Azərbaycan bütün Türk respublikaları ilə ikitərəfli və çoxvektorlu əlaqələr qurub. Ölkəmizin yerləşdiyi coğrafi ərazi, yaradılmış infrastruktur, iqtisadi inkişaf səviyyəsi, o cümlədən münbit investisiya mühiti imkan verir ki, həm region, həm də dünyanın yaxın uzaq ölkələri ilə milli maraqlarımıza cavab verən əlaqələr yaradaq. Azərbaycan-Qırğızı Respublikası münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması da bununla bağlıdır.
Azərbaycan Respublikası ilə Qırğız Respublikası münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar.
Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır, onlar milli adət-ənənələrimizin, mədəni irsimizin zənginləşməsində sanballı töhfə vermişlər. Hər iki ölkə keçmiş ittifaq dövründə də bir-biri ilə iqtisadi və mədəni sahədə çox yaxın olmuşdur.
Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulsa da, yaxın təmaslar olmayıb. İkitərəfli münasibətlərin genişlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi sayəsində ölkələrimiz arasında 25 il əvvəl Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl qoyub.
Ötən illərdə iki qardaş türk respublikası arasında münasibətlər qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində irəliləyib. Prezident İlham Əliyevin bu ölkəyə səfəri və eləcə də Qırğız Respublikasının dövlət və hökumət başçılarının Azərəbaycana qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə təkan verib.Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən rəsmi Bişkek həmişə ölkəmizin haqq səsinə səs verib. Qırğız Respublikası və Azərbaycan Respublikası bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğız Respublikası öz dəstəyini göstərib. Qırğız Respublikası Türk dövlətləri ilə birgə əməkdaşlıq formatında da fəal rol oynayır.Eyni zamanda Qırğız Respublikası Türkdilli Dövlət Başçılarının Zirvə görüşlərində Türk Birliyinin möhkəmlənməsinə xidmət edən səmərəli təşəbbüslər irəli sürüb.Bu gün dünyada baş verən dəyişikliklər iki ölkəyə də yeni reallıqlar fonunda münasibətləri daha da genişləndirmək, türk dəyərlərini əsas götürərək əsil sarsılmaz qardaşlıq ruhunda bir-birini sıx dəstəkləmək mühüm çağırışlardan biridir.
Aprelin 20-də Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevlə səmimi və faydalı siyasi dialoq mühitində keçən görüşü, ölkələr arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması yeni siyasi şəriatdə iki türk dövlətinin dərin və strateji münasibətlərini möhkəmləndirəcəkdir.Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, iki ölkənin münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyulub. Qırğız prezidentinin də qeyd etdiyi kimi hədəf artıq beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmləndirilməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Birgə bəyanatda qeyd olunan Dövlətlərarası Şuranın iki ölkə münasibətlərində müstəsna əhəmiyyəti olacaq. Şuranın iclaslarında ölkələr arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlar yaranacaq. Bu gün Qırğız Respublikasının prezidentinin bizim sahibkarları öz ölkəsinə dəvət etməsi Azərbaycanın iqtisadi sektorunda canlanmaya səbəb olar bilər və sahibkarlarımız üçün yeni bazarların yaranması üçün yeni imkanlar meydana çıxarar.
“Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”, – deyə dövlətimizin başçısı Qırğız Respublikasının Prezidenti ilə görüş zamanı vurğulayıb.
Azərbaycanın qədim Şuşa şəhərinin gələn il
Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğız Respublikasının dəstəklədiyini vurğulayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim aramızda əsl qardaşlıq var, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar quracağıq.
Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü
www.102info.az
