Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Hüquq

İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Son illərdə Dövlət Komissiyası tərəfindən görülən işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını vurğulamışdır. Eyni zamanda bildirilmişdir ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılmışlar. 6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarmışdır.
Komissiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, itkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlərin bundan sonra da davamlı və operativ şəkildə həyata keçiriləcəyini, bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd etmişdir. Eyni zamanda Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyü və hazırkı vaxtadək hər iki ölkədən birlikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılmışdır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir