Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 28-29 tarixlərində Göyçay Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının 84 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Daha sonra Göyçay Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Tədbirdə ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 143 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 44-ü Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.




www.102info.az
