Suçiçəyi virusuna yoluxma ilə bağlı son vəziyyət necədir?

Cəmiyyət

Suçiçəyi virusuna yoluxma halları azalmağa doğru gedir.

Bu barədə 102info.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

“Suçiçəyi hava-damcı yolu ilə yayılan, əsasən payız-yaz mövsümlərində uşaqlar arasında daha çox qeydə alınan yoluxucu xəstəlikdir. Bu mövsümlərdə xəstəlik səviyyəsində bir qədər artımın müşahidə olunması təbiidir, çünki payız və yazda havaların qeyri-stabil keçməsi ilə əlaqədar orqanizmin immuniteti zəifləyir və yoluxucu xəstəliklərə qarşı daha həssas olur”, – deyə mərkəzdən bildirilib.

Qeyd edilib ki, meymunçiçəyi virusu ölkədə aşkarlanmasa da, suçiçəyi ilə eyni xüsusiyyətləri daşıması insanlar arasında narahatlıq yaradıb. Tibb işçilərindən fərqli olaraq sıravi insanlar bu iki virusu bir birindən necə ayırmalıdır sualına isə belə cavab verilib:

“Bugünkü tarixədək ölkə ərazisində meymunçiçəyi virusuna yoluxma halları qeyd edilməyib. Suçiçəyi və ya hər hansı bir yoluxucu xəstəliyə şübhə yaranarsa, ilk növbədə həkimə müraciət etmək lazımdır. Suçiçəyi və meymunçiçəyi xəstəlikləri heç də oxşar klinikaya malik deyildir və xəstəliyin diaqnostikası yalnız həkim tərəfindən aparılmalıdır”.

Mərkəzdən çimərlik mövsümündə meymunçiçəyi virusunun yayılma ehtimalının olmadığını bildirilib.

Məlumatda o da qeyd edilib ki, meymunçiçəyi virusunun insanlara ötürülməsi üçün endemik ölkələrlə əlaqəsi olan xəstə insanla uzunmüddətli və sıx təmasın olması vacibdir.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir