Azərbaycan Prezidenti: Hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir

Siyasət

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
Azərbaycan-Özbəkistan münasibətləri onsuz da arzuolunan səviyyədə idi. Bu münasibətlərin əsası Ulu öndər Heydər Əliyev və Özbəkistanın ilk prezidenti İslam Kərimov tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 18-19 iyun 1997-ci il tarixdə Özbəkistana rəsmi səfəri zamanı qeyd etmişdir ki: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın – onun rəhbərinin mövqeyi ilə hesablaşırlar.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatə dairəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. İki ölkə arasında 20-dək sənəd imzalanıb. Hər bir sənəd özlüyündə gələcək münasibətlərin, əməkdaşlığın əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Bu baxımdan 2023-cü ilin nəticəli il olacağına böyük əminlik ifadə edildi. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” özündə bütün məqamları ehtiva edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub.
Dövlətimizin başçısı deyib: “Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu gün imzalanan siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. “Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Onu da qeyd edək ki, bu günədək iki ölkə arasında 135 sənəd imzalanıb. Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür.
Ramilə Seyidova – Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir