Bakının ev sahibliyi etdiyi möhtəşəm festival, orada yaşananlar və təəssürat – REPORTAJ + FOTO

Cəmiyyət

Mayın 26-dan Bakı möhtəşəm festivala ev sahibliyi etdi. Dörd gün davam “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı artıq başa çatıb. 

Festival haqqında qısa xatırlatma

2018-ci ildən bəri Türkiyədə keçirilən festival ilk dəfə qardaş ölkənin sərhədlərindən kənarda, daha dəqiq desək, Azərbaycanın paytaxtı Bakıda baş tutdu.

Tədbir Türkiyə Teknoloji Takımı Vəqfi (T3 Vakfı), Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Sərgi pavilyonlarında Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ həllər və layihələri nümayiş olunub. Festivalın məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaq, onların bilik və bacarıqlarının üzə çıxarılmasına yardımçı olmaqdan ibarətdir.

Festivalda 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Tədbirin sonunda qalib startapçılar mükafatlandırılıb.

Festivalın özəl qonaqları

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkənin birinci xanımları, dövlət və hökumət nümayəndələri festivalın keçirildiyi əraziyə gəliblər. Dövlət başçıları festivalda çıxış ediblər. 

Tədbirdə həmçinin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar, dünya şöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Səncər çıxış edib.

Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu.

Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və professor Əziz Səncər təqdim etdi.

Dövlət başçılarına və Əziz Səncərə “TEKNOFEST Azərbaycan” festivalının xatirə hədiyyələri təqdim olundu. 

Mərasimdən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış oldular. 

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri oldu.

Prezidentlər, birinci xanımlar, qardaş ölkələrin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu izlədilər.

Aviaşou demişkən…

Dörd gün ərzində festival iştirakçıları müxtəlif şouların şahidi oldular. Hava şousu, lazer şou, su şousu və sair maraqlı nömrələr maraqla qarşılanıb. 

Ən gözlənilən və eyni zamanda qürur hissi yaşadan an isə festival çərçivəsində baş tutan aviaşoular olub. 

Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəskəsən aviaşou təqdim ediblər. 

Milli şahinlərimiz qardaş Türkiyənin pilotları ilə yanaşı mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib tamaşaçıları riqqətə gətiriblər.

Axşam saatlarında isə izləyicilər möhtəşəm konsert proqramının və lazer şounun şahidi olublar. 

Bir sözlə dörd gün ərzində təşkilatçılar festival məkanını ziyarət edənləri darıxmağa qoymayıblar. Foto çəkdirən kim, müxtəlif yarışlara qatılan kim, qazonun üzərində əyləşərək aviaşounu izləyərək heyrətini aydın şəkildə büruzə verən kim, pavilyonlara yaxınlaşaraq maraqlı məlumatlar alan kim… 

Bir sözlə, festival hər kəsin zövqünü oxşamaqla baş tutdu.

Samir İsayev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir