Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ölkədaxili və xarici çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qalıb

Siyasət

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi. Müşavirə zamanı Prezident İlham Əliyev son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim edib.
Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və düşünülmüş siyasət nəticəsində aparıcı beynəlxalq təşkilatlar, dünya və region ölkələri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edirlər.Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki “Böyük qayıdış”, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirib.
Prezident BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu, özlüyündə, şübhəsiz ki, Azərbaycanın xarici siyasətinin müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir .
Pezident İlham Əliyev çıxışı zamanı bir çox məsələlərə toxunmuşdur və eyni zamanda bildirmişdir ki, “Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ölkəmizdə 2022-ci ilin 1-ci rübündə:

– Ümumi Daxili Məhsul(ÜDM) 6.8% artıb
– Qeyri-neft sektoru 10%-dən çox artıb
– İxrac 2 dəfə artaraq idxaldan 5.1 mlrd dollar artıq olub
– Qeyri-neft ixracı 45% artıb
– Xarici ticarət dövriyyəsi 60%-dən çox artıb
– Xarici dövlət borcu ÜDM-in 12.5%-nə qədər azalıb
– Dövlət büdcəsinin gəlirləri proqnozdan 6.3% (418 mln manat) artıq icra edilib
– Dövlət Büdcəsi xərclərinin icrası isə 99% təşkil etmişdir
– Əhalinin gəlirləri 20% artıb
– Ərzaq inflyasiyası 17%, ümumi inflyasiya isə 12% olub.

Ümumi daxili məhsul 6,8 faiz artıb. Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır.”
İlin 1-ci rübünün bu nəticələrlə yekunlaşması 2022-ci ilin ölkə iqtisadiyyatının inkişafında mühüm il olacağından xəbər verir. Dövlət başçısının rəhbərliyi ilə aparlıan sosial-iqtisadi islahatlar iqtisadi inkişaf üçün mühüm şərait yaratmaqdadır.
Prezident müşavirədə çıxışında milli yaddaşımızla bağlı tarixi çağırış edib.
Həmin çağırış bu gün və gələcək üçün də olduqca vacibdir. Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstdə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq Hadrutda yaradılan Komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkərək Azərbaycan Ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi. Əslində bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət vermiş oldu. Prezident İlham Əliyev: “Ordumuz professional hərbi kadrlardan komplektləşdirilərək Türkiyə ordusu modelində güclü bir ordu olacaq”.
Prezidentin toxunduğu növbəti blokda isə postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətləri öz əksini tapdı ki, bu da regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edirdi. Növbəti istiqamət isə regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi dərhal yerinə yetirməsi ilə bağlı idi.Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa, yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın bəndlərindən birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ölkədaxili və xarici çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qalıb.

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir