Kubra Məhərrəmova yazır…
3 aprel, gecə saatlarında Bakının mərkəzində Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verdi. Partlayış nəticəsində bir nəfərin öldüyü (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) deyilir.
37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onlardan dördünün vəziyyəti çox ağır olaraq qiymətləndirilir. Bundan əlavə 14 avtomobil, bir mənzil və iki qeyri yaşayış obyektinə də ziyan dəyib.
Hadisənin başvermə səbəbi isə propan qaz balonunun partlaması göstərilir. Bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev öz “Facebook” səhifəsində qeyd edib.
Hadisənin qısa xülasəsi budur.
Təbii ki, bir sıra suallar yaranır. Niyə gecə klubunda qaz balonundan istifadə olunub? Əgər qanunsuz istifadə olubsa, niyə müvafiq orqanlar tərəfindən yoxlanılmayıb?
Əgər yoxlanılıbsa, niyə gecə klubunun sahibi tərəfindən yerinə yetirilməyib?
Niyə gecə klubunun ehtiyat yanğın çıxışı, yanğınsöndürmə balonları olmayıb?
Mənə maraqlıdır ki, hadisə nəticəsində həyatını itirən adamın yaxınlarına kompensasiya ödəniləcək ya yox?
Hadisə nəticəsində sağlamlığını itirənlər necə? Bəs əmlakına ziyan dəyənlər necə olacaq? Yenə illərlə məhkəmələrdə süründürəcəklər milləti?
Məsələ araşdırılana qədər şərh verməkdən bir müddət çəkinərək ümid etmək istərdim ki, yenə də insan ölümü ilə sonlanan bu faciəyə görə hansısa “jek müdiri” həbs olunmayacaq.
Çünki bəllidir ki, evdə divara bir mıx çalanda bütün müvafiq orqanların nümayəndələri gəlir ki, “xanım evinizdə divara vurduğunuz bu mismar normativ qaydalara uyğun deyil”.
O ki, qala Bakının mərkəzində “obyekt” işlədəsən və ora FHN-in nümayəndələri gəlib-getməyə. Gözləyək görək bu dəfə “qaz balonunun” altından kimlər və nələr çıxacaq.
Bu məsələnin hüquqi tərəfi idi. İndi gəlirəm məsələnin mənəvi tərəfinə.
Hadisə baş verən kimi sosial şəbəkələrdə Allaha min şükür olsun ki, yenə xalqımızın gözəl nümayəndələri üzə çıxdı. Xeyli sayda insan hadisə nəticəsində ziyan çəkmiş, canı yanmış insanlara acıq verdi. Yekə-yekə kişilər, arvadlar yazdı ki, “belə əcəb olub onlara, Ramazan ayında kluba gedənə yaxşı olub”. Və yüzlərlə təhqiredici şərhlər yazıldı. Həmin insanların şəxsiyyəti alçaldıldı.
İki günlük sosial şəbəkədə etdiyim monitorinq mənə əsaslı şəkildə əmin olmağa imkan verir ki, bu kütlə potensial qatildir. Öz xəstə düşüncələrini Allahın adıyla gizlədirlər.
Çünki heç bir müsəlman kimsənin canının yanmasına sevinməz. Heç bir normal mənəviyyatı olan adam bir kimsənin ölməsinə sevinməz.
Amma bizim xalqın gözəl nümayəndələri sevinir və bundan həzz alır. Görünür həyatda başqa heç nədən həzz ala bilmədikləri üçün belədir. Kütləvi paxıllıq və psixoz bu insanların əsl simasını ortaya qoydu. Əfsuslar olsun ki, bizim cəmiyyətin kifayət qədər böyük hissəsi məntiq və sağlam düşüncədən uzaqdır.
Və burada düşünürsən ki, bir adam ki, bətnində olan körpəni cinsinə görə tələf edir. Bir adam ki, 15 yaşında qız uşağını ərə verib, özündən 10-15 yaş böyük adamla yaşamağa vadar edir. Onun hansı mənəvi tərəflərindən danışmaq olar?!
Bir adam ki, təhsildən, kitabdan uzaq qaça onun hansı dünyəvi düşüncəsi olacaq ki?
Elə məhəllədə özü kimi savadsız olan “molla bacıların” ya da “molla əmilərin” dediyi ilə oturub duracaq. Savadsız-savadsıza qarışacaq, xurafat göydə rəqs edəcək.
Hərdən mənə elə gəlir ki, mən cəhənnəmdə tək olacağam. Çünki Azərbaycanda yaşayanların hamısı müqəddəs insanlardır. Onlar bütün günahlarda hamını ittiham edərək günahkar bəndələri düz yola dəvət edirlər.
Amma gedib özlərini araşdırsaq görərik ki, insanları ittiham edənlərin əksəriyyətinin qızı-arvadı ərəblərlə “tərcüməçi” işləyir, ya da 16 yaşında qızını hansısa “həci”nin himayəsinə buraxıb. Amma hamısı da namus-qeyrətdən dəm vurur. Hamısı “vorzakon” söhbəti aparır. Hamısı da dinşünasdır. Hamısı oruc tutub, namaz qılır. Hamısı da altdan İrandan gələn narkotiklərlə “Nirvanaya” ucalır.
www.102info.az
