Azərbaycanda ilk dəfə lavanda festivalı keçiriləcək – FOTO

Cəmiyyət

Mayın 31-də Qəbələdə Azərbaycanda ilk dəfə lavanda festivalının açılışı olacaq. 

Festival iyunun 30-dək davam edəcək. 

Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin dəstəyi ilə “THE BEST CHOICE” tərəfindən təşkil olunur.

Bir qayda olaraq, ən parlaq lavanda festivalları Fransa, İtaliya və Macarıstanda keçirilir. İndi doğma Azərbaycanda da lavanda tarlaları var.

Ziyarətçilər lavanda tarlasının ortasındakı xüsusi hazırlanmış məkanda, yeddimetrlik yelləncəklər və hippi stilindəki avtobuslarda şəkil çəkdirə, həmçinin lavanda çiçəklərinin ləçəklərindən  hazırlanmış məhsullar (yağ, bal, skrablar, antiseptik…) ala bilər, həmçinin yerli müəssisələrin məhsul və xidmətləri ilə tanış ola bilərlər.

Festivalı kim ziyarət edə bilər?

Hər kəs festivalı ziyarət edə bilər. Açılış günü giriş pulsuzdur, sonrakı günlərdə isə böyüklər üçün beş manat təşkil edəcək. On yaşdan kiçik uşaqlar üçün giriş pulsuz olacaq.

Harada yerləşir?

Məkan Qəbələ hava limanının yaxınlığında, Çuxur-Qəbələ və Şamlı kəndləri arasında yerləşir.

Tədbirin təşkilatçılarından biri, “THE BEST CHOICE” şirkətinin sahibi və direktoru Elbrus Əhmədov Media.Az-a qarşıdan gələn festivalın təfərrüatı barədə danışıb.

“Məsələn, yelləncəklərdən istifadə etmək istəyən ziyarətçilər bir neçə dəqiqə üçün əlavə bir manat ödəməli olacaqlar. Biz bu simvolik məbləği vaxt məhdudiyyəti təyin etmək və bununla da ziyarətçilərin rahatlığını təmin etmək üçün müəyyən etdik. Yelləncəklərdə növbələrin olmasını istəməzdim, çünki çoxları mütləq şəkil çəkdirmək həvəsinə düşəcək”, – deyə Elbrus Əhmədov qeyd edib.

Onun sözlərinə görə, festivalda fud-kortun təşkili nəzərdə tutulmayıb. Ancaq qonaqlar özləri ilə yemək gətirə bilərlər. İçkilərdən yalnız su satılacaq. Bundan əlavə, iki ayaqyolu və fotosessiya üçün paltar dəyişmək istəyənlərə də qapalı sahə olacaq.

Məhsul və ya xidmətlərini qarşıdan gələn tədbirdə təqdim etmək istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etməlidirlər.

Elbrus Əhmədov qeyd edir ki, “THE BEST CHOICE” MMC Azərbaycanda yeganə şirkətdir ki, lavandanın kütləvi becərilməsi və ondan xaricə satış üçün məhsul istehsalı ilə məşğuldur.

“2018-ci ildə Bolqarıstandan lavanda toxumu alıb, 30 hektar sahədə əkdik. Bundan əlavə, çiçək ləçəklərindən “Essenso” markası altında məhsullar istehsal etməyə başladıq. Hazırda tinglərin yetişdirilməsi, satışı və ixracı ilə də məşğuluq. Qəbələdəki lavanda tarlamızla yanaşı, Zaqatala və Şəkidə də lavanda sahələri var”.

Təşkilatçıların söz verdiyi kimi, festival hər il keçiriləcək. 2023-cü ildə bu layihə çərçivəsində canlı musiqi konsertinin təşkili də planlaşdırılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir