Azərbaycanın öz hərbi qüvvələrini gücləndirməsi müharibə istədiyi anlamına gəlmir – DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Siyasət

“Müharibədən öncəki dövrdə Qarabağı sülh yolu ilə almaq gümanımız var idi. Təəssüf ki, bu məsələ düzgün qiymətləndirilmədi. Bu baxımdan Ulu Öndərin uzaqgörən siyasətinin bir nümunəsi də Xüsusi Təyinatlı Qüvvələrin yaradılması olub. Ulu Öndər bilirdi ki, nə qədər sülh danışıqları aparılsa da, onlara etibar etməməliyik. Ona görə bu məsələnin uzun müddət davam edəcəyini bilərək 1999-cu il aprel ayının 30-da belə bir qurumun yaradılması ilə bağlı fərman imzaladı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, qısa zamanda onların maddi texniki bazasının gücləndirilməsi istiqamətində, psixoloji, hərbi hazırlığının yüksək səviyyədə aparılması üçün dövlət tərəfindən lazım olan hər şey edilib: “Biz bunun ən yaxşı nəticəsini 2016-cı ildə baş vermiş Aprel döyüşlərində gördük. Ordumuz düşmənə sübut etdi ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə geri ala bilər. Lakin Ermənistan tərəf bunu lazımi səviyyədə qiymətləndirmədi”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23 ili münasibətilə aprel ayının 30-da N saylı hərbi hissədə görüş keçirib. “Bu görüşdə Prezident müharibədən öncəki, müharibə və müharibədən sonrakı dövrlər barədə öz fikirlərini və tövsiyələrini bildirib. Bu çıxışlardan sonra hər birimizdə əminlik yarandı ki, artıq Azərbaycan dövləti ordu quruculuğu istiqamətində daha önəmli addımlar atır.

Prezident İlham Əliyev çıxışında hər dəfə səfər edən zaman əsgərlərimizin Şuşanı necə keçdiyini düşündüyünü söyləyib. Çünki Şuşa coğrafi baxımdan sərt sıldırım qayalarla əhatə olunmuş ərazidir. Buna görə də cənab Prezident onların döyüşdə qəhrəmancasına fəaliyyətini yüksək dəyərləndirdiyini bildirib. Eyni zamanda, Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bir vaxtlar Qarabağın Ermənistan ərazisi olduğunu qeyd edən ermənilər, bugünkü gündə “Qarabağ Azərbaycandır” deyir. Bütün bunlar sülh danışıqları ilə deyil, güc hesabına baş verib. Azərbaycan dövləti müharibədən sonra da ordunun güclənməsi və inkişafı üçün lazımi tədbirlər həyata keçirir.

Müharibədən öncə ermənilər belə bir ifadə də işlətmişdi ki, qısa bir müddətdə Ermənistan tankları Bakıya çatacaq. Cənab Prezident də Qənimətlər parkını yaradaraq erməni silah-sursatlarını və texnikasını orda yerləşdirdi.

44 gün müharibə müddətində Azərbaycan ordusunun 300-ə yaxın şəhər və kəndinin azad etməsi böyük bir qəhrəmanlıqdır. Bu Zəfər Qələbəsinin əldə olunmasında Xüsusi Təyinatlı Qüvvələrin əvəzedilməz rolu olub. Cənab Prezident dünyada hazırkı vəziyyəti, ermənilərin bugünkü gündə belə ərazi iddialarını önə sürməsini nəzərə alaraq Xüsusi Təyinatlı Qüvvələrin gələcək fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını verib. O, eyni zamanda bildirib ki, Azərbaycanın öz hərbi hissələrini gücləndirməsi müharibə istədiyi anlamına gəlmir. Azərbaycan hər zaman öz mövqeyini bildirərək münaqişənin sülh yolu ilə həllinə çalışıb. Amma Azərbaycan heç vaxt ayıq-sayıqlığını əldən buraxmamalı, mənfur düşmənlə qarşı-qarşıya olduğunu unutmamalıdır. Ona görə ordu quruculuğu istiqamətində lazımlı tədbirlər həyata keçirilməlidir”.

Müəllif: Ləman Əlizadə

Aqil Məmmədov Milli Məclisin Deputatı

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir