Füzuli, 6 aprel, AZƏRTAC
“Ekoloji İnformasiya” İctimai Birliyi Füzuli rayonu sakinləri üçün ekoturizm mövzusunda seminar təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağ iqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyələrinin hazırlanması” layihəsi haqqında məlumat verib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında müzəffər ordumuz 44 gün ərzində düşmən üzərində Qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. İndi erməni vandalizminin qurbanı olmuş şəhər və kəndlərimizdə quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Qarabağın sürətlə inkişafı bölgənin əvvəlki şöhrətinin yenidən özünə qaytarılması deməkdir. Nadir təbiət mənzərələri, səfalı yerləri, təmiz havası, mineral tərkibli şirin suları ilə zəngin olan Qarabağ turistlərin də maraq dairəsindədir.
M.Muradlı “Qarabağ iqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyələrin hazırlanması” mövzusunun aktuallığını əsas götürməklə bölgədə ekoturizmin təşviqinə ehtiyac olduğunu nəzərə çatdırıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə meneceri Fuad Rzayev Agentliyin məqsəd və prinsipləri, ötən ilin qrant müsabiqəsində iştirak edən QHT-lərin sayı, qalib elan olunan layihələr haqqında məlumat verib.
“Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, layihənin eksperti Xosrov Musayev turizm, onun növləri, ekoturizm anlayışı barədə danışıb. Bildirib ki, Qarabağ iqtisadi rayonunda ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərdən biri də Qarabağ bölgəsində turizmin inkişafına nail olmaqdır. Bunun üçün artıq addımlar da atılır. Suqovuşanda turizm kompleksinin bünövrəsinin qoyulması bunun bariz nümunəsidir.
9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev turistlərdə xoş təəssürat yaratmaq üçün ətraf mühitin təmiz saxlanılmasının vacib olduğunu bildirib. Qeyd edib ki, bunun üçün hər kəs ekoloji məsuliyyəti yaddan çıxarmamalı, ətraf mühitin təmiz saxlanılmasında yaxından iştirak etməlidir.
Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Hüseyn Cavid və Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, layihənin əhəmiyyətini yüksək qiymətləndirib, keçirilən tədbir üçün layihənin işçi heyətinə təşəkkürlərini bildiriblər. Ayna.az

www.102info.az
