a açıqlamasında deyir ki, çağrı mərkəzində çalışan tibb bacılarına əvvəlcədən işin stresi, gərginliyi və vətəndaşlarla qəti şəkildə kobud danışmağa icazə verilmədiyi barədə məlumat verilib:

“Bizim operator tibb bacılarımız gündəlik iş rejimində vətəndaşları ən gərgin durumlarında dinləyir, onlara müvafiq qaydada tövsiyə verməyə çalışırlar. Bəzən insanlar gərginlik səbəbindən operatorlarımızı söyür, tənqid edir hətta təhqir edirlər. Lakin rəhbərlik qəti şəkildə vətəndaşa kobud cavab verməyə icazə vermir. Bununla bağlı da mütəmadi psixoloqlarımız onlarla söhbət edirlər. Gündəlik 139 briqadamız 12 saatlıq iş rejimində çalışırlar. Bizdə qəbul edilən çağırışlar maksimum sürətlə briqadalara ötürülür. Bakı şəhəri üzrə 21 ərazidə təcili yardım bölməmiş var”.

Operator xanımlar paytaxt ərazisini də çox yaxşı bilməlidirlər ki, ən yaxın təcili yardım bölməsinə yönləndirə bilsinlər.

N.Fərzəliyeva deyir ki, pandemiya dövründə Bakı Şəhəri üzrə Təcili Tibbi Yardım Mərkəzi tərəfindən 3 mindən çox çağırış həyata keçirilirdi:

“Hətta elə günlər olub ki, gün ərzində çağrı mərkəzinə 10 minə yaxın zəng daxil olurdu. Pandemiya dövründə insanlar o qədər təlaşlı olurdular ki, hər problemə görə “103”-ü yığmağa üstünlük verirdilər. Biz də onları müvafiq qaydada ərazi üzrə poliklinikalara, sahə həkimlərinə yönləndirirdik”.

Bəzən vətəndaşlar təcili yardımın gec gəlməsindən, həkimlərin azlığından şikayət edirlər. Elə biz özümüz də bəzər problemlərlə razstlaşmışıq. Lakin təcili yardım briqadası ilə bir gün keçirdiyimiz zaman gözümüz şahidi olduq ki, müraciətlər maksimum qısa zamanda aidiyyəti üzrə çeşidlənir- çağırışların ağırlıq dərəcələrinə uyğun (uşaqlara, hamilə qadınlara və yol qəzaları  və s. həyati riski olan çağırışlara üstünlük verilir) formada ardıcıllıqla bölünür.

Lakin paytaxt yollarındakı tıxac, eləcə də ambulans və yanğından mühafizə maşınları üçün xüsusi yolların ayrılmaması briqadaların ünvana çatmasına ciddi maneə yaradır. Bu məsələdə əksər hallarda tibb işçilərinin bir günahı yoxdur.

TTYM-in direktor müavini onu da əlavə edib ki, həkimlər hər gün çox gərgin iş qrafiki ilə çalışır:

“Ən azı hər bir briqada gün ərzində 12-14 çağırış icra edir. Ümumiyyətlə isə bir briqada bir çağırışa 40 dəqiqə vaxt sərf etməlidir. Bu müəyyən olunmuş beynəlxalq standartlardır. Normada 10-12 çağırış normal şəkildə icra oluna bilir. Pandemiya dövründə isə briqadalarımız 20-25 çağrı icra edirdilər”.

Maraqlı məqamlardan biri isə çağrı mərkəzində çalışan işçilərin yalnız xanımlar olmasıdır. Buna səbəb işin çətinliyinə bəylərin sinir sistemlərinin tab gətirməməsidir:

“Bizim mərkəzda çalışan operatorların hamısı xanımlardır. Çünki gün ərzində yüzlərlə insanın iradlarına, gərgin danışıqlarına, söyüşlərinə ancaq xanımlar səbrlə dözə bilər. Kişilər buna tab gətirə bilmir və bir dəfə, iki dəfədən sonra böyük ehtimalla onlar da kobud cavab verə bilərlər”.

Bunu deməyə əsas yoxdur, çünki zaman-zaman sosial şəbəkələrdə bəzi vətəndaşların əsassız yerə “103”-ə zəng eədərk operatorların vaxtını aldığının, onları məsxərəyə saldığının da şahidi olmuşuq. Bunun müqabilində tibb bacılarının, həkimlərin təmkinli cavab vermələri düşünürəm ki, təqdirə layiqdir.

N.Fərzəliyeva onu da əlavə edib ki, ötən ay ərzində təxminən 50-60 min arası çağırış icra edilib, 100 minə yaxın isə zəng daxil olub.

Təcili tibbi yardım avtomobilləri ilkin yardım üçün zəruri olan bütün cihazlar və dərman preparatları ilə təmin olunub. Xüsusilə qeyd edək ki, paytaxt üzrə 21 təcili yardım bölməsinin hər birində 1 avtomobil səyyar reanimasiyanı əvəz edəcək müasir texnologiyalara cavab verir. Həkimlər ona təkər üzərində kiçik reanimasion blok adlandırır.

Həkim briqadası ilə işə mane olmamaq şərtilə ən yaxın çağırışlardan birində onların müşayət etdik. Nəticə odur ki, həqiqətən də savadlı, işinin əhli olan həkimlərin, tibb işçilərinin haqqı ödənməzdir.

Bu həyatda hər şey insan üçündür. Amma çalışaq ki, mümkün qədər yolumuz bu sayrışan işıqlı maşınlara düşməsin. Demirik ki, hər sahədə hər şey mükəmməldir, xeyr. Lakin kimsənin də əziyyətini, haqqını itirmək olmaz.

Peşəsinin haqqını verən, vətəndaşların sağlamlığı üçün doğurdan da əlindən gələni əsirgəməyən bütün tibb işçiləri, peşə bayramınız mübarək olsun!

Könül Cəfərli
FOTO: Firudin Səlimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir