Ömrün müdriklik zirvəsinə ucalan alim.

Təhsil


Əsrarəngiz gözəlliklər diyarı olan Kəlbəcərdə elm-sənət xadimləri az yetişməyib. Ulu Öndər Heydər Əliyev 1996-cı ildə kəlbəcərli ziyalılarla görüşündə bir daha bunu xatırladaraq demişdir: “…Kəlbəcərdə yaşayan insanlar da o gözəl təbiətin, məğrur qayaların, dağların təsiri altında daim cəsur olublar. Eyni zamanda zəkalı olublar, elmə, biliyə, mədəniyyətə həmişə çox böyük maraq göstəriblər. Ona görə də Azərbaycanın ucqar və dağlıq rayonu olan Kəlbəcərdə, eyni zamanda, həmişə yüksək mədəniyyət və yüksək mənəviyyat olmuşdur. Təbiidir ki, Kəlbəcər rayonundan çıxmış adamlar – kəlbəcərlilər Azərbaycanın hər yerində, xüsusən, Bakıda ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında özlərinə məxsus görkəmli yer tutmuşlar və ölkəmizin inkişafında öz xidmətlərini göstərmişlər…”
Bu torpağın yetişdirdiyi elm adamları var ki, onlar nəinki Azəraycanda, bütün dünyada yaxşı tanınırlar. Elmə verdikləri töhfələrlə dünyada şöhrət qazanmış, əslən Kəlbəcərdən olan görkəmli ziyalı, Əməkdar elm xadimi, professor, tanınmış təhsil eksperti Şahlar Əsgərov da belələrindən biridir. O, indi ömrünün 80-ci ilini yaşayır.
Bu yubileyə ən böyük töhfə isə pofessor üçün doğulduğu Kəlbəcərin 28 illik işğalından sonra azadlığına qovuşmasıdır.
1990-cı ildə yaratdığı “Amorf təbəqələri” elmi tədqiqat laboratoriyasının rəhbəri olan elm xadimi əvvəllər bu ali təhsil ocağında müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogika üzrə apardığı tədqiqatlar Şahlar Əsgərovun növbəti uğurlu fəaliyyətidir. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş “Keçid dövrünə fəlsəfi baxış” (1998), “Milli birlik probleminə fəlsəfi baxış” (2001), “Təhsilimiz dünən, bu gün və sabah” (2003), “Düşüncə tərzi” (2008) və digər kitabları yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

“Hikmət məclisi” – müdriklik mücəssəməsi

200-dən çox elmi, 700-dən artıq publisistik məqalə, 15-dək kitab, 3 monoqrafiya professorun Azərbaycan elminə verdiyi töhfələrdəndir. Alimin nümizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində də ixtira və patentləri az deyil.
Şahlar Əsgərov 1995-2000 və 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub, 2000-2005-ci illərdə bu ali qanunvericilik orqanında Elm və təhsil məsələləri daimi komissiyasının sədri vəzifəsini layiqincə daşıyıb.
Professor Şahlar Əsgərovun elmdə və təhsildə, eləcə də ictimai fəaliyyətdə göstərdiyi xidmətləri dövlət tərəfindən qiymətləndirilib: 1999-cu ildı “Şöhrət” ordeni ilə təltif edilib, 2001-ci ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Bir sira beynəlxalq akademiyaların (RAE, ASPN) üzvü olan professor hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri vəzifəsini daşıyır. Səmərəli elmi fəaliyyəti ilə diqqəti cəlb edən alimin “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları da yeni çapdan buraxılıb.

Mürəkkəb nəzəriyyə və novatorluq

Professor Şahlar Əsgərov həyatda məqsədlərinə halal zəhmətlə, işgüzarlıqla çatıb. Yorulmaz tədqiqatları ilə elmdə layiq olduğu zirvəyə yetişib. Alimin bu gün də – ömrünün səksəninci ilində gənc tədqiqatçı şövqü ilə yaratmaq, virtual məkanın hüdudsuz imkanlarından bəhrələnmək səyləri onu tanıyanlarda heyranlıq yaradır.
O, Kəlbəcərdə 1941-ci ilin iyun ayında dünyaya göz açıb. Çox erkən yaşlarından mehrini məhz təbiət elmlərinə salıb. Orta məktəbi əla qiymətlərlə bitirib. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə qəbul olub. 1964-1967-ci illərdə təhsil aldığı universitetin əyani aspirantı kimi Leninqrad (indiki Sankt-Peterburq) Sabit Cərəyan İnstitutunda elmi işi üzərində çalışıb.
Aspiranturanı bitirdikdən sonra ömür yolunu doğma universitetə bağlayan Şahlar Əsgərov əmək fəaliyyətinə burada müəllimliklə başlayıb. 1970-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. Tədqiqatlarını uğurla davam etdirən Ş.Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

(Ardı var)
Məhəmməd NƏRİMANOĞLU,
Namiq DƏLİDAĞLI,
“Dəlidağ.az” saytı

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir