Ermənistan dövlətinin həyata keçirdiyi siyasi xəttin ikiüzlü mahiyyəti onun cəmiyyətinə də sirayət edib. Belə ki, Ermənistan dövləti kimi xalqı da öz himayədarını seçməkdə “çətinlik” çəkib.
Bunu ölkədə keçirilən sorğu nəticələri də özündə ehtiva edib.
“Ermənistan yol ayrıcında: oriyentasiya, prioritetlər və xarici siyasət gözləntiləri” başlıqlı sosial sorğu iştirakçılarının 34,1 faizi ölkələrinin təhlükəsizliyini NATO hərbi blokuna üzvlükdə görüb. Bu mövqeyə tamamilə əks fikri – KTMT-nin təhlükəsizlik çətiri altında olmağı isə 29,1 faiz respondent dəstəkləyib. Sorğuda iştirak edənlərin 26 faizi bu blokların heç birini təhlükəsizlik qarantı hesab etməyib, 10,7 faiz isə ümumiyyətlə bu anlayışlardan xəbərdar olmadıqlarını ifadə ediblər.
Ermənilərin himayədar axtarışındakı “qətiyyət”i iqtisadi məsələlərdə də üzə çıxıb.
46,1 faiz respondent ölkəsinin Avropa İttifaqına üzvlüyünü istədiyi halda, 28,7 faiz əks qütbə – Avrasiya İqtisadi Birliyinə meyilli olduğunu vurğulayıb. Sorğu iştirakçılarının 12,5 faizi hər iki quruma qarşı çıxdığı halda, 12,6 faizi ümumiyyətlə bu qurumlar barədə məlumatlı olmadığını vurğulayıb.
Erməni cəmiyyətində Rusiya və Qərb arasında seçimdə fikir ayrılıqları olsa da, bu seçimin nisbətən Qərbin xeyrinə dəyişdiyini müşahidə etmək olar. Görünür, Ermənistan dövləti kimi öz dövlətinin ikiüzlü siyasi xəttini mənimsəmiş əhali arasında da Qərbə yaltaqlanmaq həvəsi peyda olub.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 69,7 faizi Ermənistanın Rusiya Federasiyası ilə əlaqələrini məhdudlaşdırmalı, əksinə Aİ və ABŞ-la isə bu əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Yenidən Ermənistan dövləti və xalqının mövqeyi arasındakı bu ifrat uyğunluğa diqqət yetirsək, olduqca acınacaqlı bir mənzərənin şahidi ola bilərik. Çünki sorğunun ortaya qoyduğu mənzərə Ermənistan dövlətinin və əhalisinin aciz çırpınışlarını əks etdirir. Belə ki, istər rəsmi İrəvan, istərsə də sıravi ermənilər hər hansı bir himayə olmadan yaşamağın mümkün olmadığını düşünür və geosiyasi vəziyyətdən asılı olaraq asanlıqla Rusiya və Qərb arasındakı seçimini dəyişə bilir.
Ermənilərin bu seçimdə Rusiyanın Ukraynada başlatdığı müharibə də böyük rol oynayır. Hansı ki, üzdə bu müharibəyə Ermənistan açıq şəkildə dəstək verir, xalqı isə günaşırı İrəvandakı Rusiya səfirliyi qarşısında dəstək mitinqləri üçün küçələrə axışır. Ancaq arxa fonda bütün bunlar ölkədə keçirilən sosial sorğuda ermənilərin seçimində Qərb variantının üstünlük qazanmasına qətiyyən əngəl yaratmır. Bunun üçün tipik erməni riyakarlığına sahib olmaq kifayət edir.
Ermənistan dövləti Rusiyanın apardığı müharibəyə tam dəstək verdiyi halda Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar NATO ilə məsləhətləşmələr də tələb edərək ikiüzlülük nümayiş etdirə bilirsə, o zaman xalqının da Rusiya səfirliyinin qarşısında toplaşıb sonradan keçirilən sorğuda Qərbi seçməsi heç də təəccüblü doğurmur.
Orxan Tağıyev
www.102info.az
