Artıq iki aydır ki, Rusiyanın Ukraynada apardığı müharibə nəinki ölkədaxili, bəşəri fəlakətlərə yol açıb. Bu, şəhərlərdə kütləvi insan tələfatından tutmuş dünyaya qaçqın axını, ərzaq böhranına qədər faciələri əhatə edir. Ukrayna kimi ərazicə nəhəng bir ölkəni bürümüş müharibədə ordu ilə yanaşı, könüllülər də ukraynalıların müqəddəratında ciddi rol oynayırlar.
Əsasən gənclərdən ibarət və fondlar üzrə yaranan bu hərəkat xüsusilə mülki əhaliyə və yaralılara humanitar yardımın çatdırılmasında, döyüş bölgələrində mülki insanların təxliyəsində əsas rol oynayır. Onlar arasında azərbaycanlılar da var.
1994-cü ildən Ukraynada yaşayan Cəlal Hüseynovun sözlərinə görə, dostları ilə birgə qısa müddət ərzində könüllü kimi humanitar yardım təşkil edə biliblər.
“Bu yardım yerli hakimiyyət orqanlarından aldığımız məlumatlar əsasında formalaşan tələbə uyğun olaraq təşkil edilir”, – deyə o əlavə edib.
“Hazırda tənha analara, valideynlərini itirmiş uşaqlara, harada yaşamalarından və ya sosial statusa malik olmalarından asılı olmayaraq, ehtiyacı olan hər kəsə kömək edirik. Dərman vasitələri, ərzaq məhsulları toplayırıq. Bu yaxınlarda Çerniqov vilayətinin kəndlərinə humanitar və tibii yardım çatdırmışıq. Çünki, həqiqətən də, Çerniqovun apteklərində ağrıkəsici dərman belə, tapmaq çətin idi”, – deyə digər könüllü Lesya Yakalçuk deyib.
Onu da qeyd edək ki, könüllülər də daha çox atəşə məruz qalaraq həlak olanlar sırasında olurlar. Belə ki, bu günlərdə təkcə Xarkov şəhərində humanitar yardım çatdıran 10-a qədər könüllü Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində həlak olub.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az
