Şəhriyar Məmmədyarov Qran-pri ilə vidalaşdı

İdman

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinin III mərhələsinin yarımfinalında tay-breyk görüşləri keçirib.

37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.

İlk görüşdə qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub.

Revanş matçında isə 34-cü gedişdə təslim olan Şəhriyar turnirlə vidalaşıb.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir