Vətən müharibəsi bizim şanlı tariximizdir, Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibə- sindəki qələbəmizdə çox böyük payı var

Siyasət

Ordu quruculuğu Ulu Öndər Heydər Əliyev strategiyasının əsas hədəflərindən idi. Dahi azərbaycanlı haqlı olaraq bu sahəni diqqətdə saxlamaqla Azərbaycan Respublikasının gələcək qüdrətinin təmin olunması istiqamətində olduqca vacib və tarixi addım atdı. Beləliklə, peşəkar nizami ordunun, yüksək ixtisas təhsilli hərbçilər korpusunun yetişməsi və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması Ulu Öndərin xalq qarşısında müstəsna xidmətlərindən birinə çevrildi.
Qeyd edək ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər.Ulu Öndər Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb.
Dahi şəxsiyyətin gərgin zəhməti hesabına yaradılan ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı düşməndən azad etdi. Vətən müharibəsində hər bir əsgər və zabitimiz döyüşlərdə misilsiz şücaət göstərərək, tarixi zəfərə imza atdı. Düşmən hərbi birləşmələrinin qorxulu kabusuna çevrilmiş Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin qəhrəmanlığı isə dünyanın hərbi dərslikləri üçün əyani vəsait kimi dəyərləndirildi. Qırx dörd günlük savaş zamanı əlçatmaz qayalıqlara dırmaşaraq, düşmənə süngü ilə zərbə endirən, onu sarsıdan Xüsusi Təyinatlılarımız Vətənə sədaqət nümunəsi göstərdi. Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbçilər qarşısında çıxış edərkən, bununla bağlı dedi: “Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı – yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər…”.“Vətən müharibəsi bizim şanlı tariximizdir, Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsindəki qələbəmizdə çox böyük payı var”,- deyən ölkə başçısı haqlı olaraq qeyd etdi ki, xalqımız bu qəhrəmanlarla fəxr edir.
Məhz belə igid, cəsur oğullarımızın misilsiz şücaəti ilə Ermənistan ordusu İkinci Qarabağ müharibəsində tamamilə məhv edildi. İşğalçı hərbi birləşmələrin texnikasının qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş olunur. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdi ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, ancaq biz onları paytaxtımıza məhv edilmiş, sıradan çıxarılmış vəziyyətdə gətirdik…
Mübaliğəsiz demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdən idi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.
Ali Baş Komandan İlham Əliyev daima xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdədir. Heç də hər hərbçi Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdəndir. Burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir. Onların sırasında müxtəlif tipli snayper silahları, pulemyotlar, tapançalar, tank əleyhinə idarəolunan raket kompleksləri, qumbara və qumbaraatanlar, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və sair var. Yerli sənayemizin istehsal etdiyi məhsullar da Xüsusi Təyinatlı Qüvvələr tərəfindən döyüşlərdə uğurla istifadə edilib.
Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. Mövcud qoşun növlərinin təkmilləşdirilməsi, yeni qoşun növlərinin yaradılması bu prosesin tərkib hissəsidir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariya hazırdır. Həmişə olduğu kimi – hərb meydanında ləyaqət, şərəf və ədalət davranışı göstərmək şərti ilə.
Prezident İlham Əliyev siyasi, iqtisadi müstəvidə apardığı uğurlu siyasətlə ölkəmizin inkişafını təmin edirsə, bu yüksəlişin, tərəqqinin güc qarantı da Azərbaycan Silahlı Qüvvələridir. Zəfər savaşından sonra dünya Azərbaycan dövlətinin üçlü güc sisteminə–Prezident, ordu və xalq birliyinə şahid oldu. Dövlətimizi və bayrağımızı qələbə zirvəsinə ucaldan bu birliyin əbədiliyi isə sonsuzdur.

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir