Azərbaycanla Türkiyənin dostluq əlaqələrin qədim tarixi vardır.Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub.Biz həmişə Türkiyənin bütün uğurlarına sevinmişik, nailiyyətləri ilə fəxr etmişik, qürur hissi keçirmişik.O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.
Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi.Eyni zamanda bu davranış, bütün dünyaya bir mesaj oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olacağından xəbər verir.
Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu.
Azərbaycan –Türkiyə münasibətləri bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Təsadüfi deyildir ki, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əsas hədəfimizdir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Qardaş ölkə ilə birlikdə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi edilməsi dediklərimizin əyani sübutudur.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Prezidentlikləri dövründə daha yüksək səviyəyə qalxıb. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənəyə səbəb olur. Belə səfərlər iki dost-qardaş ölkənin bütün sahələr üzrə əməkdaşlığını daha da möhkəmləndirir. Bu önəmli səfərlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə getməsi oldu. Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak edən ölkə liderləri, iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin işıqlı gələcəyini bütün dünyaya bir daha nümayiş etdirdilər. Ümumiyyətlə, iki ölkə liderlərinin qarşılıqlı səfərlərinin hər zaman yüksək əhval-ruhiyyədə keçməsi, xalqlar arasında sıx bağlılığın bərqərar olmasının göstəricisidir. Prezidentlərin təkbətək görüşü zamanı iki ölkə arasında siyasi, iqtisadi məsələlər, eləcə də regionda Türkiyə-Azərbaycan əməkdaşlığının gələcək perspektivləri barəsində geniş müzakirələr aparıldı. Bu səfər Türk dünyası üçün fərəhləndirici və olduqca qürürlandırıcı bir abu-hava yaratdı.
Bölgədə sülhün, əminamanlığın simvoluna çevrilən Azərbaycan-Türkiyə münasibətləri, eləcə də dini bir, dili bir olan qardaş xalqların yaxınlaşması iki ölkə arasında sarsılmaz birliyin yaranmasının sübutudur.Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır.
İnanırıq ki, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü
www.102info.az
