Canni De Byazi: “Futbolçuların konsentrasiyasını pozmaq istəmədim”

Dünya

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Qazaxıstanın “sports.kz” saytının suallarını cavablandırıb. “102info.az” həmin müsahibəni təqdim edir:

– Komandanız Millətlər Liqasında ilk oyununu Qazaxıstana qarşı keçirəcək. Turnirə uğurlu başlamaq sizin üçün nə dərəcədə vacibdir?

– Ölkəmdə belə deyirlər ki, yaxşı başlayanlar yolun artıq öz işinin yarısını həll etmiş olurlar. Bilirik ki, səfərdə yaxşı komandaya qarşı uğurlu start asan olmayacaq. Amma həm özümüz, həm Azərbaycan xalqı, həm federasiya, ən əsası isə bayrağımız üçün oradan üç xalla dönməliyik.

– İyunda bu qrupun komandaları 10 günə dörd oyun keçirəcəklər. Təqvim haqqında nə düşünürsünüz?

– Bilirəm ki, qısa müddətdə çoxlu səyahətlə dörd görüş keçirmək asan olmayacaq. Dincəlmək lazımdır, lakin bu, mümkün deyil. Bununla belə, beynəlxalq təqvim çox sıxdır.

– Azərbaycan millisinin açıqlanan ilkin heyətində cəmi 15 futbolçu yer alıb. Bu nə ilə bağlıdır?

– Çünki mayın 27-də ölkə kubokunun final matçı var idi və mən bu qarşılaşmada iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.

– Hazırda Azərbaycanın ən güclü futbolçularını Qazaxıstana gətirmək fikrindəsiniz?

– Mütləq.

– Maraqlıdır, Qazaxıstan yığmasının heyətində kimləri fərqləndirərdiniz?

– Mən adətən ümumi komandaya baxıram. Futbolçuların fərdi keyfiyyətlərini və oyun tərzini ictimaiyyət qarşısında müzakirə etmirəm. Qazaxıstan millisi yaxşı oyunçuları olan komandadır.

– Maqomed Adiyevin rəhbərliyi altındakı komandadan nə gözləmək olar?

– Düşünürəm ki, o, uğur qazanmaq, qalib gəlmək istəyir. Amma biz də eyni şeyi istəyirik.

– Oyun “Astana Arena”nın süni örtüklü meydançasında keçiriləcək. Bu, komandanız üçün problem ola bilərmi?

– Hər iki komanda üçün oyun meydançası eynidir. Şəxsən belə meydançalar mənim xoşuma gəlmir.

– Millətlər Liqasında Azərbaycan yığmasının qarşısına hansı vəzifə qoyulub?

– Bacardığımız qədər irəli getmək.

– Sizcə, qrupumuzun favoriti hansı komandadır?

– Slovakiya millisi.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir