Tosunun yaratdığı alternativ əyləncə, mahiyyətinə varmadığı təhqir və “lüks” həyatı

Cəmiyyət

Kubra Məhərrəmova yazır…

Bir daha şahid oldum ki, bizim cəmiyyət çox qəddardır. İfadə olunmayacaq qədər qəddar. Kinli və aqressiv. Heç kimin uğuruna sevinməyən, mərhəmət hissindən uzaq. Məmuru, varlını, imkanlı adamı görəndə ikiqat olub, zəif, kimsəsiz birini görəndə onu məhv etməyə hazır olanlar.

İndi deyəcəksiniz ki, nə oldu birdən? Guya birinci dəfədir belə hal ilə rastlaşırıq. Xeyr, birinci dəfə deyil, amma budəfəki bütün sərhədləri aşdı desək, yanılmarıq.

Bu gün internet fenomeni kimi tanınan “Tosu Zəngilanski” dünyasını dəyişdi. Rəqəmsal dünyada çəkisi olan Tosunun ölüm xəbəri ildırım sürəti ilə müxtəlif səhifələrdə paylaşıldı və həmin xəbərlərə insanların yazdığı şərhlər heç bir çərçivəyə sığmadı. Təhqir edən kim, alçaldıcı ifadələr yazan kim, Tosunun ölümünə sevinən kim.

Birincisi bir insanın ölümünə niyə sevinəsən axı? Hansı mənəviyyatın daşıyıcı olmalısan ki, kiminsə ölümünə sevinəsən. İkincisi adam ömür boyu onsuz da bu cəmiyyətdə çətinliklə yaşayıb, sağlamlığında problemi olub, fiziki məhdudiyyətli olub. Buna görə də elə bizim “gözəl insanlarımız” tərəfindən lağa qoyulub, aşağılanıb. Axı Tosu heç kimdən rüşvət almayıb, ev yıxmayıb, şər atıb kimisə tutdurmayıb. Öz dünyasında, öz aləmində yaşayıb. Bir-iki məclisə gedib, beş-üç manat pul qazanıb deyə nifrətə məruz qalıb. Yenə də lağ ediblər, təhqir ediblər, alçaldıblar. Son bir-iki ildə əli çörəyə çatdı deyə yıxıb-sürüyüblər.

İndi də yazılan şərhlər… Biri yazıb ki, nə olsun ki, ölüb. Heç şəhidlərin fotosunu bu qədər paylaşmadınız! Qardaşım, bu nə spekulyasiya, bu nə manipulyasiyadır? Şəhidlər və şəhidlik üzərindən aparılan pararlellik nədir? Onda sabah sənin yaxınların da dünyasını dəyişəndə biz yazaq ki, “vay-vay-vay, heç şəhidlərimiz üçün belə ağlamadı, belə ehsan vermədi!” Şəhidlər heç bir müqayisəyə, heç bir analogiya aparıla bilməyəcək qədər yüksək məqamdır. Xalq olaraq da şəhidin də, şəhidliyin də ağırlığını, yükünü bilirik.

Bəzən düşünürəm ki, konstitusiyada şəhidlərin adından danışmaq üçün nəsə bir hüquqi baza yaradılmalıdır. Yəni şəhid adını dilinə gətirilməsi  üçün hər kəsə ixtiyar verilməməlidir. Çünki nəticədə ortalığa belə cılız və eybəcər hal çıxır. Sosial şəbəkələrdə guya şəhidlərin mənafeyini güdən adamı gedib yoxlasan, bəlkə də məlum olar ki, özü fəraridir. Ya da hansısa yolla ordudan yayınıb. Amma sosial şəbəkədə olub “şir-aslan məllim”. Tosunun öz dediyinə əsasən isə doğma dayısı Birinci Qarabağ müharibəsində şəhid olub. Tosu da ömür boyu zülm çəkib. Ölən kimi isə “şir-aslan məllim” və “məllimələr” zəhərlərini tökdülər Tosunun üzərinə. Amma lap dərinə nəzər salsaq görərik ki, Tosu cəmiyyətin güzgüsü idi. Cəmiyyətdə baş verənlərin ən doğru identifikasiyası idi. İnsanlar arasında olan münasibətlərin, qeyri-səmimiliyin, yalan və ifratın əksi idi. Bahalı maşınların, bahalı məclislərin, bahalı adamların zövqünün göstəricisi idi Tosu.

Özü də bilmədən bir daha kütlənin iç üzünü açıb getdi.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir