Rusiya-Iran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülərək Azərbaycanda, Qarabağda məskunlaşdırılıb

Siyasət

May ayının 27-də dövlət başçımız İlham Əliyev cənabları Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxış edərkən bir çox məsələlərlə yanaşı ermənilərin tarixi Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülmələrindən və bunun xalqımız üçün ağır nəticələrindən geniş bəhs etmişdir. Cənab Prezidentin tarixi mənbələrə əsaslanan bu çıxışı olduqca əhəmiyyətli və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində isə olduqca önəmli idi.
Qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti Sovet işğalı nəticəsində süqut etdikdən sonra tarix boyu ərazilərimizi işğal etməyə çalışan mənfur düşmənlərimizin öz niyyətlərini həyata keçirmələri üçün əlverişli şərait yaranmış oldu. Xüsusilə Sovet Rusiyası tərəfindən Azərbaycanın tarixi torpaqları olan Şərur-Dərələyəz və Qərbi Zəngəzurun Ermənistana verilməsindən sonra ermənilərin hədəfində Qarabağın Dağlıq hissəsinin onlara verilməsi idi. Nəzərə alsaq ki, mənfur düşmənlərimizin bu məkrli planının reallaşması üçün hələ Çar Rusiyası dövründə bir sıra məqsədyönlü planlar həyata keçirilmişdi. Belə ki, Rusiya-İran müharibəsində imzalanmış Türkmənçay müqaviləsi və Rusiya-Osmanlı müharibəsində imzalanmış Ədirnə müqaviləsinin şərtlərinə görə İranda və Şərqi Anadoluda yaşayan ermənilər məqsədli şəkildə Azərbaycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə köçürülmüş və burada demoqrafiq vəziyyət ermənilərin xeyrinə dəyişdirilmişdi. Azərbaycan sovetləşdikdən sonra ermənilər Dağlıq Qarabağın onlara verilməsini açıq şəkildə tələb etməyə başladılar. Ermənilərin bu mənfur niyyətlərini həyata keçirmələrində Sovet rəhbərliyinin yüksək səviyyədə dəstəyi ilə yanaşı Azərbaycan rəhbərliyinin laqeydliyi və milli maraqlardan çıxış etməmələri səbəb olmuşdu.
Əlverişli vəziyyətdən istifadə edən ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə məsələni RK(b)P-nın Qafqaz bürosuna çıxardılar. Bu müzakirələrdə Nəriman Nərimanovun qətiyyəti Dağlıq Qarabağın Ermənistana birbaşa birləşdirilməsinin qarşısını almış oldu. Plenum Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi. Qərara həmçinin Dağlıq Qarabağa paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi də salındı. 1923-cü il iyunun 27-də RK(b) Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu. Nəriman Nərimanovun ciddi etirazına baxmayaraq bu qərarın verilməsində Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici rolu olmuşdu. Bu qərardan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığı elan edildi. Bu isə gələcəkdə Ermənistanın və onu himayə edənlərin Qarabağ kartından öz məqsədləri üçün istifadə etməsinə şərait yaradırdı. XX əsrin sonlarında baş verən hadisələr və Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizinin mənfur düşmənlərimiz tərəfindən işğal edilməsi bunun əyani təsdiqi idi. Lakin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbəmiz nəticəsində işğal altında olan torpaqlarımız azad edildi və düşmənlərimizin çirkin niyyətləri puça çıxmış oldu. Ölkə başçımız dəfələrlə vurğulamışdır ki, “Qələbə nəticəsində Azərbaycan regionda yeni reallıqlar yaratmışdır və Azərbaycan üçün Dağlıq Qarabağ problemi birdəfəlik gündəlikdən çıxmışdır”.
Samir Baxşiyev YAP Siyəzən rayon təşkilatının sədri.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir