Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət özəl sektorun intensiv inkişafını təmin etməklə sahibkarlığı iqtisadi həyatın prioritet istiqamətlərindən birinə çevirib. Dövlət sahibkarlara davamlı və hərtərəfli dəstək göstərir, iqtisadiyyatda, qeyri-neft sektorunun şaxələndirilməsində biznesin çəkisinin, rolunun və təşəbbüslərinin artması üçün sistemli tədbirlər görülür.
Oxu.Az məlumatına görə, Azərbaycanda ixracın və istehsalın stimullaşdırılması istiqamətində qəbul olunmuş qərarlar, dövlət proqramları innovativ əsaslara söykənən qeyri-neft iqtisadiyyatının formalaşmasında özəl sektorun rolunun güclənməsinə xidmət edir.
Biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, dövlət-sahibkar münasibətləri inkişaf etdirilir.
Qeyd etmək lazımdır ki, pandemiya dövlətin özəl sektorun qorunması sahəsində həyata keçirilən tədbirlərin özünü doğrultması baxımından həm də uğurlu sınaq dövrü oldu. Belə ki, pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və özəl sektora mənfi təsirlərinin azaldılması ilə bağlı ilk günlərdən dövlət orqanları qarşısında ciddi vəzifələr qoyuldu, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin dəstəklənməsini əhatə edən çoxşaxəli tədbirlər görüldü, maliyyə-iqtisadi dəstək proqramları tətbiq edildi.
Bütün bunlar isə ölkədə iqtisadiyyatın, o cümlədən biznesin fəallığının qorunub saxlanılmasını təmin edə bildi. Pandemiyanın təsirlərinin minimallaşdırılması məqsədilə görülmüş işlər, iqtisadiyyatın bərpası və inkişafı üçün həyata keçirilən tədbirlər sayəsində ölkə iqtisadiyyatı 2021-ci ili 5,6 faizlik artımla başa vurdu.
Hazırda ölkədə sahibkarlıq subyektlərinin kəmiyyət və keyfiyyət göstəriciləri ardıcıl artmaqda davam edir. Xüsusilə də iqtisadi inkişafda əsas faktorlardan biri olan kiçik və orta biznesin (KOB) ölkəmizdə fəaliyyəti intensiv şəkildə genişlənir. Bu gün ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır.
Bununla belə, kiçik və orta biznesin (KOB) sürətli inkişafı qarşıda duran əsas məsələlərdəndir. KOB-ların ÜDM-də və ixracda payının artırılmasına, gündəlik istehlak malları ilə təminatın əsasən kiçik və orta sahibkarlıq subyektləri vasitəsilə həyata keçirilməsinə nail olunmalıdır. Bunun üçün KOB-ların iqtisadiyyatda rolu və rəqabət qabiliyyəti, xüsusilə də yeni trendlərə uyğun bilik və bacarıqları artırılmalı, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində təşviq və dəstək mexanizmlərinin səmərəliliyi, rəqəmsallaşma səviyyəsi yüksəldilməlidir.
Mətbuatdan məlum olduğu kimi, hazırda bu istiqamətdə ciddi tədbirlər görülür. Biznesin güzəştli maliyyələşdirilməsi 30-dan çox şəhər və rayonda sahibkarlara yerində xidmət göstərən “KOB dostu” ofislərinin, biznes biliklərinin artırılmasına dəstək olan 20-dən artıq KOB İnkişaf Mərkəzinin, sahibkarlara vahid məkanda xidməti təmin edən “KOB evləri”nin fəaliyyəti, KOB-lara təhsil, elm, tədqiqat və dəstək sahələrində qrantın verilməsi, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılmasına, ticarət şəbəkələrinə çıxışa dəstək göstərilməsi buna misal ola bilər.
Sahibkarlığın inkişafına əsaslı zəmin yaradan amillərdən biri də ölkədə sənaye zonalarının fəaliyyətidir. Sənaye zonalarının təşkili qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və inklüziv iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. Belə ki, sənaye zonalarında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün dövlət tərəfindən zəruri infrastruktur yaradılır, səmərəli işin təşkili üçün müxtəlif xidmətlər göstərilir.
Hazırda ölkəmizdə 7 – Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir. Bununla yanaşı, ölkədə Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri mövcuddur.
Qeyd edilənlərdən əlavə, işğaldan azad edilmiş ərazilərimiz özəl sektorun inkişafına əlavə imkanlar açır. Yerli və xarici investorlar azad edilmiş ərazilərimizə böyük maraq göstərirlər. İndiyədək İqtisadiyyat Nazirliyinə bu ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlardan investisiyayönümlü və infrastruktur layihələrində iştirakla bağlı 1100-dən çox layihə təqdim olunub.
Göründüyü kimi, yeni dövrdə ölkənin iqtisadi strategiyasının reallaşması, həmçinin işğaldan azad edilmiş ərazilərimizə “böyük qayıdış”ın təmin olunması biznes mühitində ciddi dəyişikliklərə səbəb olacaq. İqtisadi artım yeni keyfiyyət bazasına əsaslanacaq. Real sektorun və sahibkarlığın maliyyə xidmət və resurslarına çıxış imkanları genişləndiriləcək, özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni stimullar hesabına sürətlənəcək, özəl və xarici investorların fəallığı artacaq. Bu istiqamətdə reallaşdırılması nəzərdə tutulan tədbirlər barədə məlumatlar da bunları deməyə əsas yaradır.
Bu günlərdə keçirilən “Sahibkarlar Günü”nə həsr olunmuş tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, qarşıdakı dövrdə sahibkarlığın stimullaşdırılması məqsədilə ölkəmizin biznes cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması, vergi və gömrük inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və s. sahələrdə tədbirlər reallaşdırılacaq. Bütün bunlar isə özəl sektorun iqtisadiyyatın “lokomotivi” kimi əhəmiyyətini daha da artıracaq, sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün yeni imkanlar yaradacaq.
www.102info.az
